18 may 2018 22:58
1878

Bu il 160 milyon manatlıq kənd təsərrüfatı texnikası alınacaq

Bu gün Azərbaycan iqtisadiyyatının real bölməsi qeyri-neft sektorudur. Hökumətin iqtisadi inkişaf proqramında prioritet istiqamət olan bu sektora dövlət tərəfindən kifayət qədər yüksək dəstək göstərilir. Birinci rübdə qeyri-neft sənayemizin 10 faiz artması rekord göstərici sayıla bilər. Kənd təsərrüfatı 4,2 faiz artıb. Bu, həyata keçirilən tədbirlər sayəsində sahibkarlığın inkişafı və eyni zamanda qeyri-neft sektorunda məhsul istehsalının artımının nəticəsidir. Sahibkarlığın inkişafına səbəb isə dövlətin dəstəyi və hərtərəfli iqtisadi qayğısı sayəsində mümkün olub.

Xüsusilə, kənd təsərrüfatı sahəsində əhalinin istehsal imkanları genişləndirilir. Çünki ölkənin ərzaq təhlükəsizliyi daha çox bu sahədən asılıdır. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu il davam etdiriləcək. Dövlət bu məqsədlər üçün 170 milyon manat kredit resursu ayırıb.

Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı nitqində Prezident İlham Əliyev bildirib ki, Kənd təsərrüfatı texnikasının alınması prosesi bundan sonra da davam etdiriləcəkdir: “Bu il bu məqsədlər üçün 160 milyon manat nəzərdə tutulur, ən azı 5 min texnika gətirilməlidir. Keçən il 10 min texnika gətirilmişdir, amma bu proses davam etməlidir. Çünki bizim hələ köhnədən qalan texnikamız kifayət qədər çoxdur, sıradan çıxan var. Biz texnika parkımızı tam müasirləşdirməliyik. Biz dünyanın aparıcı istehsalçılarının texnikasını gətirməliyik.”

Qeyd etmək yerinə düşər ki, yeni kənd təsərrüfatı naziri İnam Kərimov mütəmadi olaraq bölgələrdə olur, kəndlilər və fermerlərlə görüşür, onların problemləri ilə maraqlanır. Bakıda XXIV Beynəlxalq Qida Sənayesi, XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgilərinin açılış mərasimində KİV nümayəndələrinə məlumat verən nazir İ.Kərimov qeyd edib ki, regionlara səfərlərinin məqsədi yerlərdə problemləri eşitmək, nazirliyin qarşısında əsas vəzifələrdən biri kimi qoyulan fermer və kəndlilərlə ünsiyyət yaratmaq, həmin insanların qayğı və problemləri ilə maraqlanmaq, onların problemlərinin həllinə çalışmaqdır.

Məlumat üçün bildirək ki, mayın 16-18 tarixlərində 24-cü  Azərbaycan Beynəlxalq Qida Sənayesi, 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgiləri keçirilir. Prezident İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub. Sərgilərdə 34 ölkədən 402 şirkət iştirak edir və bu şirkətlərin 70%-ni xarici, 30%-ni isə yerli istehsalçılar təşkil edirlər. Belə mühüm tədbirlərin ölkəmizdə davamlı olaraq keçirilməsi Azərbaycanda aqrar sektorda əlverişli investisiya mühitinin və cəlbedici təşəbbüslərin beynəlxalq işgüzar dairələrə çatdırılmasında və dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsində önəmli rol oynayır. Bu sərgilər öz inkişaf mərhələsində olan kənd təsərrüfatı biznesi sahəsində yerli sahibkarlara yeni təcrübə qazandıracaq, ən son texnika və texnologiyalardan yararlanmaq imkanı, həmçinin biznes əlaqələrinin qurulmasında və ölkəmizin ixrac potensialının artırılmasında öz töhfəsini  verəcək.

Kənd təsərrüfatı naziri İnam Kərimov Qaxda keçirdiyi görüşdə qeyd edib ki, “Aqrolizinq” ASC yeni yanaşma prinsipi əsasında fəaliyyət göstərəcək: “Aqrolizinq”də düzgün idarəçiliyin bütün prinsipləri-şəffaflıq, səmərəlilik tam təmin ediləcək. “Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin digər strukturları kimi, öz işini fermer və kəndlinin yanında olması prinsipi əsasında quracaq.”

Qeyd edək ki, “Aqrolizinq” ASC-nin  fəaliyyəti  böyük   əhəmiyyət   daşıyır. 2004-cü  ildən   fəaliyyət  göstərən  “Aqrolizinq” ASC  tərəfindən  son 10  ildə fermerlər üçün  minlərlə  kənd  təsərrüfatı  texnikası,  gübrələr,  damazlıq   heyvanlar  və digər  xidmətlər  təmin  edilib.

Sahibkarlara kömək üçün verilən texnikanın da sayı və çeşidi genişləndiriləcək. Bu il yeni kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait sərf olunacaq. Alınan taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər texnikalar da ötən illərdə olduğu kimi, lizinq yolu ilə fermerlərə veriləcək. Kənd təsərrüfatına dövlət dəstəyinin daha da artırılması, pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və heyvandarlığın kompleks inkişafının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi üçün təkcə ötən il 581 milyon manat vəsait ayrılıb. Pambıqçılığa dəstək məqsədilə xüsusi təyinatlı kənd təsərrüfatı texnikalarının alınmasına son iki ildə dövlət büdcəsindən 295 milyon manat vəsait sərf edilib, pambıq istehsalına görə isə 30 milyon manatadək subsidiya verilib.

Ötən il kənd təsərrüfatında əldə edilmiş 4.2 faizlik artım sübut edir ki, istehsal artır və subsidiyalardan istifadə faydalıdır. Bu istiqamətdə dövlətin səyləri bu il də davam edəcək və ilin məhsuldarlığı gözlənilən nəticələri verəcək.

Orxan Vahidoğlu, “İki sahil”