13 avqust 2018 14:45
1630

Azərbaycan-Tacikistan münasibətlərində yeni mərhələ

Dövlətimizin başçısı İlham Əliyev Tacikistan Prezidentinin səfərinin ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verəcəyini bildirir

Xarici siyasətində iki və çoxtərəfli çərçivədə əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın bu istiqamətlərdə qazandığı uğurlar davamlılığı ilə diqqət çəkir. Qarşılıqlı səfərlər  əlaqələrin daha da möhkəmlənməsində, əməkdaşlıqda yeni-yeni istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.

Dövlətimizin başçısı İlham Əliyev əldə olunan uğurlara əsaslanaraq bildirir: “Beləliklə, apardığımız uğurlu xarici siyasət nəticəsində  Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc  mərkəzləri ilə  çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər  qura bilmişdir.  Bu münasibətlər qarşılıqlı inam, hörmət, biri-birinin işinə qarışmamaq prinsipləri əsasında  qurulur. Beləliklə, ölkəmizin  uğurlu inkişafı üçün çox gözəl  beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki, bu mühiti biz  yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə  ardıcıl siyasət aparacağıq.”

Dövlətimizin uğurlu daxili və xarici siyasəti əsas verir ki, hər gün mühüm hadisə ilə yadda qalsın.  Prezident İlham Əliyevin ardıcıl olaraq bu və ya digər ölkələrə səfəri, eyni zamanda digər dövlətlərin rəsmilərinin Azərbaycana səfəri malik olduğumuz imkanların təqdimatına öz müsbət təsirini göstərir. Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslar daim bu əməkdaşlığa geniş imkanlar açıb. Bu günümüz üçün nəzərə alsaq ki, dünya inkişafın Azərbaycan modelindən bəhs edir, öyrənilməsinin vacibliyini bəyan edirsə,  bu halda ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin say tərkibinin, coğrafiyasının genişlənməsi qaçılmazdır.

Azərbaycanın xarici siyasətində müsəlman ölkələri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. Tacikistan Prezidenti  Emoməli Rəhmonun ölkəmizə səfəri bu günümüzün əsas müzakirə mövzularındandır.  İki ölkə arasında münasibətlər  qədim tarixə malikdir. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir. Hər iki ölkə keçmiş ittifaqın tərkibində müttəfiq respublika olublar.  Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır.  Sovetlər birliyi dağıldıqdan və postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. İki ölkə arasında diplomatik münasibətlərin əsası 1992-ci ildə qurulub. Əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də  Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olub.

Bu günümüzün əsas çağırışlarından birinin İslam həmrəyliyinin möhkəmləndirilməsi olduğunu nəzərə alsaq səfərin əhəmiyyətini daha geniş çərçivədə şərh edə bilərik. Sirr deyil ki,  Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub,  İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. Azərbaycan  İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və bunlar davamlıdır. Ölkəmizin  İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar da  ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratdı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli elan olunması”, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi təsadüfi deyildi. Bu, müsəlman ölkələrini bir-biri ilə  daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüs idi: “Oyunlar təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var... Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar.” Ölkə Prezidenti, eyni zamanda, bu məqamı da diqqətə çatdırır ki, islamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir. Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda, biz öz milli mənəvi dəyərlərimizə sadiqik, buna bağlıyıq.

Ölkələr, xalqlar arasında oynadığı dostluq körpüsü roluna daim yeni-yeni əlavələr edən Azərbaycanın Prezidentinin bu və ya digər xarici ölkələrə, eyni zamanda, digər ölkələrin dövlət başçılarının ölkəmizə səfərləri təhlil edilərkən, sözsüz ki, bu mövqeyi daim diqqət çəkir.  Qeyd etdiyimiz kimi, Azərbaycan müxtəlif sivilizasiyaları, dinləri özündə birləşdirən ölkədir.  Bu müxtəliflik onun tolerant ölkə olmasının nümayişidir. Ölkəmizin hər sahədə təcrübəsi nümunədir. Reallaşdırılan hər bir səfər bu imkanların təqdimatına, təcrübə mübadiləsinə geniş imkanlar açır. Ölkə Prezidenti İlham Əliyevin bəyanatında da qeyd olunduğu kimi, səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verəcək: “Biz beynəlxalq arenada çox fəal qarşılıqlı fəaliyyət göstəririk. Tacikistan və Azərbaycan iştirak etdiyimiz beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birini dəstəkləyir və bu dəstək ölkələrimiz üçün çox əhəmiyyətlidir.”

Ölkələri, xalqları birləşdirən mühüm amillərdən birinin humanitar əməkdaşlıq olduğunu nəzərə alsaq, Azərbaycanla Tacikistan arasında bu sahədə əməkdaşlıq təqdirəlayiqdir. “Əlbəttə ki, münasibətlərimizin vacib hissəsini humanitar sahədə əməkdaşlıq təşkil edir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki,  burada  xalqlarımız arasında ənənəvi əlaqələrə istinad edirik. Bu əlaqələr bugünkü münasibətlər üçün yaxşı təməldir. Düşünürəm ki, qarşıdakı illərdə biz, həmçinin xalqlarımızın daim sıx təmasda olması məqsədilə ölkələrimizdə mütəmadi mədəni tədbirlər keçirmək üçün iş aparmalıyıq.

Tacikistan Prezidenti  Emoməli Rəhmon ölkəsinin  xalqlarımız arasında tarixi-mədəni birliyə və çoxəsrlik ənənələrə əsaslanan dostluq əlaqələrini yüksək dəyərləndirdiyini qeyd etmişdir: “Bu gün Tacikistan-Azərbaycan münasibətləri getdikcə inkişaf edir. Biz qarşılıqlı maraq doğuran əməkdaşlığımızın bütün istiqamətləri üzrə məhsuldar fəaliyyətimizin genişləndirilməsində və dərinləşdirilməsində maraqlıyıq. Əminəm ki, bu gün əldə edəcəyimiz razılaşmalar çoxşaxəli tərəfdaşlığımızı yeni məzmunla zənginləşdirəcək, daha yüksək və keyfiyyətli səviyyəyə çıxaracaq.”

Azərbaycanın müstəqillik tarixində qazandığı uğurları yüksək dəyərləndirən Tacikistan Prezidenti ölkəmizin beynəlxalq arenada mövqeyinin möhkəmlənməsindən məmnunluğunu ifadə etmişdir. Ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olmasını şərtləndirən amillərdən söz açan Emoməli Rəhmon bildirmişdir ki, ölkənin uğurunun parlaq nümunəsi onun paytaxtının simasının ildən-ilə dəyişməsidir: “Bakı bu gün haqlı olaraq dünyanın ən gözəl və müasir şəhərlərindən biri sayılır. Bütün bu nailiyyətlər Sizin cəmiyyət tərəfindən daha çox və hərtərəfli dəstəklənən uğurlu dövlət siyasətinizlə əlaqədardır.”

Regional əməkdaşlığa  davamlı töhfələr verən Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyi əlaqələrin yeni-yeni istiqamətlər üzrə inkişafında stimulverici amildir. Tacikistan Prezidentinin bəyanatında da bu məqamlar öz əksini tapmışdır: “Dostluq və əməkdaşlıq barədə müqaviləyə əsaslanaraq ötən illər ərzində biz münasibətlərimizin sanballı müqavilə-hüquq bazasını formalaşdırmışıq. Bu baza bu gün demək olar ki, əməkdaşlığın bütün sahələrini əhatə edir. Bu gün ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə yönələn ikitərəfli sənədlərin yeni paketi imzalanacaq.”

Hər bir səfər münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcıdır. İmzalanan sənədlər, keçirilən görüşlər zamanı ortaya qoyulan vahid yanaşmalar növbəti dövr üçün əlaqələrin inkişafına stimul verir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə  münasibətlərini qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında quran Azərbaycanın möhkəmlənən mövqeyi  yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yol açır.

Yeganə Əliyeva, “İki sahil”