08 sentyabr 2017 14:49
836

Binəqədi rayonunun nümayəndə heyəti Cocuq Mərcanlıda

Binəqədi rayonunun nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib. Nümayəndə heyətinin tərkibində Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin rəhbər heyəti, M.Ə.Rəsulzadə və Binəqədi rayon bələdiyyələrinin sədrləri, rayonda fəaliyyət göstərən bir neçə sahibkar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon İdarəsinin nümayəndəsi və Aprel şəhidləri Fəxrəddin Qurbanlının və Emin Bağırovun valideynləri iştirak ediblər. Nümayəndə heyəti səfər çərçivəsində ilk öncə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək əklil qoyublar.

Daha sonra nümayəndə heyəti Cocuq Mərcanlıda yeni inşa olunmuş 96 şagird yerlik məktəblə tanış olaraq bu təhsil ocağına hədiyyələr, yeni tədris ilində məktəbə gedəcək şagirdlərə məktəbli geyimləri, idman formaları və avadanlıqları, məktəb ləvazimatları, surətçıxarma aparatı təqdim ediblər. Eyni zamanda ibtidai hərbi hazırlıq fənni üzrə sinif otağı xüsusi ləvazimatlarla və digər zəruri avadanlıqlarla təchiz edilib.

Məktəblə tanışlıqdan sonra Binəqədi rayonunun nümayəndə heyətinin üzvləri kənd sakini Oqtay Həziyevin evində olaraq ailə ilə səmimi söhbət ediblər. Görüşün sonunda ailəyə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində inşa edilmiş məscidlə yaxından tanış olub. Məlumat üçün bildirək ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb.

Bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Məscidin tikilməsi, həmçinin 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsinə dəyərli töhfədir. Ziyarət zamanı məscidə elektron Quran hədiyyə edilib.

Səfərin sonunda nümayəndə heyətinin üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilən cinayət nəticəsində həlak olmuş Zəhra  Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət edərək gül qoyublar.

Yeni tədris ili ərəfəsində Binəqədi rayon nümayəndə heyətinin Cocuq Mərcanlıya səfəri xoş təəssüratlarla yekunlaşdı.

Zamin Məmmədov, “İki sahil”