20 iyul 2018 15:45
1041

“Ekol Mühəndislik Xidmətləri” çökdürücü gölləri təmizləyir

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin göstərdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün çökdürücü göllərin təmizlənməsi həyata keçirilir.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “Ekol Mühəndislik Xidmətləri”nin əsas fəaliyyət sahələrindən biri də sənaye-çirkab sularının texnoloji reqlamentə uyğun və keyfiyyətlə təmizlənməsidir. Bu məqsədilə tullantıların emalı departamentinin (TED) xidmət sahələrində mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Tədbirlər planı çərçivəsində görülən işlərdən biri də TED-in 6-cı sahəsindəki (Heydər Əliyev adına neft email zavodunun 9-cu sahənin ərazisi) çökdürücü göllərin çöküntülərdən təmizlənməsidir. Bu işlərin həyata keçirilməsi isə qurğuların istismar müddətinin artırılması, texnoloji proseslərin keyfiyyətinin yaxşılaşması və ətraf mühitin mühafizəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

İyul ayında TED-in 6-cı sahəsindəki 3 saylı əlavə çökdürücü gölün təmizlənməsinə başlanıb və qısa müddət ərzində neftşlamdan təmizlənərək istismara veriləcək.

“Ekol Mühəndislik Xidmətləri” QSC-də mütəmadi olaraq sənaye-çirkab sularının təmizlənməsi proseslərinin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir.