13 avqust 2018 23:59
1641

Hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli-mənəvi dəyərlərində ehtiva olunur

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin növbəti 43-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı qəbul olunan qərar və bu qərara əsasən dövlətimizin başçısı İlham Əliyevin Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncamı Azərbaycanın milli-mənəvi dəyərlərinin, tarixi-mədəni irsinin qorunmasına və təbliğinə xidmət edən mühüm addımlardandır

Dövlətimizin başçısı İlham Əliyevin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncamı bir daha bu reallığa işıq saldı ki, milli-mənəvi dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunması və təbliği, eyni zamanda, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaq dövlət siyasətimizin əsas tərkib hissələrindəndir.

Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti 43-cü sessiyasına ev sahibliyi etmək hüququ əldə etmişdir. Bu mühüm hadisə ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafına, eyni zamanda, əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə verdiyi önəmdən irəli gəlir.

Azərbaycanla YUNESKO arasında əlaqələrin bugünkü inkişaf səviyyəsinə nəzər salmadan öncə milli-mənəvi, dini dəyərlərimizin, tariximizin, mədəni irsimizin qorunması istiqamətində atılan addımlara qısaca diqqət yetirək. Təbii ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli-mənəvi dəyərlərində ehtiva olunur. Əbəs yerə deyilmir ki, bir millətin, xalqın dəyərlərinin, dilinin əlindən alınması onun məhvi deməkdir. “Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, məni dəyərlərimizlə, milli mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik” söyləyən ulu öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə mədəniyyətimizin, milli-mənəvi sərvətimizin qorunması istiqamətində mühüm addımlar atmış və bu çağırışı etmişdir ki, gələcəyimiz olan gənclər milli-mənəvi dəyərlərimizi unutmamalı, tariximizi, ana dilimizi bilməli və qorumalıdır. Sovetlər dövründə xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə dininə, mənəvi dəyərlərinə sadiq qalmışdır. Ümummilli lider Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Məhz onun mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Dahi şəxsiyyətin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlılardan ibarət gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqı dəyərlərinin təbliği də həyata keçirilirdi.

Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həmin dövrdə əsası qoyulan ənənələr davam etdirildi, milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yönümündə davamlı addımlar atıldı. Ulu öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları, eyni zamanda milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edən 2001-ci il 13 avqust bəyanatı ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı, cəmiyyətin hər bir üzvünün qarşısında öz dilinə, milli-mənəvi dəyərlərinə bağlılığı bir vəzifə kimi qoydu.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, sovetlər birliyinin dağılması ilə yaranan, dünya birliyi üçün yeni proses olsa da, çox sürətlə yayılan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi, dini dözümlülük ənənələrinin qorunması üçün də əsl sınağa çevrildi. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərildi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı xalqlar və dinlərarası münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynadı.

Son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu istiqamətdə də atılan davamlı addımlardan daha aydın görünür. Prezident İlham Əliyev bildirir ki, milli dəyərlərimizə sadiq olmalı, qloballaşma adı altında milli mentalitetə xas olmayan keyfiyyətlər aşılanmamalıdır. Ölkəmizin ev sahibliyi etdiyi mədəniyyətlərarası dialoq forumlarında daim bu məqam önə çəkilir ki, Azərbaycan xalqlar, dövlətlər arasında körpü roluna yeni əlavələr etməklə beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir. Müasir dünyamızın əsas çağırışı olan multikultural cəmiyyətlərin formalaşmasına davamlı töhfələr vermək yönümündə Azərbaycanın əldə etdiyi uğurlar göz önündədir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm ölkəmizdə dövlət siyasətidir: “Artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir. XXI əsrdə multikulturalizmə alternativ yoxdur.” Əsas amalımızın multimədəniyyətli cəmiyyətlərin inkişafına töhfə vermək olduğunu diqqətə çatdıran ölkə Prezidenti İlham Əliyev bildirir ki, Azərbaycanda bu istiqamətdə toplanan təcrübə müsbət təcrübədir.

Ulu öndər Heydər Əliyevin “Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dilimizdən, adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik” tezisinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyevin söylədiyi “Azərbaycanın təcrübəsi hesab edirəm ki, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətlidir. Çünki bir daha demək istəyirəm ki, multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır” fikirləri ölkəmizdə mədəniyyətlərin sintezinin mövcudluğunun təsdiqi, eyni zamanda, milli-mənəvi dəyərlərimizə diqqət və qayğının göstəricisidir. Multikulturalizm meyillərinin gücləndirilməsi üçün səylərin birləşdirilməsi, birgə addımların atılması vacib şərt kimi diqqətə çatdırılır. Tolerantlıq Azərbaycan xalqının və dövlətinin milli- mənəvi dəyərləridir.

Qloballaşma əsrində təkcə mənsub olduğun xalqın milli - mədəni irsinin deyil, bütünlükdə bəşəri dəyərlərin mənfi təsirlərdən qorunması istiqamətində nəyəsə nail olmağın özü insandan fədakarlıq, qətiyyət və dünyamızda gedən proseslərə dərindən bələd olub, layiqli qiymətləndirmək bacarığı tələb edir. Bu baxımdan Azərbaycan mədəniyyətinin, milli- mənəvi sərvətlərinin qorunub saxlanılmasında, həmçinin Azərbaycan-YUNESKO əlaqələrinin inkişafında böyük xidmətləri olan, ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış, Azərbaycan xalqının düşüncə sistemində xüsusi yer tutaraq ali dəyərlərə söykənən Heydər Əliyev Fondunun proqram və layihələri ilə diqqəti cəlb edir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qarşısına qoyduğu məqsədə nail olmuş, Azərbaycanın tanıdılması baxımından tarixi xidmətləri ilə fərlənmişdir.

Beynəlxalq səviyyəli dialoqlarda iştirakı ilə bəşəri dəyərlərə sadiqliyini, Azərbaycanın dünya mədəniyyətinin bir parçası olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən Mehriban xanım Əliyeva “Mən bu kürsüdən istifadə edərək bir daha hamını əmin etmək istərdim ki, Heydər Əliyev Fondu Azərbaycanın bu günü və sabahı naminə gələcəkdə də çalışmağa hazırdır. Bu yolda bizə dəstək verən, yardım edən hər bir insana, hər bir quruma-istər dövlət, istər qeyri -dövlət qurumuna, -bizimlə birgə, əməkdaşlıq yaradan beynəlxalq təşkilatlara dərin minnətdarlığımı çatdırıram” söyləyərək, hər bir uğurun əsasında yüksək məsuliyyət hissinin dayandığını bildirir. Ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan ölkə Prezidenti İlham Əliyev Mehriban xanım Əliyevanı Vətənimizin ən ali mükafatı - “Heydər Əliyev mükafatı” ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır: “Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşür.” Bunu da xüsusi qeyd etməliyik ki, milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Eyni zamanda, dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun çox böyük rolu vardır. Azərbaycanı dünyada tanıtmaq üçün davamlı təqdimatlar, sərgilər, tədbirlər keçirilir. Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanıyır, öyrənir. Ölkəmizin 2015-ci ildə ev sahibliyi etdiyi ilk Avropa Oyunları, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, tarixinin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Oyunların açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkili bir daha bu reallığı ortaya qoydu ki, idman sağlamlıq olmaqla yanaşı, eyni zamanda bir siyasətdir. Bu tədbirlər yalnız idman tədbirləri deyil, bütün istiqamətlərdə malik olduğumuz imkanların təqdimatıdır.

Bütün bu uğurlarımız Azərbaycanın müxtəlif mövzularda beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsini şərtləndirir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün ictimai-siyasi, humanitar mərkəzə çevrilib. Əvvəllər Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bu və ya digər ölkələrə səfər etməyə böyük ehtiyac yaranırdısa, bu gün ölkəmizin hər gün, hər həftə ev sahibliyi etdiyi beynəlxalq tədbirlər bunun üçün geniş imkanlar yaradır. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul olunmuş qərara əsasən, Azərbaycanın 2019-cu ildə bu mötəbər qurumun 43-cü sessiyasına ev sahibliyi etmək hüququnu əldə etməsi də uğurlarımıza əsaslanır.

27 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan beynəlxalq təşkilatlarla əlaqələrini uğurla davam etdirir. Ölkəmizin YUNESKO ilə əməkdaşlığı 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlamışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan və YUNESKO əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini belə əsaslandırmışdır ki, hər bir xalqın mədəni irsi onun milli sərvətidir. Azərbaycan xalqının mədəniyyəti dünyanın ən qədim mədəniyyətlərindən sayılır.

Qeyd edək ki, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi söz ustalarının və “Kitabi-Dədə-Qorqud” dastanları yubileylərinin YUNESKO xətti ilə yüksək səviyyədə qeyd olunması, İçərişəhər tarix-memarlıq qoruğunun “Dünya İrs Siyahısı”na salınması milli mədəniyyətimizin zənginliyinin dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməsinin parlaq təzahürüdür. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində qurduğu geniş əməkdaşlıq əlaqələri ölkəmizin milli-mədəni ənənələrə sadiq qalaraq dünya sivilizasiyasına inteqrasiyası üçün əlverişli şərait yaradıb. Bu siyasətin davamı olaraq ölkə Prezidenti İlham Əliyev YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilib.

YUNESKO ilə Azərbaycan arasındakı əlaqələr Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2004-cü ildə qurumun Xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə başlamışdır. Əvvəldə də qeyd etdiyimiz kimi, Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri YUNESKO-nun müvafiq siyahılarında yer almışdır. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin YUNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır. Bir sözlə, bu əməkdaşlıq Azərbaycanın sərvətlərinin beynəlxalq məkanda dəyərləndirilməsində bir körpü rolunu oynayır.

Yeganə Əliyeva, “İki sahil”