04 avqust 2018 00:47
1793

Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir

Dövlətimizin başçısının iştirakı ilə Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi bu diqqətin əsas tərkib hissələrindəndir

“Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir. Mən dəfələrlə demişəm ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi  bizim üçün prioritet məsələdir.”

Dövlətimizin başçısı İlham Əliyev Qarabağ,  Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində bir daha bu əminliyi ifadə etmişdir ki, bu il də, gələn il də  yaxşı nəticələr  olacaq. Artıq ilkin proqnozlar verilib: “Beləliklə,  maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında  duran əsas vəzifələrin, infrastruktur layihələrin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib sizin problemlərinizi həll edəcəyik.”  

Ölkə Prezidentinin hər çıxışında bu reallıq da önə çəkilir ki,    Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edib. Təbii ki,  bu uğurlu, təkmil  sosial-iqtisadi siyasətin nəticəsidir.  Yazılarımızda daim sosial dövlət anlayışının mahiyyətinə diqqət yönəldərək,  təhlillər fonunda ölkəmizin bu sahədə böyük uğurlara imza atdığını, özünü sosial dövlət kimi təsdiqlədiyini aydın görürük.  Dövlətimiz  özünün bütün vətəndaşlarının iqtisadi və ictimai tərəqqisinə imkanlar  yaradır. Nəticə etibarilə bir nəfərin inkişafı hamının inkişafının şərti kimi çıxış edir. Bu baxımdan sosial dövlət vətəndaşların  yüksək rifahının təminatçısıdır”. Əmək haqlarının, pensiyaların artırılması  müsbət dinamikanın göstəricisidir. Azərbaycanın sosial-iqtisadi uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır və qarşıdakı dövr üçün proqnozlar açıqlanır. Belə ki, bu günlərdə  “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin hesabatında Azərbaycan iqtisadiyyatında növbəti dövrdə 3 faiz iqtisadi artımın proqnozlaşdırılması ölkəmizdə iqtisadi artım tempinin bu il daxil olmaqla gələcək illərdə qorunub saxlanacağından xəbər verir. Bu il Azərbaycanda 2 faiz iqtisadi artım proqnozlaşdırılır. Növbəti illərdə Azərbaycanda daha sürətli iqtisadi artımın əldə ediləcəyi gözlənilir. O baxımdan “Standard & Poor’s” tərəfindən yüksək iqtisadi artım tempinin proqnozlaşdırılması birmənalı şəkildə məhz Azərbaycanda aparılan islahatların iqtisadi artıma birbaşa təsirindən xəbər verir.  Ümumi daxili məhsuldakı artım,  xarici ticarət balansındakı 4,5 milyard dollarlıq müsbət saldo, strateji valyuta ehtiyatlarımızın 44 milyard dollara çatması nəticə etibarilə ölkəyə daxil olan valyutanın həcminin artmasının göstəricisidir. Bu da təbii ki, makroiqtisadi stabilliyin qorunub saxlanılması baxımından olduqca vacibdir. Makroiqtisadi stabilliyin qorunub saxlanılması həm də Azərbaycan üçün ÜDM-də artım tempinin qorunub saxlanılmasına, növbəti illərdə daha sürətli artımın əldə edilməsinə zəmin yaradır. Bu hesabatda, eləcə də ölkəmizdə növbəti illərdə 3 faizlik artımın proqnozlaşdırılması Azərbaycan üçün müsbət məqamdır və beynəlxalq şirkət tərəfindən ölkəmizdə iqtisadi artımın qiymətləndirilməsi kimi xarakterizə olunmalıdır.

“Fitch” beynəlxalq reytinq agentliyinin reytinqində Azərbaycanda sosial, siyasi stabilliyin uzunmüddətli dövrdə qorunub saxlanacağı bildirilir.  Bu təşkilat tərəfindən ölkəmizdə həm bu il iqtisadi artımın proqnozlaşdırılması, həm də Azərbaycanın valyuta ehtiyatlarının məhz bu kontekstdən növbəti illərdə artımın proqnozlaşdırılması və xüsusən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın dövlət gəlirlərinə birbaşa təsir göstərən amillərdən hesab olunur.  Qurumun hesabatı növbəti dövrlərdə ölkəmizdə stabilliyin qorunun saxlanılmasından xəbər verir. Bu da ölkəmizin kredit reytinqinə və bütövlükdə ölkəmizin qeyri-neft sektoruna daha çox investisiya cəlb etməsinə zəmin yaradacaq.

Ölkəmizin əmək haqqı siyasəti sahəsindəki uğurları bu günlərdə Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun hesabatında da   yüksək dəyərləndirilib. Belə ki,  MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayan qurumun  nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir. Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncü pillədə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb.

Göründüyü kimi, yüksək rifahın təmin olunmasını həyata keçirdiyi siyasətin önündə saxlayan dövlətimizin atdığı addımlar beynəlxalq səviyyədə də təqdir edilir.  Bu məqamı da xüsusi vurğulamaq lazımdır ki,  Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə  günün əsas çağırışlarından olan yoxsulluqla mübarizə hər zaman önə çəkilir, ölkəmizin bu sahədəki təcrübəsi nümunə göstərilir. Son 15 ildə  yoxsulluq həddinin 49 faizdən 5 faizə enməsi təbii ki, uğurlu sosial-iqtisadi islahatların nəticəsidir.  Prezident İlham Əliyev bildirir ki, ən ucqar kəndlər də  iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir: “Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz-vətəndaşlara eyni şərait yaratmaq.” Regionların, həmçinin  Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası dövlətimizin başçısı İlham Əliyevin rayonlara səfəri çərçivəsində açılışı və təməlqoyma mərasimləri keçirilən sosial obyektlərin say təkibindən də daha aydın görünür. Ölkə Prezidenti bildirir: “Regionların inkişafı daim diqqət mərkəzində olmuşdur... Mən hər il bölgələrə səfərlər edirəm. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir.” Bu rəqəmi də  açıqlamaq  yerinə düşər ki, Dövlət proqramlarının uğurlu icrası nəticəsində son  15 ildə  bir milyon 600 mindən artıq yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin yaradılmasının  daimi proses olduğunu önə çəkən cənab İlham Əliyev bildirir ki, çünki bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik. Bu inam da ifadə olunur ki, görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək və 15 il bundan əvvəl qarşıya qoyulan vəzifə təmin ediləcək- Azərbaycanda yoxsulluq tamamilə aradan götürülməlidir: “Növbəti illərdə biz daha çox şaxələndirməyə diqqət yetirməliyik və bizim hökumətimizin diqqət yönəltdiyi sahələr müasir texnologiya və kənd təsərrüfatıdır.”   2017-ci ildə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində görülən işlər də göz önündədir.  Bölgələr üzrə ixtisaslaşmanın aparılması və dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə müşavirələrin keçirilməsi, cari ildə qeyd edilən sahələrin inkişafına dair Dövlət proqramlarının təsdiqlənməsi   qarşıya qoyulan məqsədlərə geniş yol açır. “Çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair  2018-2025-ci illər üçün Dövlət Proqramı”, “Çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqamı” və s. kimi sənədlər  iqtisadiyyatın şaxələndirilməsinin dövlət siyasətinin əsası olduğunu bir daha təsdiqləyir. 

Təkmil islahatlar fonunda yeni hədəflərin gundəmə gətirilməsi və həyata keçirilməsi istiqamətində atılan addımlar da davamlı inkişafı şərtləndirir. Ölkə Prezidenti  İlham Əliyevin  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında”  Fərmanı və bu sənədə əsasən müxtəlif istiqamətləri əhatə  edən yol xəritələrinin hazırlanması və icrası deyilənlərə bariz nümunədir. Strateji Yol xəritələri arasında əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edən addımlar  xüsusi diqqət çəkir. Bu, cənab İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində “Əhalinin sosial müdafiəsi prioritetdir” cağırışının  təsdiqidir.  Bu vacib məqam da qeyd olunmuşdur ki, iqtisadi  inkişafa uyğun olaraq əmək haqları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. Dünyada iqtisadi və maliyyə böhranının yaşanması ilə əlaqədar bəzi ölkələrdə sosial ödənişlərin azaldığına  baxmayaraq ölkəmizdə   müxtəlif sahələrdə çalışanların əmək haqları, pensiyaları mütəmadi olaraq artırılır. Cari ilin arxada qalan aylarında  bu istiqamətdə atılan addımlara diqqət yetirmək kifayətdir.  Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə mənzillərin və avtomobillərin verilməsi də sosial müdafiəyə ehtiyacı olanlara dövlətin göstərdiyi diqqət və qayğının əsas tərkib hissələrindəndir. Cənab İlham Əliyev bu kateqoriyadan olan insanların məşğulluq problemlərinin həllinin  də daim diqqətdə olduğunu bildirir. Artıq genişmiqyaslı özünüməşğulluq proqramının icrasına başlanıb.

Sosial mənzillərin inşası istiqamətində atılan addımlar, özünüməşğulluğun təminatına yönələn “ABAD mərkəz”lərin yaradılması və uğurlu fəaliyyəti də  insan amilinə verilən dəyərdən qaynaqlanır. Bu kimi addımlar dövlətimizin başçısı İlham Əliyevin  7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından və 23 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanından irəli gələn vəzifələrin uğurlu icrasıdır.

Qeyd olunan mərasimdə ölkə Prezidenti İlham Əliyev  müharibədən, işğaldan əziyyət çəkən soydaşlarımıza diqqət və qayğının həyata keçirilən siyasətin əsas tərkib hissələrindən olduğunu bildirmişdir. Son illərdə  100-ə yaxın qəsəbə salınıb,  üç yüz minə yaxın köçkün  evlərlə, mənzillərlə təmin edilib. Statistikaya əsasən, son 15 ildə  məcburi köçkünlərə  yemək xərci üçün  verilən aylıq  müavinət  4 dəfə, kommunal xidmətlərə görə  vəsaitin məbləği 4,5 dəfə  artırılıb.  Sosial müdafiənin yaxşılaşdırılması istiqamətində  atılan addımların nəticəsi olaraq  məcburi köçkünlər və qaçqınlar  arasında yoxsulluq  azalaraq 75 faizdən 12 faizə enib.  Dövlətimizin başçısı İlham Əliyevin son “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aydıq müavinətin artırılması haqqında” Sərəncamı bu diqqət və qayğının davamlığının göstəricisidir.

“Bu siyasət davam etdiriləcək” söyləyən dövlətimizin başçısı İlham Əliyev iqtisadi imkanların artırılmasını vacib amil kimi diqqətə çatdırır. Beynəlxalq maliyyə qurumlarının proqnozlarında da bu statistika xüsusi yer tutur ki, enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla vəsait daxil olacaq ki, bu da öz növbəsində büdcənin sosialyönümlülüyünü artıracaq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha mühüm tədbirlər həyata keçiriləcək. Hər dövrün çağırışlarının lazımi səviyyədə yerinə yetirilməsi yeni-yeni hədəflərin müəyyənləşdirilməsini bir tələb kimi ortaya qoyur. 2020-ci ilə qədər olan dövr üçün   əsas hədəflər inkişaf etmiş ölkələr sırasında addımlamaq, yüksək gəlirli ölkəyə çevrilmək, bu günə qədər 3 dəfədən çox artan ümumi  daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır.  

Yeganə Əliyeva, “İki sahil”