17 noyabr 2017 22:23
654

İslam həmrəyliyi islamofobiya ilə mübarizədə önəmli amildir

Kürdəmirdə rayon icra hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “İslamofobiya ilə mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə ziyalılar, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Bilik Fondunun Kürdəmir rayon nümayəndəsi Vüqar Nəsirov tədbirdə çıxış edərək, bu gün dünyada dini ayrı-seçkiliyin gücləndiyini, bunun isə dini zəmində qarşıdurmalara gətirib çıxardığını diqqətə çatdırıblar. Vurğulanıb ki, islamofobiya müsəlman ölkələrinə qarşı yönəlmiş məkrli və düşünülmüş siyasətin təzahürüdür.

Bildirilib ki, belə bir şəraitdə İslam həmrəyliyi önəmli əhəmiyyət kəsb edir. 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi, əslində, müsəlman dünyasına bir çağırışdır.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.