15 dekabr 2017 22:23
725

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nda gələn ilin tədbirlər planı müzakirə olunub

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun ümumi yığıncağında 2018-ci il üçün nəzərdə tutulmuş tədbirlər planı müzakirə olunub.

Konsorsiumdan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi 2017-ci il sentyabrın 29-dan etibarən rəsmi dövlət qeydiyyatına alınıb. Qısa müddət ərzində beynəlxalq əlaqələrin qurulması və qlobal bazarın araşdırılması istiqamətində müxtəlif qitələrdən bir sıra ölkələrin yüksək ranqlı nümayəndələri ilə görüşlər keçirilib, Azərbaycanın innovativ məhsulları təqdim edilib, əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Daha sonra 2018-ci il üçün nəzərdə tutulmuş tədbirlər planı, əməkdaşlıqlar, görüləcək işlər, qurulacaq beynəlxalq nümayəndəliklər, hədəf ölkələr və hədəf ölkələrə uyğun ixrac potensialına malik xidmət və məhsullar müzakirə olunub.

Qeyd edək ki, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, intellektual, innovativ və rəqabətqabiliyyətli potensialın formalaşdırılması, beynəlxalq ixrac imkanlarının gücləndirilməsi, beynəlxalq aləmdə intellektual brend kimi tanınan “ASAN xidmət” təcrübəsinin və ölkəmizin intellektual məhsullarının beynəlxalq bazara inteqrasiya etməsi məqsədi daşıyır. Konsorsium İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri bir araya toplayaraq onların mənafelərinin qorumasının və beynəlxalq bazarda təmsil olunmasının, bununla yanaşı, həmin şirkətlərin innovasiya məhsullarının satışının həyata keçirilməsini nəzərdə tutur.