17 noyabr 2017 22:25
1445

IDEA Heyvanlara Qayğı Mərkəzində sahibsiz itlərin sterilizasiyası üzrə aksiya keçirilir

Noyabrın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsünə əsasən, IDEA Heyvanlara Qayğı Mərkəzi İctimai Birliyinin təşkilatçılığı və Təmiz Şəhər ASC-nin dəstəyi ilə Bakının Balaxanı qəsəbəsində yerləşən sahibsiz itlərinin kütləvi sterilizasiya edilməsi, peyvəndlənməsi və birkalanması üzrə aksiyaya start verilib.

IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Almaniyadan ölkəmizə könüllü əsaslarla səfər edən baytar həkimlər də iştirak edir. Noyabrın 24-nə kimi davam edəcək aksiya IDEA Heyvanlara Qayğı Mərkəzinin baytarlıq klinikasında keçirilir.

Məlum olduğu kimi, Bakı şəhərinin Balaxanı qəsəbəsi, xüsusən də “Təmiz Şəhər” ASC-yə məxsus olan məişət tullantıların poliqonu və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sahibsiz itlər üçün sığınacağı küçə itlərinin ən sıx olduğu ərazilərdir. Bu baxımdan, təşkil edilən aksiya zamanı məhz bu ərazilərdə mövcud olan itlər sterilizasiya ediləcək.

Bakı və onun ətraflarında sahibsiz ev heyvanların populyasiyasının sürətlə artması bir çox problemlərə səbəb olur, o cümlədən insanların və heyvanların sağlamlığına təhlükə təşkil edir. Qeyd etmək lazımdır ki, bir dişi it və onun balaları cəmi 7 ilə dünyaya 67000-ə qədər bala gətirə bilər.

Bir çox ölkələrdə tətbiq edilən CVNR üsulu (tut-axtala-peyvəndlə-burax) sahibsiz küçə heyvanlarının sayının tənzimlənməsi və rifahının təmin edilməsinin ən effektiv və humanist yoludur. Buna görə, IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyətə başladığı gündən heyvanların intensiv şəkildə sterilizasiyası və peyvəndlənməsi ilə məşğuldur. Bununla həmin heyvanların nəzarətsiz çoxalması və quduzluğa yoluxmasının qarşısı alınır.