16 oktyabr 2018 00:46
1424

Sumqayıtda növbəti səyyar qəbul

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 17-ci mikrorayon ərazisində keçirib. Görüşdə vətəndaşların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib.

Şəhər rəhbəri qeyd edib ki, Sumqayıtda ötən dövr ərzində mərhələli şəkildə həyata keçirilən sosial-iqtisadi layihələr, abadlıq-quruculuq işləri nəticəsində sakinləri narahat edən bir çox məsələlər öz həllini tapıb, mövcud problemlərin həlli istiqamətində müsbət nəticələr əldə olunub. Bir neçə il öncə şəhər sakinləri tərəfindən qaldırılan problemlərlə bağlı müraciətlər xeyli azalıb.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə iştirak edən şəhər sakinləri Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılıqlarını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Orxan Vahidoğlu, «İki sahil»