17 noyabr 2017 21:46
587

Bərdədə 150-dən çox mexanizatorun sürücülük vəsiqəsi dəyişdirilib

Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin Bərdədə təşkil etdiyi səyyar xidmət zamanı Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarından olan 150-dən çox mexanizatorun vaxtı keçmiş sürücülük vəsiqələri dəyişdirilib, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışı həyata keçirilib.

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitələrinin texniki baxışı zamanı müasir cihazlardan istifadə edilib. Nəqliyyat vasitələrinin müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmadığı və texniki baxışdan keçmədiyi təqdirdə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nə əsasən fiziki şəxslərin əlli manat, vəzifəli şəxslərin yüz manat, hüquqi şəxslərin isə üç yüz manat məbləğində cərimə olunacağı bildirilib.

“Səyyar xidmət" bundan sonra da respublikanın bütün rayonlarını əhatə etməklə mütəmadi olaraq texnika mülkiyyətçilərinə yerində xidmət göstərməkdə davam edəcək.

Qeyd edək ki, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən respublikanın 15 regionunda traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahan-qeydiyyat məntəqələri yaradılıb. Müfəttişlikdə yaradılmış “Səyyar xidmət” qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi, verilməsi, qeydiyyatdan yayınmış texnikaların qeydiyyata alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi proseslərini həyata keçirir.

Qrup tərəfindən indiyədək rayonlarda beş mindən artıq mexanizatorun etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri dəyişdirilib, 250-dən artıq nəqliyyat vasitəsi texniki baxışdan keçirilib, 100-dən çox vətəndaşdan nəzəri imtahan qəbul edilib.