18 oktyabr 2017 20:39
409

İpoteka Fondu 25 milyon manatlıq istiqraz yerləşdirir

Oktyabrın 20-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin 25 milyon manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Fonddan AZƏRTAC-a bildiriblər ki, istiqrazlar 1 003,50 manat qiyməti ilə satışa çıxarılacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti avqustun 16-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirilmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.