17 avqust 2018 23:46
2091

Azərbaycan regionda mühüm sabitləşdirici amil rolunu oynayır

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin təşəbbüsləri regional əməkdaşlığa və bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə istiqamətlənib

İştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri ilə regional əməkdaşlığa davamlı töhfələr verən Azərbaycan bu istəyini, eyni zamanda,   müxtəlif formatlarda birliklərin yaradılmasında da  ortaya qoyur. Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi  üçtərəfli əməkdaşlıq formatları  deyilənlərin əyani sübutudur Üçtərəfli əməkdaşlıq   formatı, ümumilikdə,  regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında iqtisadi-ticari əlaqələrinin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır. O da məlumdur ki, Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə və digər formatlar ölkəmizin təşəbbüsü ilə yaranmış və  səmərəli fəaliyyət göstərirlər.

Ekspertlər reallıqlara söykənərək, bu fikri bildirirlər ki, Azərbaycanın, ölkə Prezidenti  İlham Əliyevin irəli sürdüyü  təşəbbüslər və onların gerçəkləşməsinə xidmət edən addımlar  yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr vəd edir. Bu, Azərbaycanın regionda lider rolunu, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirir.

Dövlətimizin başçısı İlham Əliyevin ötən ilin sonlarında  üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən Tehran Zirvə görüşündə bir daha bu reallığı diqqətə çatdırmışdır ki, əməkdaşlığımız səmimidir, dostluq, qarşılıqlı hörmət əsasında  qurulub və bu əməkdaşlıq xalqlarımız, ölkələrimiz üçün  çox önəmlidir və region üçün çox böyük əhəmiyyət kəsb edir. 2016-cı ilin avqustundan, yəni  Bakıda keçirilən ilk Zirvə görüşündən ötən dövr ərzində  hər bir ölkənin əldə etdiyi uğurlara, eyni zamanda, ikitərəfli əməkdaşlıq çərçivəsində  münasibətlərin bu günü və gələcəyi üçün atılan addımlara diqqət yönəldilərək, bu əminlik də  ifadə olunmuşdur ki, bu formatda əməkdaşlığın inkişafı bu günümüzün əsas çağırışlarındandır. “Biz mehriban qonşuluq siyasətimizlə, öz imkanlarımızdan  istifadə etməklə  ölkələrimizin və xalqlarımızın inkişafı üçün bir-birimizə kömək etməliyik” kimi fikirlər mövcud problemlərimizin həllində səylərin birləşdirilməsinin aktuallığını təsdiqləyir. Bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunan Xəzərin hüqüqu statusu ilə bağlı Konvensiyanın imzalanmasında da Azərbaycanın xarici siyasətinin önundə dayanan ikitərəfli əlaqələrin yüksələn xətlə inkişafı əhəmiyyətli rol oynayır.  Azərbaycan bu gün dünyaya iqtisadi, siyasi, humanitar sahədə  əməkdaşlıq nümunəsi nümayiş etdirir. Tərəfdaş ölkələrlə qarşılıqlı maraqlara əsaslanan münasibətlər, sabitliyin təmin olunması üçün fəal siyasi-iqtisadi fəalyyət, ölkələrin daxili işlərinə qarışmamaq sülhün bərqərar olmasına, ərazi toxunulmazlığının qorunmasına, bəşəriyyətin rifahına istiqamətlənib. Ölkəmizin bu prinsipial mövqeyi onun  beynəlxalq münasibətlər sistemində yerinin və rolunun artmasına, daha da möhkəmlənməsinə yol açır.  Azərbaycan bu gün dünyada islahatçı ölkə kimi tanınır və nüfuz qazanır. Son 15 ildə  davamlı təkmil islahatların nəticəsində Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi nüfuz qazanıb.  Bu uğurlarımızda  ulu öndər Heydər Əliyevin müəllifi olduğu  neft strategiyasının rolu böyükdür.  Dünyaya açılan pəncərə kimi dəyərləndirilən Bakı-Tbilisi-Ceyhan və  Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsinin ardıcıllarının sayı artmaqdadır. Artıq dünya bu gün “Cənub Qaz Dəhlizi”nin, TANAP-ın perspektivlərindən bəhs edir. Bunların davamı olaraq  2020-ci ildə TAP-ın istifadəyə verilməsi nəzərdə tutulur. Çoxtərəfli əməkdaşlığa yol açan bu layihələrin əsası təbii ki, regional çərçivədə əməkdaşlıqla qoyulmuşdur. Başlanğıc layihələrin əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan idi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  bu dövlətlərin siyasi iradəsi və qətiyyəti əsasında reallığa çevrilən BTC və BTƏ neft-qaz kəmərləri regional əməkdaşlığa böyük töhfə verməklə yanaşı, sabitliyin, təhlükəsizliyin qarantıdır. Ötən ilin oktyabrında istifadəyə verilən, əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan BTQ dəmir yolu  Avropanı Asiya ilə birləşdirən layihədir.  

Hazırda karbohidrogen ehtiyatlarının təhlükəsiz və vaxtında ixracı məqsədilə yeddi marşrutdan istifadə edilir. Avropanın yeni mənbələr və nəql marşrutları ilə təmin edilməsi ilə bağlı ixrac boru kəmərlərinin daha da şaxələndirilməsi davam etdirilir. TANAP və TAP kimi XXI əsrin nəhəng və mühüm transmilli enerji layihələrinin icrasının başa çatması Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında yerini və rolunu daha da artıracaq.  Beləliklə, bu  layihələrin reallaşması təkcə iqtisadi dividend deyil,  sülhə və siyasi sabitliyə, sosial rifaha xidmətdir.  Düşünülmüş,  gələcəyə hesablanmış  inkişaf modeli  Azərbaycanı bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən asılılığı olmayan,  müstəqil dövlət kimi nüfuzunu artırıb.  Azərbaycan müstəqilliyini yenidən  bərpa etdikdən, daha dəqiq desək, 1993-cü ildə ulu öndər Heydər Əliyevin  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  sonra region, dünya ölkələri və beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir. Bu səmərəli əməkdaşlığın və münasibətlərin nəticəsində dövlətimiz regional və beynəlxalq əhəmiyyətli layihələri uğurla reallaşdırmışdır.

Beynəlxalq səviyyəli tədbirlərdə də bu reallıq xüsusi qeyd olunur ki, iki qitə dövlətləri arasında əməkdaşlığa, sosial rifaha, sülhə, barışığa, dinc birgəyaşayışa  stimul verən  transmilli layihələrin təşəbbüskarı,  lideri Azərbaycandır. Bu günlərdə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasında da Azərbaycanın göstərdiyi səylər yüksək dəyərləndirilmişdir. Azərbaycan dövləti daim Xəzərin dostluq, əməkdaşlıq dənizi kimi nüfuz qazanması istiqamətində addımlar atmış,  sahilyanı dövlətlərlə  əməkdaşlığın inkişafı fonunda ümumi ortaq mövqenin ortaya qoyulmasına nail olunmuşdur. Bu mühüm hadisə də regional əməkdaşlığın inkişafında Azərbaycanın nə qədər maraqlı olduğunu nümayiş etdirdi.

Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında daim qeyd olunduğu kimi, Azərbaycan bütün məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinə səy göstərir.  Xəzərin hüquqi statusu məsələsi illərdən bəri əsas müzakirə olunan məsələlərdən olsa da, sonda  əldə olunan nəticə səylərin birləşdirilməsinin qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün stimul olduğunu bir daha təsdiqlədi.  Məhz Azərbaycan hər bir məsələyə beynəlxalq hüququn norma və prinsipləri baxımından münasibət bildirməklə  ədalətli mövqeyini ortaya qoyur, etibarlı tərəfdaş imicini qazanır.

Yeganə Əliyeva, “İki sahil”