17 noyabr 2017 22:24
775

Əmək müfəttişliyi sahəsində Litva ilə təcrübə mübadiləsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndə heyəti Litvada səfərdə olub. Səfərdə məqsəd əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlərlə bağlı təcrübə mübadiləsinin aparılması olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Litva Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin rəisi Yonas Gricius və müfəttişliyin digər rəsmiləri ilə görüş olub.

Görüş zamanı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə Azərbaycanda Beynəlxalq Əmək Təşkilatının layiqli əmək konsepsiyasının reallaşdırılması, sosial dialoqun inkişafı, xidmətin potensialının artırılması, əmək hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib. Xidmət rəisi bildirib ki, ölkəmizdə əmək və məşğulluq sahəsində aparılan siyasət beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir. Bunun ifadəsi olaraq cari ilin iyununda Azərbaycan Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzv seçilib, eyni zamanda Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə mövqe tutan Azərbaycan həmin Hesabatda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yerə yüksəlib.

Əmək və sosial müdafiə sisteminin elektron texnologiyalar üzərində qurulduğunu qeyd edən Xidmət rəisi 2014-cü ilin iyulundan ölkəmizdə Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin fəaliyyət göstərdiyini, sistemin mühüm üstünlüklərini diqqətə çatdırıb.

Y.Gricius Azərbaycanda əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi, əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan işlərin onlarda maraq doğurduğunu, ikitərəfli əməkdaşlıq çərçivəsində bu sahədə təcrübə mübadilələrinin aparılmasına xüsusi əhəmiyyət verildiyini vurğulayıb.

Sonra Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi barədə təqdimat olub.

Görüş iki qurumun fəaliyyətlərinə dair təqdimatlarla davam edib, təcrübə mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti Litva Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin iş şəraiti ilə də yaxından tanış olub.

Nümayəndə heyətinin üzvləri Litva parlamentinin əmək və sosial siyasət komitəsinin sədri Algirdas Sysas ilə də görüşərək ölkəmizdə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün aparılan islahatlar, əmək hüquqları sistemi, işçilərin hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib, müvafiq sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar.