18 yanvar 2018 23:28
1630

Faciənin səbəbkarları tarix qarşısında cavab verəcəklər

Bəlkə də dünya mövcud olandan indiyədək hər bir xalq tarixində heç olmasa bir dəfə müharibə görüb, itkilərə məruz qalıb. Yaxud da heç olmasa bir dəfə hər bir dövlət özünün müstəqillik gününü bayram kimi qeyd edib. Azərbaycan xalqı dünyanın yeganə xalqlarındadır ki, ən xoş gününü də, ən pis gününü də qürurla yaşayıb. Tariximizin elə səhifələri var ki, heç şübhəsiz, hər bir Azərbaycan vətəndaşı onunla fəxr edib,  öyünə bilər.

Amma bu xalq acını da məğrurluqla yaşayıb. Başımıza gətirilən faciələr, dəfələrlə etnik təmizlənməyə məruz qalmağımızın, ona qarşı qaldırılan ərazi iddiaları elə torpağımızın zənginliyindən, tariximizin qədimliyindən olub. Bugünkü müsahibəmizdə bəşər tarixinin ən  acı səhifələrindən olan  20 Yanvar günündən danışacağıq. 1990-cı ilin 20 Yanvar hadisələri olmaya bilərdimi? Bu faciənin baş verdiyi günə qədər kimlər nələri planlaşdırmışdı? Ulu öndər Heydər Əliyevi o vaxtkı SSRİ rəhbərliyindən uzaqlaşdıranların əsas məqsədləri əslində nə idi? Azərbaycanın başına gətirilən bu faciənin reallaşdırılmasında əli olan yerli xudbinlər kimlər idi və onların xəyanətlərinin cavabı nə oldu? Və digər suallara cavab axtaracağıq. Suallarımızı AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov cavablandırır.

- Cəbi müəllim, 1990-cı ilin 20 Yanvar hadisələri birdən-birə baş vermədi. Bu proseslərə qədər böyük bir hazırlıq mərhələsi var idi. Ordan başlayaq söhbətimizə...

- Bilirsiniz ki, Azərbaycan 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra 70 il bu imperiyanın tərkibində qaldı. Bu dövləti quran şəxslər də bilirdilər ki, imperiyanın ömrü əbədi deyil. Çünki hərb, silah gücünə, xalqların razılığı olmadan qurulan bir dövlətin ömrü uzun olmazdı. 70 ilə ümumi nəzər salarkən görünür ki,  bir növ eksprementlər həyata keçirən və nəticədə çox böyük itkilərin baş verməsi ilə sonu gələn bu imperiyada bütün iqtisadiyyatın dövlətin əlinə keçməsi, siyasi məsələlərə gəldikdə isə yalnız bir partiyanın hakimiyyəti, azad fikirin məhv edilməsi və digər səbəblər artıq XX əsrin 80-ci illərinin sonunda özünün zəifliyini göstərməyə başladı.

Xarici amillər də var idi. Çünki bu dövlətin fəaliyyətinə, onun siyasi baxışlarına diqqət yetirdikdə görürük ki, SSRİ təkcə özünün sahibi olduğu ərazidəki xalqlara deyil, həm də dünyaya meydan oxuyurdu.  Hətta bu dövlətin qurucusu olan Leninin belə bir fikri var idi ki, guya bütün dünyada sosialist rejimi olacaq və bütün xalqlar xoşbəxt yaşayacaq. Doğrudur, Azərbaycan  xalqı bütün məhrumiyyətlərinə baxmayaraq, həmin 70 il ərzində özünün istedadına, qədim, zəngin mədəniyyətinə, tarixinə arxalanaraq nailiyyətlər əldə edib. Hərçənd ki, itkilərimiz həddindən artıqdır. İlk növbədə torpaq itkisi. 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti süquta etdikdən sonra elə 20-ci ildən başlayaraq 1929-cu ilə qədər Azərbaycanın nə az, nə çox 20,8 min kv.km ərazisi ermənilərə verildi.

- Bu torpaqları ermənilərə verən Rusiya idi? Belə çıxır ki, çarizm dövründə Azərbaycana qarşı münasibət, bolşeviklərin dövründə də eyni idi...

- Baxın, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Ararat Respublikası adlanan həmin ərazidə 11-ci qızıl ordu hərbi əməliyyatlara başladı. Əslində ermənilərin özləri də rusların himayəsinə keçməyə hazır idilər. Çünki bilirdilər ki, onları Cənubi Qafqaz ərazisinə köçürən ruslardır. Əvvəllər bu məsələ çarizmin dövründə ön planda idisə, indi bolşeviklərin dövründə belə idi. Bəli, Azərbaycan məsələsində bolşeviklərin və çarizmin münasibəti fərqli deyildi. Ona görə də Azərbaycanı əldən verməmək üçün 11-ci ordu tərəfindən indiki Ermənistan adlanan ərazi ələ keçirildikdən sonra əlbəttə ki, yeni torpaqlar vermək və Azərbaycanı caynağında saxlamaq üçün Azərbaycanın qədim torpağı olan Zəngəzur, Göyçə və ətrafı ərazilər, bütövlükdə götürəndə 20,8min kv kilometr ərazi ermənilərə verildi. Eyni zamanda Qarakilsə, Qafan, Mehri və Gorus əraziləri də ermənilərə verildi. Qalan üç bölgə- Laçın, Qubadlı, Naxçıvan ərazisi isə Azərbaycan ərazisindən ayrı salındı.

Ölkə başçısı cənab İlham Əliyev bu məsələ ilə bağlı çox gözəl bir fikir səsləndirib. Bildirib ki, bu addım Azərbaycan xalqına, o cümlədən bütün türk dünyasına vurulan ən ağır zərbə idi.  Bu,həqiqətdir. Ona görə də Sovet hökumətinə, Amerika, Fransaya arxalanan ermənilər istər Sovet İttifaqında, istərsə də xarici ölkələrdə Azərbaycana qarşı yeni ərazi iddialarına başladılar. Mən bunları faktlara əsasən deyirəm. İkinci Dünya müharibəsindən sonrakı dövrü “Soyuq müharibə”  dövrü adlandırırlar. SSRİ, Amerika, Fransa kimi ölkələrin qarşıdurmasından söhbət gedirdi. Amma erməni məsələsində bu ölkələrin hamısı bir yerdə idi. Biz Cənubi Azərbaycan məsələsində milli hökumətə qarşı tutulan divanı gördük. Ona görə də 80-ci illərin sonunda artıq Sovet imperiyasının iqtisadi eksprementləri son nəticədə bu imperiyanın çökməsini sürətləndirdi. Nəticədə SSRİ rəhbərliyi guya demokratiya, yenidənqurma və digər qondarma fikirləri ortaya ataraq bu sistemi yeniləşdirmək üçün qərarlar qəbul etməyə başladı. Əslində Qərb dünyası özü də belə bir imperiyanın mövcudluğunda maraqlı deyildi. SSRİ-nin yeritdiyi siyasət nəticəsində insanlığı məhv etmək üçün böyük miqdarda müxtəlif dağıdıcı yükün, hətta hesablanması mümkün olmayan silahlar ixtira olunmuşdu. Ona görə Qərbin özü də SSRİ-nin varlığından narahat idi.

Onları qorxuya salan digər bir məqam 70-80-ci illərin əvvəlində Azərbaycana rəhbərlik edən böyük azərbaycanlı Heydər Əliyevin SSRİ-də rəhbər vəzifədə olması idi. Yəni Qərb yaxşı bilirdi ki, belə bir adam SSRİ-yə rəhbərlik etsə, onu dağıtmaq mümkün olmayacaq. Bu proseslərə geniş spektrda baxanda məsələnin əsl mahiyyəti üzə çıxır. Hətta 1982-ci ildə ümummilli lider Heydər Əliyev o zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilərək ölkəni idarə edən 11 nəfərdən biri oldu. O zaman Qərb ölkələrinin müxtəlif səviyyələrdə məxfi görüşləri keçirilməyə başlamışdı. 1984-cü ildə ABŞ-ın vitse-prezidenti Corc Buşla Marqaret Tetçerin görüşü olur.  Daha sonra SSRİ dövlətinin Cenevrdəki nümayəndəliyinin rəhbəri İsraelyanla Corc Buş arasında növbəti görüş keçirilir. Bu görüşdə “gələcəkdə SSRİ dövlətinin rəhbəri kim olacaq?” mövzusunda danışıqlar aparılır. Orada dörd nəfərin adı çəkilir. Məsələ burasındadır ki, bu dörd nəfərin arasında yalnız iki ad üstündə dayanılır ki, bunlardan biri Heydər Əliyev, digər isə Qorboçov olur. Təbii ki, Mixail Qorboçova üstünlük veriləcəkdi.

- Çox güman ki, burada müsəlman-xristian amili mühüm rol oynadı...

- Heç şübhəsiz. Hətta milli ayrı-seçkilik məsələsi də var idi. Çünki SSRİ rəhbərlərindən olan Tixonovun özünün Heydər Əliyevə etdiyi etiraf bunu təsdiq edir. O demişdi ki, SSRİ deyilən dövlətin başında yalnız slavyanlardan bir adam olmalı idi. Belə bir güclü şəxsiyyət qarşısında onlar məcbur idilər ki, bu cür vasitələrə əl atsınlar. 1985-ci ildə Qorboçovu SSRİ rəhbəri təyin edəndən sonra Qərb dünyasının əlləri açıldı. Onlar bundan ötrü hər cür iyrənc vasitələrə əl atdılar. Tarix, nəşr olunan ədəbiyyat, verilən məlumatlar bu fikiri təsdiq edir. Ümummilli lider Heydər Əliyevin o dövrkü fəaliyyəti ilə bağlı Vaqif Mustafayevin çəkdiyi “Bir həsədin tarixi” sənədli filmində bir çox məqamlar bu fikri söyləməyə əsas verir ki, Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılması təkcə SSRİ rəhbərliyində təmsil olunan şəxslərin deyil, o cümlədən Qərb dünyasının marağında idi. Belə bir güclü şəxsiyyətin rəhbər olması, əlbəttə ki, onları qane etmirdi. Məhz  belə bir insanın rəbbərlikdən uzaqlaşdırılmasından sonra  Azərbaycana çox rəzil bir insanı rəhbər elan etdilər. Vəzirov kimi bir insanı Azərbaycan xalqının rəhbəri təyin etmək xalqı təhqir etmək demək idi.

- 1990-cı ilin Yanvar hadisələrinə gedən əsas yolun məhz buradan başladığını desək, yəqin yanılmarıq...

- Əgər bir insan öz dilini bilmirsə, Vətəninin tarixinə bələd deyilsə, xalqının ən ümdə istək və arzularına biganə qalırsa ondan rəhbər ola bilməz. Çox təəssüflər olsun ki, Heydər Əliyev Moskvada olarkən Azərbaycan SSR-də olanlar və digər rəhbər şəxslər ona xəyanət yolunu tutdular. Bunu açıq demək lazımdır. Heydər Əliyev xalqın, Azərbaycan ziyalılarının qəlbində idi. Onu da deyim ki, 1992-ci ildə 91 nəfər Azərbaycan ziyalısının Heydər Əliyevə müraciəti təsdiq edir ki, o, ziyalı fikrinin daşıyıcısı idi. O, hər şeyi çox gözəl bilirdi. Məhz buna görə də xalq ona müraciət etdi.  Mən bu hadisələrin bilavasitə şahidiyəm. Vəzirov təyin olunandan sonra ermənilərin təcavüzü dayanmadı. Adam dəhşətə gəlir. Sovet rəhbərliyi bu təcavüzə yardım edirdi. Mən Ermənistan SSR-dən deportasiya edilən, etnik təmizlənməyə məruz qalan əhalinin bura hansı vəziyyətdə gəlməsinin şahidiyəm. O vaxtı Tarix İnstitutunun rəhbərliyinin tapşırığı ilə bilavasitə qaçqınları qarşılamağa getdim. Orada Rusiyadan olan hərbçilər var idi. Onlara sual verdim ki, SSRİ deyilən dövlət mövcuddur və onun konstitusiyası var. Bu insanlar da həmin dövlətin vətəndaşlarıdır. Bəs bunlara qarşı bu cinayət nə üçün baş verir? Onlar dedilər ki, bu tapşırıq Mərkəzdən verilib. Baxın, ermənilərin bütün bu işlərinə baxmayaraq, onlara “gözün üstündə qaşın var” deyən yox idi. Bu dövrlə bağlı arxiv sənədlərini araşdıranda 1988-ci ilin  fevral ayının 29-da Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi Siyasi Bürosunun məxfi iclasının stenoqramı əlimə keçib. Təsəvvür edin ki, hələ 1988-ci ildə Qorboçov Azərbaycanda yaranmış siyasi vəziyyətlə bağlı Heydər Əliyevi ittiham edir. İttiham edir ki, o nə üçün 1976-cı ildə erməni katolikosu  II Vazgenin xahişinə baxmayaraq onu qəbul etməyib. Axı Vazgenin nə istədiyini biz hamımız bilirdik. O deyirdi ki, guya indiki Ermənistan, bütün Şimali Azərbaycan ermənilərin tarixi torpaqlarıdır. SSRİ rəhbərliyi Mərkəzdən qondarma alimləri də ermənilərə qoşub hər kəsi bu absurd, cəfəng fikirlərə inandırmağa çalışırdı ki, doğrudan da belədir. Amma Azərbaycan alimlərinin, xüsusilə Tarix İnstitutunun alimlərinin tutduğu mövqe SSRİ rəhbərliyinin cinayət əməllərinə mane oldu. Allah ruhlarını şad eləsin. Akademiklər Ziya Bünyadov, İqrar Əliyev kimi bir çox görkəmli alimlərimizin verdiyi elmi arayışlar bu məsələdə mühüm rol oynadı. Bu iddiaların kökü bundan da qədim dövrlə gedib çıxır. 1923-cü ildə qondarma bir qurum yaradıldı ki, onu da Dağlıq Qarabağ Muxtar Vilayəti adlandırdılar. Azərbaycan çoxmillətli dövlətdir. Onda hər bir millət özünə qondarma qurum yaratmaldır? Təbii ki, bu, Orcanikidze tərəfindən qəsdən yaradılmışdı. Həmin qondarma subyetktlərin yaradılması Azərbaycanı əldən verməmək üçün idi.

-1990-cı ilin 20 Yanvar hadisələri baş verməyə bilərdimi?

- Olmaya bilərdi. Mən bunu səmimiyyətlə deyirəm. Əgər o zaman Azərbaycanı idarə edənlər, o kütbeyinlər   düşünsəydilər ki, Mərkəzi hökumət Azərbaycan xalqına qarşı nəyi hazırlayır, Heydər Əliyev kimi bir şəxsiyyəti Azərbaycana gətirərdilər. Bilərdilər ki, bu insanın dövlətçilik təcrübəsi, Vətəninə, xalqına olan məhəbbəti imkan verməz ki, bu cinayət törədilsin. Əlbəttə ki, qarşısını almaq olardı. Götürək Sumqayıt hadisəsini. Mən o hadisələrin içində olmuşam. Elə bil ki, hüquq-mühafizə orqanları bu şəhərdə heç yox imiş. Hər şey onların gözləri qabağında baş verirdi. Halbuki belə bir hadisə baş verəndə o vaxtkı SSRİ hüquq-mühafizə orqanlarının fəaliyyətinə irad tutmaq mümkün deyildi. Amma onlar susurdu. Səbəbi nə idi? Qriqoryan. Necə oldu ki, bu hadisələrdə birbaşa əli olan bu şəxsə SSRİ sərhədlərində guya cəza verdilər, sonra da azad etdilər. Bu gün də o, yaşayır. Bu fikiri qətiyyətlə deyirəm. Azərbaycan xalqının tam hüququ var ki, yaşına baxmayaraq Qorboçovu ittiham eləsin. Erməniləri onlara məkrli işlərində kömək edən havadarlarını  Azadlıq meydanında Azərbaycan xalqının mühakiməsinə vermək lazımdır. Çünki bu xalqa qarşı böyük və miqyası görünməyən soyqırımı cinayətini məhz onlar törədiblər. Azərbaycan xalqının tam şəkildə ixtiyarı var ki, Qorboçovun qəbuluna gedən vəzirovların, mütəllibovların cəzasını versin.

- Cəbi müəllim, bu gün bu tarix haqqında lazımi bütün arxiv sənədlərinin hamısı varmı? Tarixin bu səhifəsini tam araşdırılmış hesab edə bilərikmi?

- AMEA-ının Baxıxanov adına Tarix İnstitutunda nəşr olunan bütün əsərlər cənab Prezidentin göstərişinə əsasən həyata keçirilir.  Ümumiyyətlə, tarixin öyrənilməsi və araşdırılması olduqca lazımlı, vacib bir məqamdır. Bu sahədə ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən bütün lazımı şərait yaradılıb. İnstitumuzun rəhbəri Yaqub Mahmudovun bilvasitə rəhbərliyi ilə bir layihə həyata keçiririk. Dünya ölkələrinin arxivində olan bütün arxiv sənədləri Tarix İnstitutuna gətirilir və elmi dövriyyəyə cəlb edilərək faktlar əsasında yayılır. Bunun çox böyük effekti var. Hələ görüləcək çox işlər var.

Şəfiqə Dadaşova, “İki sahil”