14 aprel 2017 14:26
298

Abadlaşdırılma işinə etiraz etmək heç də dini təəssübkeşlik nümunəsi sayılmır

Prezident İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib. Dövlət başçısının tapşırığına əsasən, hələlik məscidin sökülməsi təxirə salınır və hərtərəfli araşdırmalardan, binanın texniki vəziyyəti tam və obyektiv qiymətləndirildikdən sonra bu məsələyə baxılacaq. Bunun üçün yeni yaradılan komissiyaya araşdırma apararaq müvafiq təkliflər hazırlamaq tapşırılıb.

Bütün bunlar keçmişdə “Sovetski” adlandırılan, hazırda abadlıq işlərinin aparıldığı ərazidə yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətə dövlət başçısının adekvat reaksiyasının nəticəsidir. Belə ki, Prezident İlham Əliyev inanclı insanların məscidin sökülməsinə reaksiyasını nəzərə alaraq məsələnin hərtərəfli araşdırılması barədə göstəriş verməklə xalqımızın dini-mədəni irsinin qorunub saxlanmasına növbəti dəstəyini nümayiş etdirib. Bu, həm də ölkəmizdə din və vicdan azadlığının təmin olunmasına, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılmasına dövlət dəstəyinin bir nümunəsidir. 

Əslində isə Hacı Cavad məscidinin sökülməsinin dayandırılması barədə göstəriş Azərbaycan xalqının milli mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan Prezident İlham Əliyevin dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunmasına xüsusi önəm verdiyini göstərir. Məhz dövlət başçısının  milli mənəvi və dini dəyərlərə önəm verməsinin nəticəsidir ki, indi Azərbaycanda fəaliyyət göstərən məscidlərin sayı 2166-ya çatıb. Halbuki SSRİ dövründə ölkə ərazisində cəmi 17 məscid fəaliyyət göstərirdi. Hazırda isə Azərbaycanda 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Müstəqillik dövründə Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, Heydər məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. 

Prezident İlham Əliyevin özünün də ailə üzvləri ilə müqəddəs Kəbəni ziyarət etməsi, Ramazan bayramlarını müsəlman ölkələrinin səfirləri ilə birgə qeyd etməsi, ölkəmizdə dini təhsilin genişləndirilməsi və yenidən təşkil olunması istiqamətində atdığı addımlar isə dövlət başçısının xalqımızın dini-mədəni dəyərlərinə şəxsi münasibəti kimi dəyərləndirilməlidir. Başqa sözlə, ölkədə yüzlərlə yeni məscidin inşasına bu qədər önəm verilməsi dövlət başçısının özünün də mənsub olduğu dini icmaya qayğısının təzahürüdür.

Bəs, belə olan halda köhnə “Sovetski” məhəlləsində yerləşən Hacı Cavad məscidinin sökülməsi hansı zərurətdən meydana çıxıb?

Heç şübhəsiz, bu məsələ həmin ərazidə aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin tərkib hissəsidir. Belə ki, Bakının abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq “Sovetski” adlandırılan ərazidə yenidənqurma işləri aparılır. Bakının müasirləşməsinə, gecəqondu tipli tikililərin şəhərin mərkəzindən yığışdırılmasına xidmət edən bu tədbirlər şəhərin infrastrukturunun yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.   Çünki böyük vəsaitlər hesabına başa gəlmiş “Qış bulvarı” kompleksi ilə Dənizkənarı Bulvar  arasında böyük bir ərazini əhatə edən köhnə və yöndəmsiz geçəqondular, əyri yollar müasir Bakının memarlıq üslubuna, müasir nəqliyyat infrastrukturuna, rahat və səliqəli xiyabanların ümumi görünüşünə xələl gətirir. Köhnə və yöndəmsiz tikililərin məskən saldığı “Sovetski”nin tamamilə yenidən qurulması məsələsi məhz belə bir vəziyyətdə ortaya çıxdı ki, onun da əsas təşəbbüskarı Bakının gündən-günə gözəlləşməsinə, vətəndaşların həyat şəraitinin yaxşılaşmasına xüsusi önəm verən Prezident İlham Əliyevdir. Ölkə ictimaiyyəti tərəfindən təqdir olunan bu layihə köhnə “Sovetski”ni nizamsız yollardan, havasız, üfunətli məhəllələrdən, qarmaqarışıq urbanizasiyadan xilas edəcək, həmin ərazini geniş və işıqlı küçələri, müasir binaları, göz oxşayan xiyabanları olan məhəlləyə çevirəcək. Yəqin ki, Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan komissiya Hacı Cavad məscidi ilə bağlı yaranmış vəziyyəti təhlil edərək, bu ibadət evinin həmin ərazidə saxlanması və ya yeni məscid tikintisi üçün yer ayrılması barədə müvafiq təkliflər hazırlayaraq dövlət başçısına təqdim edəcək.

Əslində isə bütün bunlar təqdir olunmalıdır. Ən azı ona görə ki, köhnə “Sovetski”nin yenidən qurulması, oradakı bütün yöndəmsiz tikililərin sökülərək yerində daha müasir məhəllənin yaradılması gözəlliyə, rahatlığa və müasir tələblərə uyğun şəraitin qurulmasına xidmət edir. Bir də ki, İslam mədəniyyətinin mərkəzləri olan Məkkə, Mədinə, Məşhəd, Kərbəla kimi ziyarətgahlarda hər il neçə-neçə məscidlər sökülüb yerində daha müasir binalar tikilirsə və hər kəs bu yeniliyi xoş hisslərlə qarşılayırsa, Bakının “Sovetski” məhəlləsindəki Hacı Cavad məscidinin sökülməsi  niyə bu qədər narazılıq doğurmalıdır ki?! Axı, “Sovetski”nin yenidən qurulması xoşniyyətli bir layihədir. Elə isə şəhərimizin ümumi görünüşünün yaxşılaşmasına, gözəlliyə və rahatlığa, sosial infrastrukturun inkişafına xidmət edən bu layihəyə elliklə dəstək olmalıyıq. Axı, İslam dini də gözəlliyi təlqin və təbliğ edir. Deməli, “Sovetski”nin abadlaşdırılmasına etiraz etmək heç də dini təəssübkeşlik nümunəsi sayılmır.

Elxan Salahov, “İki sahil”