10 avqust 2018 14:29
977

İnfrastruktur layihələri ilə bağlı bütün vəzifələr ilin sonuna qədər icra edilməlidir

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, ölkə iqtisadiyyatında rəqabətqabiliyyətli qeyri-neft sektorunun, aqrar sahənin inkişafına nail olmaq əsas hədəflərdəndir

Ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının  böyük rola malik olduğu bugünkü reallıqlarımızdan daha aydın görünür. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən qeyri-neft sektorunun inkişafını qarşıya mühüm vəzifə kimi qoyaraq, regionların malik olduğu  potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarının icrasını diqqətdə saxlayır. 

Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Ölkə Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclaslarında daim bu məsələyə diqqət yönəldilir, konkret tapşırıqlar verilir.  Nazirlər Kabinetinin 2018-ci ilin birinci  yarısının sosial-iqtisadi  inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bildirmişdir: “İnfrastruktur layihələri ilə bağlı dövlət investisiya proqramında  nəzərdə tutulmuş bütün vəzifələr  ilin sonuna qədər  icra edilməlidir.” Qaz, su, elektrik enerjisinin təminatı ilə bağlı zəruri olan bütün addımlar atılır. İclasda  ölkə Prezidenti bu rəqəmi də açıqlamışdır ki,  ilin əvvəlində qarşıya  bu vəzifəni qoymuşduq ki,  qazlaşdırma bu ilin sonuna qədər  95 faizə çatacaq. Biz buna nail olacağıq.  Həmçinin  içməli  su layihələrinin icrası,  avtomobil yollarının tikintisi davam edir. “Bu il  plana görə  2 min kilometr  yeni avtomobil yolu  salınmalıdır və minimum  600 kənd yeni yollarla  təmin edilməlidir. Deyə bilərəm ki,  yol infrastrukturunun səviyyəsinə görə Davos Dünya İqtisadi Forumunun hesabatlarına əsasən, Azərbaycan dünyada  36-cı  yerdədir.”

Atılan bu addımlarda əsas məqsəd təbii ki, bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstəkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha  yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən “ABAD mərkəz”lərin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlətimizin başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. “Kənd təsərrüfatı qarşısında  duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirir ki, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir.     

Cənab İlham Əliyev bunu da bildirir ki, bu il kənd təsərrüfatı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilmişdir: “Mənim sədrliyimlə müxtəlif sahələr üzrə müşavirələr keçirilmiş, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq - bütün bu məsələlər çox geniş müzakirə edilmişdir. Dövlət proqramları hazırlanmış, təsdiq olunmuş və bütün hədəflər müəyyən edilmişdir. Bu proqramlar çox konkret xarakter daşıyır. Orada həm icra mexanizmləri, maliyyə vəsaiti nəzərdə tutulur.” Əsas məqsəd budur ki,  ölkənin hərtərəfli inkişafı təmin olunsun, ən əsası insanların sosial rifah halı daha da yaxşılaşdırılsın. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları  üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir.  Cənab İlham Əliyev bildirir : “Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı  məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.”  Cari ilin ötən dövrünün statistik rəqəmləri də enerji sektorundan asılılığın minimuma endirilməsinin prioritetliyinə işıq salır. Bu məqam hər zaman önə çəkilir ki,  əgər  sovet vaxtına nəzər salsaq görərik ki,  o vaxt bölgü aparılırdı.  Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq  təhlükəsizliyimizi tam şəkildə təmin edək.  Təbii ki, rayonlar üzrə aparılan ixtisaslaşma dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə həmin sahələrin inkişafına dair müşavirələrin keçirilməsi, prioritetlərin açıqlanması qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza  əsas yaradır. Əsas  hədəflərdən  biri   ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkələr sırasında görməkdir.

Özəl bölmənin əsas sahələrindən olan aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir.  Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac  potensialının artırılması məqsədilə  ölkədə müasir  aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. İclasda dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki,  yaradılmaqda olan aqroparklar bizim ixrac potensialımızı böyük dərəcədə artıracaq. Aqroparkların yaradılması ən müasir təcrübə kimi dəyərləndirilir. Aqroparkda  fermer artıq   satışın təşkili, saxlanma, təkrar istehsal kimi  məsələlərdən azad olur. Ölkə Prezidenti bu rəqəmləri də açıqlayır: “Dövlət  aqroparkların yaradılmasına böyük dəstək göstərir. Dövlət ancaq  infrastruktur  layihələrinə  200 milyon manatdan çox investisiya qoyub, sahibkarlara 100 milyon manatdan çox güzəştli şərtlərlə kreditlər verib. Ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Bu aqroparklara təqribən 1-1,5 milyard sərmayə  qoyulacaq.”

Qeyd edək ki,   son illərdə  əksər kənd təsərrüfatı  məhsulunun istehsal həcminin artım tempi ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib. Cari il üçün pambıqçılıq, üzümçülük, baramaçılıq, fındıqçılıq sahəsində nəzərdə tutulan plana diqqət yetirsək, növbəti illər üçün hədəflər özlüyündə açıqlanmış olur. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. “Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq” söyləyən cənab İlham Əliyev bildirir ki,  özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcək: “Yəni, bir sözlə, idxaldan asılılıq maksimum dərəcədə azalmalıdır. Bu, həm təhlükəsizlik üçün lazımdır, həm də biz valyuta ehtiyatımıza qənaət etməliyik.”

Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir: “Mən xatırlayıram, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində  bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və  müstəqil ölkə kimi yaşayırıq... Gələcəkdə daha da böyük işlər görüləcək.” 27 ilə yaxın   müstəqillik tarixinə malik olan Azərbaycan neft amilinin ölkə iqtisadiyyatının inkişafında önəmini gerçəkliyə çevirdiyi enerji layihələri ilə təsdiqlədi. Artıq son 15 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur.  Davamlı inkişafın əsası olan strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.

Sözsüz ki, müsbət göstəricilərimiz  verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. “Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı” söyləyən dövlətimizin başçısı bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafının bütün dövrlər üçün aktual olduğunu bildirir. Ölkəmizdə keçirilən biznes forumlar, həmçinin ölkə Prezidentinin bu və ya digər xarici ölkəyə səfəri zamanı iş adamları ilə  görüşləri iqtisadi imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Ölkədə sabitliyin, eyni zamanda normal biznes mühitinin mövcudluğunun nəticəsidir ki, son 15 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar investisiya qoyulub. Əsas məqsəd daxili investisiyaların həcmini artırmaqdır.

Qısa təhlil əsasında bu vacib məqam diqqət çəkir ki, özünüməşğulluğun təminatı, ən əsası sosial müdafiənin gücləndirilməsi əsasdır. Ailə təsərrüfatlarının inkişafına dəstəyin daha da gücləndirilməsi, hər bir ailənin öz məhsulu ilə tanınması üçün şəraitin yaradılması sağlam rəqabətə yol açır. Bu isə öz növbəsində məhsulun keyfiyyətini şərtləndirir. “İxrac məsələlərini mütəşəkkil qaydada, kompleks şəkildə həll etməliyik” söyləyən Prezident İlham Əliyev bu istiqamətdə fəaliyyətin intensivləşməsini tövsiyə edir. Bu sahədə yeni əlaqə vasitəsi olan “Azexport” portalının yaradılması,  Azərbaycanda istehsal olunan məhsullar barədə ətraflı məlumatların  xarici investorlara  çatdırılması yeni metod kimi sərfəlidir.

Ümumiləşdirmə aparsaq,   ölkə iqtisadiyyatında rəqabətqabiliyyətli qeyri-neft sektorunun,  aqrar sahənin inkişafına nail olmaq əsas hədəflərdəndir. Hədəfə çatmaq üçün  qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, dövlət dəstəyi artırılır,  iqtisadi zonalar, sənaye parkları  yaradılır, inzibati prosedurlar sadələşdirilir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki,  güclü iqtisadiyyat yaradaraq,  sosial məsələlərin həlli istiqamətində  addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan  vətəndaşının dayanmasından irəli gəlir.

Yeganə Əliyeva, “İki sahil”