17 noyabr 2017 23:46
3538

Narkomaniyaya qarşı mübarizə-mənəviyyatın xilası deməkdir

Narkomaniyaya qarşı mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır.

Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası narkomanlığın əleyhinə təşkilatlararası əlaqələndirmə funksiyasını öz üzərinə götürməklə narkomaniyanın profilaktikası ilə bağlı şəhər təhsil şöbəsi, mərkəzi rayon xəstəxanası, şəhər gənclər və idman idarəsi və yerli bələdiyyələrlə birgə işini əlaqələndirmişdir.

26 iyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lənkəran şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın üzvlərinin, hüquq mühafizə orqanları əməkdaşlarının, şəhər təhsil şöbəsinin, mərkəzi rayon xəstəxanasının və şəhər gənclər və idman idarəsinin məsul işçilərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Gənclər narkotiklərə yox” deyir!” mövzusunda, Lənkəran şəhər-rayon Polis şöbəsi və Gənclər və idman idarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə “Narkomaniya əsrin faciəsidir”, “Narkomaniyaya qarşı mübarizə-mənəviyyatın xilası deməkdir”, “Narkomaniya və digər cinayətkarlıq hallarının qarşısının alınması” mövzusunda tədbir, “Narkomaniyanın və HİV/AİDS-nin gənclər arasında yayılmasının profilaktikası” mövzularında dəyirmi masa təşkil edilmişdir. Tədbirdə həmçinin iştirak edən tələbələrə antinakotik təbliğatı özündə əks etdirən xüsusi bukletlər təqdim edilmişdir.

Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində “Narkotiklərə YOX deyək” kütləvi-ictimai kampaniya çərçivəsində tədbir keçirilmiş, tədbirin sonunda mövzu ilə bağlı film nümayiş etdirilmişdir.

Lənkəran Rəssamlıq Məktəbində şagirdlərin əl işlərindən ibarət narkomaniyanın fəsadlarını əks etdirən rəsmlərin sərgisi təşkil olunmuşdur.

Rayonda yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsi, onlar arasında antinarkotik təbliğatın aparılması məqsədilə Lənkəran şəhər Gənclər və idman idarəsinin nəzdində fəaliyyət göstərən “Xan Lənkəran Könüllülər Klubu”nun könüllü gəncləri, Lənkəran rayonunun, Aşağı Nüvədi və Nərimanabad qəsəbə, Şürük, Kənarmeşə və Mamusta kənd orta məktəblərində “Mən Həyatı seçirəm” devizi altında narkomaniya, gender və HİV/QİÇS mövzularında təlimlər keçırılmiş, şagirdlərə, narkomaniyanın fəsadlarını özündə əks etdirən slaydlar və video-çarxlar nümayiş etdirilmişdir. “Xan Lənkəran Könüllülər Klubu”nun könüllülərinin təqdimatında 26 may 2017-ci il tarixdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram teatrında “Zəncirlənmiş fəryad” tamaşası nümayiş etdirilmişdir. Tamaşada rayon rəhbərliyi və 300-yə yaxın gənc iştirak etmişdir.Keçirilən tədbirlərdə maarifləndirici təbliğat materialları-buklet, jurnal, kitabçalar paylanmışdır.

Yetkinlik yaşına çatmayan şəxslər arasında xəstəliklərin aşkar edilməsi və ya onlarla profilaktik tədbirlər ilboyu həyata keçirilir. Lənkəran şəhəri 2, 3, 5 və 7 nömrəli tam orta məktəblərində şəhər İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyası həkim-narkoloqla birgə yuxarı sinif şagirdləri ilə “Psixotrop vasitələrin insan orqanizminə zərərli təsirləri və sağlam həyat tərzinin formalaşdırılması” mövzusunda profilaktik tədbirlər keçirmiş, “Cənub” televiziyasında maarifləndirici çıxışlar təşkil edilmişdir. Bu sahədə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Möhübbət Babayev,

Lənkəran Şəhər İcra Hakimiyyətinin
Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasısının sədri