21 sentyabr 2017 17:59
472

Həyatda çətinliyim çox olub və hər dəfə də çıxış yolunu özüm tapmışam

Keçmiş SSRİ məkanında 29 yaşında ən gənc qadın nazir olan Nəbibə xanım 85 yaşını qeyd edir 

Ötən əsrin 60-cı illərində Azərbaycanda yerli sənaye və məişət xidməti naziri olmuş Nəbibə Həsənova bu günlərdə 85 yaşını qeyd edəcək. Zəngin və mənalı ömür yolu keçən Nəbibə xanım çalışdığı sahədən, tutduğu vəzifədən asılı olmayaraq hər zaman novatorluğu, idarəetmədə cəsarətli addımları ilə ətrafdakıları heyrətləndirib, necə deyərlər, dostları sevindirib, paxıl, qısqanc adamları isə məyus edib. O zaman Moskvada nəşr olunan “Oqonyok” jurnalında dərc edilmiş fotoşəklinin altında bu sözlər yazılmışdı: “SSRİ-nin ən cavan (29 yaşlı) qadın naziri Nəbibə Həsənova”.

Nəbibə Həsənova 1967-1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Üç övladı, beş nəvəsi və iki nəticəsi olan Nəbibə xanım həm də çox gözəl müsahib imiş. Onun duzlu, şirin, yumorlu söz-söhbətindən doymaq olmur. AZƏRTAC-ın müxbiri ilə söhbətində o, məsul vəzifələrdə çalışdığı uzaq illərin xatirələrini bölüşür.

Əbdül müəllim, bağla fabrikini

- İyirmi doqquz yaşlı xanımın nazir olması nəinki sovet dövründə, bu gün də az rast gəlinən hadisədir. Bu, necə baş verdi?

-1955-ci ildə Moskva Yüngül Sənaye Texnologiyası İnstitutunu bitirəndən sonra təyinatla Əli Bayramov adına fabrikə mühəndis-mexanik göndərildim. İki ay çəkmədi ki, baş mühəndis təyin edildim. Bir neçə vaxt sonra isə Moldaviyanın (indiki Moldova) Tiraspol şəhərində yerləşən tikiş fabrikinin texniki nəzarət şöbəsinin rəisi Bakıya, Volodarski adına fabrikin nəzdindəki bazaya gəlmişdi. Moldaviyalı nümayəndə öz fabrikinin mallarına görə gəlmişdi. Eyni zamanda, o, Bakıda pambıq parça ilə işləyən fabrikin olub-olmamasını soruşmuşdu. Ona Əli Bayramov fabrikini nişan vermişdilər. Bu səbəbdən də o, bizim fabrikə gəlmişdi. Onunla söhbət zamanı məlum oldu ki, Moldaviya fabriki Sovet İttifaqında itkisiz biçim metodunu tətbiq edən ilk respublikadır. Mən Tiraspola ezam olundum və hər şeyi yerindəcə gördüm. Geri qayıdandan sonra direktora dedim: “Əbdül müəllim, bağla fabrikini”. O, mənim bu sözümdən təəccüblənərək dedi ki, belə olsa, fabrik planı yerinə yetirə bilməz. Direktorun etirazına baxmayaraq sözümə davam etdim: “Plan onsuz da dolmayacaq. Bir konveyeri verin mənə, təcrübə aparım, sonra nə edirsiniz-edin”. Məqsədim qalıqsız biçim etmək və məhsuldarlığı artırmaq idi. Lakin ilk vaxtlarda işim düz gətirmədi, hətta kabinetimə çəkilib ağladım da. Nəhayət, fabrikimizin texniki nəzarət şöbəsi rəisinin məsləhəti ilə işin öhdəsindən gəldik, itkisiz biçim metodunu tətbiq edəndən sonra məhsuldarlıq artırıldı. Mən bu metodu fabrikdə tətbiq etdim. 1956-cı ilin planını fabrik 2 milyon manat artıqlaması ilə yerinə yetirdi.

1957-ci ilin mayında isə biz yüngül sənaye işçilərinin aktivi olduq, fabrik birincilər cərgəsinə çıxdı. Gördüyüm işlərin sorağı Mərkəzi Komitəyə, Nazirlər Sovetinə gedib çatdı. 1961-ci ildə məni nazir müavini, 1963-cü ildə nazir təyin etdilər. Sonralar Nazirlər Sovetində şöbə müdiri işlədim. Volodarski fabrikinin direktoru olduğum vaxtlarda da itkisiz biçim metodunu tətbiq etdim.

Ömrümdə bir dəfə yalan danışdım

- Moskvada təhsil almağınızdan danışaq. Rus dilini o qədər də mükəmməl bilməyən azərbaycanlı qız təhsil prosesində nə kimi çətinliklərlə qarşılaşdı və onları necə dəf etdi?

-Təsəvvür edin ki, mühazirə ilə praktiki dərsləri ayırd edə bilmirdim. Professor geniş auditoriyada bir neçə qrupa dərs deyirdi. Sonra isə iyirmi nəfərlik balaca otağa gedirdik. Eşitmişdim ki, institut orta məktəbdən asandır. Çünki orada hər gün dərsə cavab vermək lazım deyil, yalnız semestrdən-semestrə.

Bir gün üzümü şaxta vurdu və bərk xəstələndim. Bir ay dərsə gedə bilmədim, yataqxanada qızlar qayğıma qaldılar. Komendant bilməsin deyə, otağın qapısını arxadan bağlayıb gedirdilər. Müalicə olunandan sonra imtahanları verdim, lakin marksizm-leninizm fənnindən qiymət ala bilmədim. Bu, bir tərəfdən rus dili problemim, digər tərəfdən isə qadın professorun başqa millətlərə yuxarıdan-aşağı baxması ilə bağlı idi. İkinci dəfə göndəriş aldım və o, məni yenə “kəsdi”. Dekanın məsləhəti ilə akademik məzuniyyət götürdüm. Çünki növbəti semestrə keçə bilməzdim. Onsuz da Bakıdan gedən tələbələr birinci semestrdən keçə bilməyəndə institutdan xaric edilirdilər. Mənə isə xəstəliyimə görə güzəşt edilərək akademik məzuniyyət verdilər. Bəlkə də inanmazsınız ki, evdən apardığım lüğətlərlə yayadək “Anna Karenina” və “Konsuelo” romanlarını mütaliə və tərcümə edərək rus dilini öyrəndim. Tətildə Bakıya, evimizə gələndə isə dedim ki, kursu başa vurmuşam.

Ömrümdə bir dəfə həmin vaxt yalan danışdım. Başqa yolum yox idi. Həqiqəti bilsəydilər, məni evdən buraxmayacaqdılar. Moskvaya qayıdıb birinci kursdan təhsilimi inamla davam etdirdim. Ümumiyyətlə, həyatda çətinliyim çox olub, hər dəfə də çıxış yolunu özüm tapmışam.

Nazir müavini olanda həm təcrübə topladım, həm də insanları tanıdım

- Azərbaycana qayıdandan sonra əmək fəaliyyətinə başladığınız mühit Sizə necə təsir bağışlayırdı?

- Moskvada təhsil aldığım mühitlə Ə.Bayramov adına fabrikdəki ab-havanın fərqini hər addımda görürdüm. Fabrikdə çalışan qadınların çoxunun Dağlı məhəlləsindən olması, iş vaxtı onların bir-biri ilə ünsiyyətində də özünü göstərirdi. Mən bütün işləri yoluna qoymağa çalışır, iş yoldaşlarımdan bilik və bacarığımı əsirgəmirdim.

-Siz özünüzü nazir vəzifəsində görürdünüzmü, buna hazır idinizmi?

-Sözün açığı, nazir müavini olanadək nazir olmaq ağlıma belə gəlmirdi, lakin müavin olandan sonra özümü bu vəzifədə görürdüm. Hətta nazirin əlindən hirslənirdim. Bu mənada ki, müəyyən hadisə ilə bağlı ölçü götürmək mümkün və vacib olduğu halda, niyə də götürülməsin. Müavin işləyərkən adamları daha yaxından tanımağa başladım. Məsələn, müşahidə edirdim ki, kollegiyanın üzvü olan idarə rəislərindən biri iclaslara gəlmir, lakin nazir bu barədə danışmır. Mən nazir olarkən həmin işçiyə dedim ki, ya iclaslara gələcəksən, ya da işdən çıxacaqsan. Məndə orta mövqe yox idi: ya olmalıdır, ya olmamalıdır.

-Yəqin ki, belə gənc yaşında nazir təyin olunmağınız qısqanclıqla qarşılandı...

-İstər rəhbər işçilər, istərsə də fəhlələr məni qəbul edirdilər. Arada kimsə qısqanc yanaşsa da, fikir vermirdim, çünki məni dəstəkləyən çox idi. Bu dəstəyi öz əməyim sayəsində qazanmışdım. Təsəvvür edin ki, mənim yerimə MK-nın katibi cavab verir və deyirdi ki, Nəbibə Həsənova kimi işdən çıxardığını yaxşı bilir.

Hələ Ə.Bayramov fabrikində işlədiyim vaxt da uğurlarıma qısqananlar vardı. Hətta fabrikin bağlanması məsələsi qoyulmuşdu. O zaman mən iclasda çıxış edərək, bu fabrikin tarixinə, planı artıqlaması ilə yerinə yetirməsinə və 1500 nəfər işçisi olmasına diqqəti çəkdim. Nazirlər Sovetinin sədri Sadıq Rəhimov məni dəstəkləyərək dedi: “Gedin Rzayevaya deyin ki, özünə umac ova bilmir, başqalarına əriştə kəsməsin. Bu fabrik ilk dəfədir ki, planı artıqlaması ilə yerinə yetirib. Gedin işləyin, sizin fabrikə keç kim toxunmayacaq”. Başa düşdüm ki, fabrikimizin bağlanması məsələsini Volodarski adına fabrikin direktoru Rzayeva qaldırıb.

Nazir olarkən indiki Hökumət Evinin binasında 110 kvadratmetrlik böyük kabinetim var idi. Hər gün naharda, eləcə də bayramlarda işçilərimizlə orada bir süfrə arxasında əyləşərdik. Bu mehribanlığı Volodarski fabrikində işləyəndə də yaratmağa çalışdım. Elə ilk bayramdaca fabrikin vəzifəli əməkdaşlarını çağıraraq dedim ki, gəlin gedək sexlərdə işçiləri təbrik edək. Partkom etiraz edib dedi ki, bu, nəyə lazımdır, bizim radioqovşağımız var. Mən ona “İldə bir dəfə işçiləri şəxsən təbrik etməyi özünüzə sığışdırmırsınız? Radioqovşaqda özünüz danışın”, - dedim və sexləri bir-bir gəzdim.

Ay qız, gəl gedək, indi zənglər başlanacaq

- Sizin haqqınızda yazılan məqalələrdən birində 12 erməni direktoru heç kimlə razılaşdırmadan eyni gündə işdən azad etdiyiniz qeyd olunub. Bu, o dövrdə necə qarşılandı?

-Bu hadisə kollegiya iclasında olub. Materiallar əvvəlcədən hazırlanmışdı. Məni nə Nazirlər Sovetindən, nə də Mərkəzi Komitədən heç kim çağırıb demədi ki, bunu niyə etmisən? Lakin müavinim Yegizarov iclasdan sonra dedi ki, ay qız, gəl, tez gedək, indi zənglər başlanacaq. Onun yaşı çox idi, böyük təcrübəsi vardı. Lakin nə telefon zəngləri başlandı, nə də buna görə məni çağırıb bir söz deyən oldu. Hətta Nazirlər Soveti sədrinin müavini İbrahimov – hər həftə Nazirlər Sovetinin iclası olurdu – idarə rəhbəri Avetisovu işdən çıxardığımı eşidəndə mənə “Bunu nə cür edə bildin?” – deyə üstüörtülü razılığını bildirdi.

Bu gün də o qüvvəni özümdə hiss edirəm

-Otuz ilə yaxındır pensiyaya çıxmısınız. Darıxmırsınız ki?

-Pensiyaya çıxdıqdan sonra ömrümün qalan hissəsini nəvələrimə həsr edirəm. Çünki işimlə bağlı övladlarıma istədiyim qədər vaxt ayıra bilməmişdim. İki oğul nəvəmin birinci sinifdən onuncu sinfə qədər dərslərinin repetitoru oldum. Orta məktəbi sanki ikinci dəfə bitirdim. Lakin etiraf edim ki, ötən illərin qızğın işi üçün darıxıram. Axı mən müavin işləyəndə də birinci şəxsin işini görürdüm. Bu gün də o qüvvəni özümdə hiss edirəm. İstənilən sahəni mənə versələr, uğur qazana bilərəm.

-Nəbibə xanım, Sizi 85 yaşınız münasibətilə ürəkdən təbrik edirik, səmimi və maraqlı söhbətə görə çox sağ olun.

-Mən də sizə təşəkkür edirəm. Söhbətimiz doğrudan da maraqlı alındı.

Söhbəti yazdı:

Gözəl Ağayeva

AZƏRTAC-ın əməkdaşı