18 oktyabr 2017 22:52
453

Sınaq təcrübə stansiyalarında nümunəvi əkinlər zamanı ABŞ-ın təcrübəsi tətbiq oluna bilər

Oktyabrın 18-də Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ABŞ-ın “Argus Limited USA”, “Lindsay” və “WCC International” şirkətlərinin nümayəndələri ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə ABŞ şirkətləri arasında kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivləri müzakirə olub.

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dinamik inkişaf etdiyini deyən nazir müavini ABŞ hökuməti tərəfindən Zona Baytarlıq laboratoriyalarının müasir avadanlıqlarla təmin edildiyini, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Birləşmiş Ştatların İllinoys ştatının İllinoys Universiteti ilə sıx əlaqələrinin olduğunu bildirib.

S.Talıbov ABŞ-ın “John Deere” şirkəti ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, ADAU-da şirkətin fəaliyyəti üçün xüsusi otaqların ayrıldığını, servis xidmətinin yaradıldığını, texnika üçün kadr hazırlığı və kadrların təcrübə keçməsi üçün şirkət tərəfindən dəstək verildiyini qeyd edib. Həmçinin “John Deere” şirkətinin istehsal etdiyi kombaynlar yüksək qiymətləndirilib, gələcəkdə də bu şirkətlə əməkdaşlığa önəm veriləcəyi vurğulanıb.

Strateji Yol Xəritəsində nəzərdə tutulmuş əsas hədəflər barədə məlumat verən nazir müavini şoran torpaqların dövriyyəyə qaytarılması, orqanik məhsulların istehsalı, o cümlədən ABŞ təcrübəsindən istifadə etməklə nazirliyin bölgələrdəki sınaq təcrübə stansiyalarında nümunəvi əkinlərin həyata keçirilməsi və fermerlərə nümayiş etdirilməsini məqsədəmüvafiq hesab edib.

Şirkət rəhbərləri Azərbaycanda orqanik məhsulların yetişdirilməsi üçün ölkədə potensial imkanların olduğunu, suvarma sistemlərinin yaradılmasında maraqlarını ifadə ediblər.

Sonra qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.