15 dekabr 2017 19:31
580

Vüsal Qasımlı: Azərbaycan Avrasiya regionunda rəqəmsallaşma sahəsində lider ölkədir

Azərbaycan təkcə öz sərhədləri daxilində deyil, bütövlükdə Avrasiya regionunda rəqəmsallaşma sahəsində lider ölkədir.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı jurnalistlərə açıqlamasında deyib.

V.Qasımlı xatırladıb ki, Azərbaycan Dünya Bankının hesabatına görə İKT-nin inkişaf perspektivi üzrə dünyada ilk onluqdadır və bu o deməkdir ki, ölkədə İKT-nin inkişafı iqtisadiyyatın və səmərəliliyin artırılması, əhalinin sosial rifahının yaxşılaşdırılmasına öz müsbət töhfəsini verəcək.

Strateji Yol xəritələri çərçivəsində İKT-nin inkişafı ilə bağlı 2020-ci ilədək olan dövr üçün strateji hədəfə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 235 milyon manat artması və 1450 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Bu göstəricilərə nail olmaq üçün bütün müvafiq icra hakimiyyəti orqanları, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Strateji Yol xəritələri çərçivəsində nəzərdə tutulmuş islahatların həyata keçirilməsini təmin edir. Xüsusilə Strateji Yol xəritələri çərçivəsində idarəetmənin təkmilləşdirilməsi, tənzimləmə qurumunun yaradılması, bazarın liberallaşdırılması kimi istiqamətlər öz əksini tapıb. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində həm də ölkəyə böyük miqdarda investisiyanın cəlb edilməsi və ölkədə təhsilin, bank sektorunun, eləcə də sosial həyatın müxtəlif sahələrinin, idarəetmənin elektronlaşdırılması, rəqəmsallaşdırılması imkanları tətbiq ediləcək.

“Azərbaycanın yaratdığı “Rəqəmsal Ticarət Qovşağı” hazırda elektron imzaların qarşılıqlı tanınmasını həyata keçirir. Faktiki olaraq, Avropa İttifaqı, Böyük İpək Yolu üzərində olan ölkələr, GUAM-a üzv ölkələr, o cümlədən müsəlman ölkələrində imzaların qarşılıqlı tanınması istiqamətində nailiyyətlər əldə edilib. Bu onu göstərir ki, Azərbaycan təkcə öz sərhədləri daxilində deyil, bütövlükdə Avrasiya regionunda rəqəmsallaşma sahəsində lider ölkədir və liderliyini qorumaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı, sistemli, elmtutumlu islahatlar böyük töhfə verəcək”, - deyə Vüsal Qasımlı vurğulayıb.