20 iyul 2018 02:35
865

Missionerliyin sonu Yaxud özü yıxılan ağlamaz

Bildiyimiz kimi, Prezident İlham Əliyev milli mətbuatın yaranmasının növbəti ildönümü ərəfəsində nəşr olunan qəzetlərə maddi yardım edilməsi ilə əlaqədar Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.

Lakin təəssüflə qeyd etmək istərdim ki, Azərbaycanda çap mediasının mövcudluğu, eyni zamanda, mətbuatımızın bu istiqamətdə davamlı inkişaf yolunu tutması, xüsusilə dövlətin mətbuata göstərdiyi diqqət və qayğısı bəzi şəxsləri narahat edir. Onlar həmin şəxslərdirlər ki, bu gün “Media Klubu” adı altında xaricin sifarişlərini həyata keçirib, qrant güdməklə məşğuldurlar. QHT, yaxud ictimai birlik kimi təsis edilən, ancaq qeydiyyatdan keçməyən bu qurumda nəzərə çarpan məqamlardan biri də budur ki, orada toplaşanlar məhz “media” adı altında siyasi manipulyasiyaların reallaşdırılmasına cəhdlər edirlər.

Digər tərəfdən, orada təmsil olunanlar özlərini media adamı kimi təqdim etsələr də, reallıqda 143 ildir uzun və şərəfli yol gələn milli mətbuatımızın, necə deyərlər, kökünə balta vurmaqla məşğuldurlar. Əslində isə bu adamlar mətbuat sahəsində tükəndiklərinin fərqinə varıblar. Lakin bu gerçəkliyi qəbul etmək gücündə deyillər. Sözügedən məsələnin əsas məğzinə gəldikdə isə “Media Klubu”nun təsisçiləri dövlət tərəfindən ayrılan 1 milyon manatın guya “artıq pul” olduğunu iddia edir, xüsusilə qəzetlərə ayrılan məbləğlərin “gərəksiz” olduğunu deyirlər. Bu zaman belə bir sual yaranır ki, məgər onların özləri mətbuata qəzetçilikdən gəlməyiblərmi? Bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda qəzetçilik ənənəsi yaşayır və inkişaf edir. Bir çox sayt və portalların rəhbərləri, media kapitanları bu yüksəlişə məhz qəzetçilikdən gəliblər. Qəzetçilik ənənəsinin qorunub-saxlanılması isə eyni zamanda, mətbuatın tarixinin qorunması anlamını daşıyır. Ölkəmizdə elə qəzetlər mövcuddur ki, dövlətçiliyimizin qorunub-saxlanılmasında tarixi izlər qoyublar. İndi isə, “Media Klubu”nun başbilənləri həmin tarixin silinməsini, qəzetlərin bağlanmasını arzulayırlar, baxmayaraq ki, kimsə onlara bu haqqı verməyib.

Daha bir məqama toxunaraq qeyd etmək istərdim ki, hər il ayrılan maddi yardımlar da məhz qəzet və saytların inkişafına, jurnalistlərin sosial və s. problemlərinin həllinə hesablanıb. Habelə mətbuat sahəsində çalışan insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da bilavasitə ölkə başçısının diqqəti sayəsində həyata keçirilib. Yəni bu fakt həm də belə deməyə əsas yaradır ki, ölkə mətbuatı heç bir xarici təsirdən asılı vəziyyətdə deyil. Əgər “Media Klubu”nun üzvləri zamanında Soros Fondu və başqa xarici donorların maddi dəstəyi, daha dəqiq desək, sifarişləri əsasında fəaliyyət göstəriblərsə və bu gün xarici qurumlar həmin tərəflərin xidmətlərinə ehtiyac duymursa, onda günahı özlərində axtarmalıdırlar. Çünki həmin adamlar elə həmin vaxtlardan dövlətin mətbuata göstərdiyi diqqət və qayğısına qısqanclıqla yanaşıblar. Sadəcə, maliyyə yardımı alan qəzetlər buna qarşı çıxanlardan fərqli olaraq, dövlətin mənafeyini, maraqlarını qoruyan yazılı orqanlardırlar.

Əbəs deyil ki, qəzetçilik ənənələrinə qarşı çıxaraq, şəxsi maraqlarını güdən Elçin Şıxlı, Arif Əliyev və onların yanlarında olan bəlli “baş redaktorlar” indi də toplaşıb bir-birlərinə təsəlli verirlər, bunun üçün isə dövlətinə sədaqətlə xidmət edən şəxslərə qarşı qarayaxma kampaniyaları aparırlar. Bunlar birtərəfli qaydada, yəni əks fikir deyə biləcək jurnalistin, media təmsilçisinin düşüncələrini qəbul edə bilmirlər. Rəhbərlik etdikləri qurumlarını saxlamaq üçün dövlətin media siyasətinə qarşı çıxır, buna görə kirli məqsədlərə hesablanmış qrantlar əldə edirlər. Bütün bunlar bilavasitə müstəqil KİV institutunu, xüsusilə qəzetçiliyi məhv etməyə hesablanmış addımlar kimi qiymətləndirilir.

Başqa tərəfdən, “Media Klubu”nun təmsilçiləri bəlkə bir dəfə də həyatın gerçək tərəfindən çıxış edərək, iflasa məruz qaldıqlarını öz uğursuz fəaliyyətləri ilə əlaqələndirərdilər? Onların qəzetlərinin bağlanması vaxtilə qrantlar müqabilində missionerlik etmələrinin nəticəsi olaraq qiymətləndirilməlidir. Öz qəzetlərinin bağlanması səbəbləri üzərində düşünmək yerinə, Azərbaycanda zamanla ayaqlaşan, qəzetçilik ənənələrinə sadiq qalan yazılı orqanların bağlanması barədə fərziyyələr irəli sürmək sadəcə, absurd, gülünc, istehza doğuran bir haldır.

Həmçinin, onlar bilirlər ki, məhz cənab Əli Həsənovun ictimai-siyasi kontekstdən çıxış edərək, media sahəsinə cavabdehlik etdiyi zaman kəsimində, elə indinin özündə də Azərbaycan mətbuatı azad şəkildə fəaliyyətini davam etdirir. O cümlədən, “SƏS” qəzeti də bu inkişafdan yararlanaraq, müstəqil və məsuliyyətli şəkildə ölkədə və xaricdə baş verən hadisələri, gündəmi işıqlandırır. Rəhbərlik etdiyim qəzet daim dövlətin diqqət və qayğısından yararlanaraq, müasir dünyamızla ayaqlaşmaq üçün zaman-zaman islahatlar keçirir, yeniliklər axtarışına çıxır və mətbuat məkanında normal rəqabət aparır. İnanıram ki, digər nüfuzlu qəzetlərimiz, yazılı orqanlarımız da bu istiqamətdə dövlətin qayğısından bəhrələnərək, uğurlu fəaliyyətlərini davam etdirirlər və etdirəcəklər. Ona görə də “Media Klubu” kimi qərəzli, sifarişlər əsasında yaradılan siyasiləşmiş təşkilat heç vaxt aldığı təlimatlarını gerçəkləşdirmək imkanına malik ola bilməyəcək. Əksinə, orada təmsil olunan adamlar iflasa uğrayıblar və jurnalistika aləmində autsayderlərə çevrilməkdə davam edəcəklər. Buna həm də missionerliyin sonu da deyə bilərik. Bir atalar misalında vurğulandığı kimi, özü yıxılan ağlamaz...

Bəhruz QULİYEV,

“SƏS” qəzetinin baş

redaktoru