15 avqust 2018 14:21
1603

Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır

Həm regionda, həm də dünya miqyasında sabitlik məkanı kimi tanınan Azərbaycan beynəlxalq birliyin etibarlı tərəfdaşı, xüsusilə strateji əhəmiyyətli layihələri reallaşdıran nümunəvi ölkə kimi öz sözünü deməkdədir. Azərbaycanın qüdrətlənməsi, yüksələn nüfuzu ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da ölkəmizin aparıcı rola malik olacağını deməyə əsas yaradır.

Ötən müddətdə xarici siyasətdə öhdəliklərə sadiqlik, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətləri önə çəkmiş ölkəmiz region dövlətləri ilə hərtərəfli əlaqələrinin genişləndirilməsində mehriban qonşuluq prinsiplərini əsas götürmüşdür. Azərbaycanın Xəzəryanı ölkələrlə əməkdaşlığının ildən-ilə genişlənməsi də bu baxımdan diqqəti cəlb edir.

Bu günlərdə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin başçılarının V Zirvə toplantısı da əlamətdar hadisələrlə yadda qaldı. Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edərək geniş müzakirələr apardılar. Xəzəryanı ölkələrin energetika, dəniz nəqliyyatı, balıqçılıq, ekologiya, Xəzərin bioloji müxtəlifliyinin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində əldə olunan uğurlar və qarşıda duran vəzifələr müzakirə predmeti oldu. Toplantıda iştirak edən dövlət başçısı İlham Əliyev bu ölkələr arasında dostluq, mehribanlıq münasibətlərinin mövcudluğunu bir daha önə çəkdi: “Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”.

Ölkə başçısı Azərbaycanın Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasındakı fəal rolundan danışdı, xatırlatdı ki, 2010-cu ildə Bakıda keçirilmiş sammit bugünkü nailiyyətlərin təməlidir: “2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini vermişdir. Həmin Zirvə toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Orada ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılmışdır. Sammitdə, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri razılaşdırılmışdır. Bu prinsiplər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir”.

Prezident İlham Əliyev qeyd edib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi onun dibinin və səthinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq tərəflər arasında sektorlara bölünməsi prosesinin başa çatdırılmasına kömək edəcək:  “Bu kontekstdə Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanmış sazişlərin böyük əhəmiyyət daşıdığını xüsusi qeyd etmək istərdim. Bununla yanaşı, Azərbaycan “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın və onun protokollarının, eləcə də “Xəzər dənizində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş”in razılaşdırılması prosesində də fəal iştirak etmişdir. Bu istiqamətdə aparılan beştərəfli qarşılıqlı fəaliyyətin mühüm nəticəsi kimi cari il iyulun 20-də Moskva şəhərində Xəzəryanı dövlətlər arasında Çərçivə Konvensiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair Protokolunun imzalanmasını yüksək dəyərləndiririk”.

Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, onun bioresurslarının mühafizəsi və artırılmasının ölkəmiz üçün prioritet məsələlərdən biri olduğunu deyən ölkə başçısı son illər Azərbaycanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən söz açdı. Vurğulandı ki, Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə mövcud sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr icra edilir: “Müstəqillik dövründə Azərbaycanın həyata keçirdiyi neft-qaz əməliyyatları da ən yüksək beynəlxalq ekoloji standartlara cavab verir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR neft-qaz əməliyyatları zamanı ISO Beynəlxalq Standartlaşma Təşkilatının tələblərinə uyğun idarəetmə sistemi qurmuş və sertifikatlaşdırmışdır. Bu istiqamətdə həyata keçirilən layihələr Dünya Bankı Ekspert Şurası tərəfindən iki dəfə “Ali Mükafat”a layiq görülmüşdür. 2015-ci ildən etibarən Azərbaycanda neft-qaz əməliyyatları aparan bütün şirkətlər üçün ən müasir avadanlıqlarla təchiz edilmiş Tullantıların İdarə Edilməsi Mərkəzi yaradılmışdır”.

Prezident İlham Əliyev Azərbaycanın Xəzərdə 260-dan çox gəmisi olan donanmaya malik olduğunu xüsusi vurğulayıb. Bildirib ki, bu gəmilərin bir hissəsi yüklərin fasiləsiz tranzitinin təmin edilməsi işində əsas rol oynayır: “2013-cü ildə Azərbaycanda ən müasir texnoloji standartlara cavab verən gəmiqayırma zavodu istifadəyə verilmişdir. Bu zavodda bütün növ gəmilər, o cümlədən yük gəmiləri, tankerlər, hərbi gəmilər, neft-qaz əməliyyatlarında istifadə edilən gəmilər istehsal oluna bilər. İndiyədək onlarca gəmi tikilərək istifadəyə verilib, 100-ə yaxın gəmi isə təmir edilib. 2017-ci ildə istifadəyə verilən, 400 milyon ABŞ dollarına yaxın dəyərində “Xankəndi” gəmisi dünyada ən yüksək beynəlxalq standartlara uyğun şəkildə inşa edilmiş bu cür mövcud 10 gəmidən biridir. Hesab edirəm ki, Xəzəryanı ölkələr bu zavodun imkanlarından istifadə edə bilərlər. Bu ilin may ayında Azərbaycanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının inşası başa çatıb. Limanın yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, qısa müddət ərzində limanın imkanları 25 milyon tona çatdırıla bilər. Ələt limanının inşası Azərbaycanın Xəzərdə nəqliyyat-logistik infrastrukturun inkişafına verdiyi növbəti töhfələrdən biridir”.

Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısının ən mühüm hadisəsi əlbəttə ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması oldu. Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalandı.

Sənədlərin imzalanması mərasimindən sonra Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev imzalanmış Konvensiyanın tarixi əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, Azərbaycanın bu sənədin hazırlanması və imzalanması prosesinə verdiyi töhfə olduqca böyükdür: “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyənləşdirən bu mühüm sənədi bu gün imzaladığımız üçün həmkarlarıma fəal işlərinə görə təşəkkürümü bildirmək istərdim. Konvensiya imzalanana qədər də bizim ikitərəfli və çoxtərəfli münasibətlərimiz kimi Xəzər təhlükəsizlik, sabitlik dənizi və Xəzərdə sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır”.

Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısının gedişi bir daha göstərdi ki,  dövlətlər əməkdaşlığın mövcud səviyyəsindən razıdırlar və münasibətlərin bundan sonra da inkişafında maraqlıdırlar. Əminliklə demək olar ki, dövlət başçıları tərəfindən imzalanmış sənədlər Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.

Sevinc Azadi, “İki sahil”