07 avqust 2018 14:17
1021

İşğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır

Xəbər verildiyi kimi, avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib.

Mərasimdə dövlət başçısı geniş və məzmunlu nitq söyləyib. Prezident nitqində Azərbaycanın iqtisadi inkişafı, sosial siyasətdə əldə edilən uğurlarla yanaşı, ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərindən də geniş danışıb.

Azərbaycan Prezidentinin fikirlərində problemin həllinə yanaşmada iki aspekt diqqəti daha çox cəlb edir. Cənab İlham Əliyev Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən keçən üç aya yaxın dövr ərzində bu barədə ilk dəfə geniş danışıb. Dövlətimizin başçısı Ermənistanın hazırkı vəziyyətinin qısa, lakin aydın və dəqiq izahını verib: “İşğalçı dövlət indi ağır günlər yaşayır. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal xunta rejimi çökdü. Onların işğalçı siyasəti iflasa uğradı. Onların bu vəziyyətə düşməsinin əsas səbəbi işğal siyasətidir. Çünki əgər işğal siyasəti olmasaydı, Ermənistan regional layihələrdən təcrid edilməyəcəkdi və beləliklə, bizim imkanlarımızdan faydalana bilərdi. Məhz işğalçılıq siyasətinə görə Ermənistan bu gün bu ağır, təcrid edilmiş vəziyyətdədir və iqtisadi inkişaf üçün heç bir perspektiv yoxdur, o vaxta qədər ki, Azərbaycanla münasibətlər normallaşmayacaq. Normallaşmanın da bir yolu var - işğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır”.

Siyasi ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin bu fikirləri Ermənistanın yeni hökumətinə bir mesajdır. Prezident burada Ermənistanın düşdüyü hazırkı vəziyyətin əsas səbəblərini göstərmiş və bildirmişdir ki, iyirmi illik “hərbi xunta rejimi” işğalçı ölkənin belə acınacaqlı duruma düşməsinin başlıca şərtidir. Bununla Azərbaycan rəhbəri Ermənistanın yeni hökumətinə daha sağlam və məntiqli düşünməyin vacib olduğunu xatırladır. Prezident bunu hətta çox açıq söyləyir: “Ermənistanın yeni hökuməti bunu yaxşı başa düşməlidir. Əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır. Düzdür, yeni hökumət indi daxili işlərlə daha çox məşğuldur, ancaq bildirməliyəm ki, onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar həm bizdə, həm bu məsələ ilə məşğul olan ölkələrdə və beynəlxalq təşkilatlarda təəccüb doğurur”.

Azərbaycan Prezidentinin bu fikirləri heç də təsadüfi deyil. Çünki Ermənistandakı hərbi xuntanın çöküşündə Azərbaycanın apardığı siyasətin təsiri danılmazdır. Bu siyasət həm dolayısı, həm də birbaşa yolla kriminal rejimin çöküşünü sürətləndirən amillərdəndir. Dövlət başçısı bunu açıq şəkildə ifadə edib: “Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq. Çünki kriminal xunta rejiminin çökməsində Azərbaycanın rolu da az deyil. Onları çökdürən və uçuruma aparan birinci zərbə iki il bundan əvvəl vurulub. Aprel döyüşləri onların çürümüş sütunlarını tamamilə sıradan çıxarıb və ondan sonra kriminal xunta rejimi uçuruma doğru getməyə başlamışdır. Bunu heç kim unutmamalıdır. Əgər iki il bundan əvvəl bu döyüşlər cəmi 4-5 gün davam edibsə və buna baxmayaraq, biz iki min hektar torpağı işğalçılardan azad etdik və indi minlərlə hektar torpağa biz nəzarət edirik... Bu ilin may ayında uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpaq işğalçılardan azad edildi”.

Prezident İlham Əliyev bununla açıq şəkildə bildirib ki, yeni hökumət özündən əvvəlki sələflərinin səhvlərini davam etdirəcəksə, onların da aqibəti eyni olacaq. Ermənistanın sabitliyinin və inkişafının yolu yalnız və yalnız işğalçılıq siyasətindən əl çəkməkdən, Azərbaycanın ərazilərini azad etməkdən keçir. Bunsuz regionda daimi sülhün bərpa olunması və eləcə də Ermənistanın regionun bir parçasına çevrilməsi mümkün deyil. Əlbəttə, burada Ermənistanın coğrafi mənsubiyyəti deyil, bölgədəki iqtisadi proseslərdəki iştirakı nəzərdə tutulur. Neçəki vəziyyət belə davam edəcək, Ermənistan bütün iqtisadi layihələrdən kənarda qalacaq. Çünki bu layihələrdə əsas iştirakçı və söz sahibi Azərbaycandır.

Münaqişə ilə bağlı Azərbaycan Prezidentinin nitqində ikinci aspekt torpaqların tezliklə və hansı yolla olursa-olsun azad edilməsinin vurğulanmasıdır. Dövlət başçısı regionda sülhün tam bərqərar olmasının və Azərbaycanın öz ərazilərinin azad edilməsi istiqamətindəki əzmini qəti əminliklə söyləyib: “Torpaqlarımız qaytarılmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Müharibədən əziyyət çəkmiş, həlak olmuş, əlil olmuş Azərbaycan vətəndaşları öz torpağında həlak olublar, əlil olublar, Ermənistan torpağında yox. Ona görə münaqişənin həllinin bir yolu var - işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Onda bölgədə sülh yaranar. Onda Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə bilər və dayanıqlı sülh yarana bilər”. 

Prezident onu da vurğulayıb ki, hazırda Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuzu vardır və bu, Dağlıq Qarabağ münaiqşəsinə münasibətin dəyişməsində də özünü göstərir. Azərbaycanın apardığı uğurli xarici siyasət nəticəsinə demək olar ki, bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır və Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Son aylarda Avropa İttifaqı ilə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, eləcə də NATO-nun zirvə toplantısında qəbul edilən yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı əhəmiyyətli dəstək ifadə olunub. Prezident bunu Azərbaycanın böyük siyasi qələbəsi kimi qiymətləndirib: “Bu, bizim növbəti diplomatik qələbəmizdir... Yəni, bunlar çox ciddi siyasi sənədlərdir, həqiqəti, beynəlxalq hüququ əks etdirən sənədlərdir. Eyni zamanda, işğalçı ölkəyə göndərilən çox ciddi siqnallardır. Onlar bilsinlər ki, mötəbər beynəlxalq təşkilatlar bu məsələni diqqətdə saxlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli yalnız bu prinsiplər əsasında ola bilər və olmalıdır”.

Azərbaycan Prezidentinin bu fikirləri deməyə əsas verir ki, aparılan siyasət düzgündür və tezliklə öz bəhrəsini verəcəkdir. Azərbaycanın həm siyasi, həm də hərbi gücü qısa müddətdə öz torpaqlarını azad etməyə imkan verir. Əgər Ermənistanın yeni rəhbərliyi bunu gec anlayacaqsa, o zaman Azərbaycanın bu gücdən istifadə etməsi labüdləşəcək və belə olan halda Ermənistanı heç kim xilas edə bilməyəcək.

Taleh Turqut, “İki sahil”