14 avqust 2018 23:56
1440

Şəffaflığın artırılması əsas hədəflərdəndir

Dövlətimizin başçısı İlham Əliyevin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı bir daha insan amilinə verilən dəyərə işıq salır

Ölkə Prezidenti İlham Əliyev bu reallığı hər zaman önə çəkir ki, biz inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyiriksə, bütün yeniliklərin ölkəmizdə tətbiqinə səy göstərməli, ən əsası bu inkişafın əsas aparıcı qüvvəsi kimi kiçik və orta sahibkarlığın inkişafını daha da sürətləndirməliyik.

Təbii ki, bu kimi addımlar cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” tezisinin reallıqda öz əksini tapmasına xidmət edir. Dövlətimizin başçısı hər çıxışında bu məqamı da qeyd edir ki, həyata keçirilən siyasətin əsasında vətəndaş amili dayanır. 2013-cü ildə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirilən bu fikirləri xatırlatmaq istərdik: “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!” Bütün sahələrdə şəffaflığın təminatı, əvvəldə də qeyd etdiyimiz kimi, yeniliklərin tətbiqi əsas hədəf kimi qarşıya qoyulub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət”” mərkəzlərinin, həmçinin “ABAD” publik hüquqi şəxsin yaradılması da davamlı uğurlara yol açmaqla yanaşı, şəffaflığın təminatında özünü müsbət təcrübə kimi doğrultmaqdadır. Azərbaycan brendi, məhsulu və ixtirası olan “ ASAN xidmət” İKT sahəsində əldə olunmuş ən müasir texnologiya, yenilikdir. Korrupsiya və rüşvətxorlğa qarşı mubarizədə ən etibarlı vasitə kimi özünü doğruldan “ASAN xidmət” mərkəzlərinə bu günə qədər milyonlarla müraciətin özü bu yeniliyin dəstəklənməsidir. Qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyevin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı, eyni zamanda 23 sentyabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanı da ölkədə məşğulluq probleminin həllinə, sosial müdafiənin gücləndirilməsinə, eyni zamanda ailə təsərrüfatlarına dəstək kimi dəyərləndirildi. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır. Yarandığı qısa müddət ərzində “ABAD”ın xidmətlərinin genişliyi bütün məsələlərin kompleks həllinə, ən əsası ailə təsərrüfatlarının inkişafına, özünüməşğulluğun təminatına böyük təsir göstərir.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən təkmil iqtisadi islahatların fonunda güclü sosial siyasətin həyata keçirilməsini qarşıya mühüm məqsəd kimi qoydu. Məhz uğurlu addımların nəticəsidir ki, bu gün Azərbaycan dünyada sosial dövlət kimi tanınır və nüfuz qazanır. “İqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” tapşırığı biri-birindən önəmli addımları şərtləndirərək, bugünkü nəticələrdə öz əksini tapıb. Son 15 ildə bir milyon 600 mindən artıq yeni iş yerinin yaradılması, işsizlik və yoxsulluq həddinin 5 faiz səviyyəsində olması zamanın tələbinə uyğun olaraq aparılan təkmilləşmənin nəticəsidir. Müqayisəli təhlil etsək, 15 il bundan öncə yoxsulluğun səviyyəsi 49 faiz idi. İşsizlik probleminin həllinə yönələn tədbirlər məşğulluğa da öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nda bu məqsəd öz əksini tapıb ki, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi ölkədə aparılan sosial iqtisadi siyasətin əsas prioritet istiqamətini təşkil edir.

Dövlətimizin başçısının son “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı da insan amilinə verilən dəyərdən qaynaqlanır. Belə ki, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə imzalanan bu sənədə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradılması nəzərdə tutulur. Fərmanda icrası nəzərə tutulan vəzifələrə diqqət yetirdikdə bu sahədə şəffaflığın təminatının daha da sürətləndiriləcəyi aydın görünür. “DOST” mərkəzlərində xidmətlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi, vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsinin, həmçinin vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlərin həyata keçirilməsinin təminatı kimi məsələlər öz əksini tapıb.

Hər addımında özünə diqqət və qayğının, ən əsası yüksək rifahın təmin edilməsinin dövlət siyasətinin əsasını təşkil etdiyini görən əhali bu addımı da böyük rəğbətlə qarşılayır, xalq-iqtidar birliyinin sarsılmazlığı bir daha öz təsdiqini tapır. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da dövlətimizin insan amilinə verdiyi dəyər yüksək qiymətləndirilir və bu fikir proqnozlarda əksini tapır ki, Azərbaycanda bu inkişaf tempi davam edərsə, yaxın zamanlarda yoxsulluq səviyyəsi heçə enəcək. Bu məqamı da xüsusi qeyd etməliyik ki, müasir dövrün əsas çağırışı olan yoxsulluqla mübarizə sahəsində Azərbaycanın təcrübəsi bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə önə çəkilir və təqdir edilir. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsində də bu kimi uğurlarımzın rolu böyükdür. “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq tədbirin keçirilməsindən bizləri 7 illik zaman ayırır. Bu illər ərzində Azərbaycanın hansı uğurla imza atdığı göz önündədir. Enerji sektorunda qazanılan uğurlar, neft gəlirlərinin səmərəli istifadəsi nəticəsində mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsi Azərbaycanın hərtərəfli inkişafını şərtləndirir. Ölkəmiz iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirən, ən əsası islahatçı ölkə kimi tanınır. Ölkə Prezidenti bildirir: “Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar.”

Yeganə Əliyeva, “İki sahil”