17 avqust 2018 14:28
1726

Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib

Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı və Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasından bəhs etdikdə xüsusi vurğulamaq lazımdır ki, bu, ilk növbədə əldə olunmuş geniş konsensusun və tərəflər arasında incə balansın nəzərə alınmasının nəticəsidir. Bu baxımdan da Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir.

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Prezident İlham Əliyevin “Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib”- deyə bildirməsi ölkəmizin sözügedən diplomatik uğurun əldə olunmasındakı rolunu bir daha müəyyən edir.

Söhbət ondan gedir ki, danışıqların getdiyi 22 il ərzində Azərbaycan beş Xəzəryanı dövlət içərisində Xəzərin statusunun həlli məsələsində ən konstruktiv, ardıcıl və elmi cəhətdən əsaslandırılmış mövqe nümayiş etdirib. Eyni zamanda, Xəzərin hüquqi statusuna dair Konvensiyanın ilk konseptual layihəsi məhz Azərbaycan tərəfindən hazırlanıb və tərəflərə təqdim edilib. Bu amil həmin dövrdə danışıqlar predmetinin müəyyən edilməsində müstəsna rol oynayıb. Bundan əlavə, hazırda Konvensiyada öz əksini tapmış Xəzər dənizinin akvatoriyasında sahilyanı dövlətlər üçün müəyyən edilən 15 millik ərazi suları və 10 millik balıqçılıq zonası üzrə razılıq, eləcə də dənizdə tərəflərin əməkdaşlığının əsasını təşkil edən fundamental prinsiplər üzrə razılaşma 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin üçüncü Zirvə toplantısında əldə olunub. Həmçinin Konvensiyanın ərsəyə gətirilməsi Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda digər Xəzəryanı ölkələrlə birlikdə Xəzər hövzəsində qarşılıqlı etimada, dostluğa, xoş niyyətə və əməkdaşlığa əsaslanan münasibətlər qurmağa müvəffəq olmasının nəticəsi kimi də qiymətləndirilə bilər.

Ölkə başçısının Konvensiya imzalanana qədər də Xəzəryanı ölkələrin ikitərəfli və çoxtərəfli münasibətlərinin Xəzər dənizində sabitliyin və təhlükəsizliyin qarantı olmasını vurğulaması beş ölkə arasında yüksək səviyyədə əməkdaşlığın, etimad və qarşılıqlı fəaliyyət mövcudluğunun əhəmiyyətinin göstəricisidir ki, bu da təhlükəsizliyin və sabitliyin başlıca amilidir.

Nəticə etibarilə Prezident İlham Əliyevin “Bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur. Təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır” deməsi Konvensiyanın əhəmiyyətinə bir daha aydınlıq gətirməklə yanaşı, onun gələcək perspektivlərini də müəyyən edir.

Azərbaycanın son illərdə nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırdığını xatırladan Prezident İlham Əliyev həyata keçirilən layihələrin  bu gün ölkəmizə Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verdiyini qeyd edib. Burada Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizi xüsusi vurğulanmalıdır. Sözügedən nəqliyyat dəhlizləri iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, regional əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir. 

Söhbət, həmçinin ondan gedir ki, bu il İranla Rusiya arasında Şimal-Cənub dəhlizi üzrə yükdaşımaları 100 dəfədən çox artıb. Azərbaycan ərazisində bu istiqamətdə bütün işləri başa çatdırmaqla yük axınının artmasını gözləyir. Eyni ilə, Azərbaycan Avropa və Asiya dəmir yollarını birləşdirən layihəni həyata keçirib və bu dəhlizlə də yük axınının xeyli artmasında maraqlıdır. Konvensiya Xəzər dənizində gəmiçilik və ticarətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən dəniz üzgüçülüyünün azadlığı və təhlükəsizliyinin təmin olunması prinsiplərini təsbit  edir. Bununla da Konvensiya Xəzəryanı ölkələri dünyamiqyaslı mühüm tranzit qovşağa çevirməklə əlavə imkanlar yaradır.

Konvensiya dənizdə həyata keçirilən layihələrin icrası ilə əlaqədar olaraq Azərbaycanın xarici şirkətlər və korporasiyalarla əməkdaşlığını tanıdığını  təsbit edir və onun davam etdirilməsinə və genişləndirilməsinə imkan yaradır. Bu sənəd ölkəmizin maraqlarına tam cavab verməklə, onun dənizdə həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı layihələrinin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərinin davamlılığını və təhlükəsizliyini təmin edir. Konvensiya bu tip fəaliyyətlərin həyata keçirilməsini nəinki məhdudlaşdırmır, hətta onların daha da genişləndirilməsinə münbit zəmin yaradır.

Artıq 70 ilə yaxındır ki, həm də Xəzər dənizindən hasil edilən neft hesabına dünyanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Azərbaycan Xəzərin ekoloji inkişaf, sabitlik zonasına çevrilməsi istiqamətində də əhəmiyyətli addımlar atır. Bütövlükdə Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşmasına fəal töhfə verir. Azərbaycanın gördüyü tədbirlərin,  xüsusən neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəfləndiyini diqqətə çatdıran dövlətimizin başçısı mətbuata bəyanatında ölkəmizin müstəqillik dövründə həyata keçirdiyi bütün neft-qaz əməliyyatlarının İSO beynəlxalq standartlarına uyğun olduğunu vurğulayıb.

Bütövlükdə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya, həmçinin Azərbaycanın əməkdaşlığı davam etdirmək niyyətinin təzahürüdür. Məsələ bundan ibarətdir ki, Azərbaycan üçün Xəzər dənizində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi hər zaman böyük əhəmiyyət kəsb edib. Prezident İlham Əliyevin çıxışında  “Əlbəttə, bugünkü imzalanma mərasimi qarşımızda yeni perspektivlər açır. Biz əməkdaşlığı davam etdirmək niyyətindəyik”- deyə bildirməsi Azərbaycanın bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı münasibətlərə malik olmasına, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanır. Bu isə həmçinin  Konvensiyada dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin təməl prinsiplərdən biri kimi müəyyən olunması üçün baza formalaşdıran amildir. 

Sənəddə, eyni zamanda, Xəzər dənizinin dibinin beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla sektorlara bölünməsi qaydası təsdiq olunur, sektorlarda aparılan təsərrüfat-iqtisadi fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə orada yerləşən təsərrüfat obyektlərinin müvafiq təhlükəsizlik zonalarına malik olduğunu göstərir. Bundan başqa, Konvensiya hər bir dövlət üçün onların suveren və müstəsna hüquqlara malik olduğu ərazi suları və balıqçılıq zonalarını müəyyənləşdirir.

Ümumilikdə isə Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısının yekun nəticəsi ondan ibarətdir  ki, Xəzər ölkələri ayıran deyil, birləşdirən məkandır. Bununla da  sözügedən sənəd hər bir sahilyanı dövlətin iqtisadi və təhlükəsizlik maraqlarının vəhdətini təşkil edir.

Ceyhun Piriyev, “İki sahil”