17 noyabr 2017 22:24
643

Sumqayıtda törədilmiş qətl hadisəsinin üstü peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində açılıb

Sumqayıt şəhərində törədilmiş ağır cinayətin üstü prokurorluq və daxili işlər orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində açılıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, cari il noyabrın 9-da Həsənova Nuridə Bəhram qızının üzərində bıçaqla yetirilməyə xarakterik deşilmiş-kəsilmiş xəsarətləri olan meyitinin yaşadığı Sumqayıt şəhəri, 7-8-12 məhəllə, ev 78A, mənzil 19-da aşkarlanması barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Hadisə yerindən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Şəhər prokurorluğunun və polis idarəsinin əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Sumqayıt şəhər sakini Nəsibli Firuz Şadət oğlu tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində törədilməsində əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.