15 dekabr 2017 19:53
584

Van iş adamları Azərbaycana investisiya yatırmaq niyyətindədir

Türkiyənin Van şəhərinin iş adamları Azərbaycana investisiya yatırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Van Ticarət və Sənaye Palatasının rəhbəri Necdet Takva Azərbaycan Türkiyə İş Adamları Birliyində (ATİB) keçirilən görüşdə deyib.

O bildirib ki, Azərbaycana səfərlərinin məqsədi buradakı iş şəraiti ilə tanış olmaq, biznes mühitini öyrənmək, Azərbaycan və Türkiyənin iş adamlarının birlikdə əməkdaşlığını daha da genişləndirməkdə rol oynamaqdır. Van iş adamları gələcəkdə Azərbaycana investisiya yatırmaq üçün imkanları araşdırır.

ATİB-in idarə heyətinin üzvü Rafiq Qarayev Azərbaycan haqqında qonaqlara qısa məlumat verib, hökumətin sahibkarlara yaratdığı əlverişli şərait barədə danışıb.

R.Qarayev bildirib ki, Vandan gələn iş adamları Azərbaycanda yaradılan sənaye məhəllələri ilə tanış olub, investisiya yatıra bilərlər. Həmçinin Azərbaycanda məhsul istehsal edərək qonşu ölkələrə ixrac etmək üçün də burada imkanlar çoxdur.

O qeyd edib ki, keçirilən görüş hər iki ölkənin iş adamlarının gələcək fəaliyyətinə müsbət təsir edəcək. Martın 15-dən aprelin 5-dək Van şəhərində keçiriləcək “Van Shopping Fest-2018”də ATİB olaraq iştirak edəcəklər.