16 oktyabr 2018 00:58
3413

Sabitliyin təməlində düşünülmüş siyasətimiz dayanır

Yaxın günlərdə müstəqillik tarixinin 27-ci  ilini tamamlayacaq Azərbaycan bu gün beynəlxalq aləmdə sabitlik adası, sabitləşdirici faktor kimi nüfuz qazanıb, beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Müqayisəli təhlil əsasında ölkəmizin bu mövqeyinin ona qazandırdığı uğurların miqyasının nə qədər geniş olduğunu görərik. 1991-ci ildən 1993-cü ilin yayına qədərki dövrü tarixinə xaos, anarxiya, özbaşınalıq illəri kimi yazan Azərbaycan ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günə kimi  düşünülmüş və məqsədyönlü siyasət nəticəsində daxili sabitliyi fonunda beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirib, etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür.

Bu günlərdə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da sabitlik amilinin davamlı uğurlara geniş yol açdığı əsaslı şəkildə diqqətə çatdırıldı.   «Bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki,  Azərbaycanda  təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir: «Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır. Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət, əfsuslar olsun ki, aradan qaldırılmır. Belə olan vəziyyətdə biz əlbəttə ki, özümüzü mümkün olan xarici risklərdən daha da ciddi qorumalıyıq və qoruyuruq. Bir daha qeyd etmək istəyirəm, Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik.»

Son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollar vəsaitin qoyulması  Azərbaycanın bu gününə və gələcəyinə olan inamdan, eyni zamanda xarici və yerli iş adamlarının normal fəaliyyəti üçün imkanların mövcudluğundan irəli gəlir. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, xarici investorlar qoyacaqları vəsaitlərin təhlükəsizliyinə tam əmindirlər. Təkcə cari ilin  doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub.  Bu məqam da sevindiricidir ki, həmin  vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. İqtisadiyyatın şaxələndirilməsinin prioritetliyi əldə olunan nəticələrdən daha aydın görünür. Cənab İlham Əliyev iqtisadiyyatın inkişafında neft-qaz amilinin rolunu daim önə çəkərək, bu əsas məqamı da xüsusi vurğulayır ki, enerji sektorundan asılılıq minimuma endirilməlidir.

Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə  verdiyi önəm  təbii ki, onun uzaqgörən siyasətinin nəticəsi idi. 1994-cü il  sentyabrın 20-də  imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın qarşısında geniş imkanlar açdı. Dünya iqtisadiyyatına inteqrasiya sürətləndi, istər iştirakçı, istərsə də dünya dövlətlərinin iqtisadi imkanlarının davamlılığı təmin edildi. «Əsrin müqaviləsi»nin 23 illiyi ərəfəsində «Yeni əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinə, ən əsası gələcəyimiz üçün geniş imkanların mövcudluğuna bir daha işıq saldı. Dövlətimizin başçısı İlham Əliyev müqavilənin 2050-ci ilə qədər uzadılması haqqında qərarı belə dəyərləndirmişdir: «Görün, bu kontraktın nə qədər böyük əhəmiyyəti var ki, artıq yarım əsrdən çox müddətdə Azərbaycan xalqına xidmət edəcəkdir.» Cənab İlham Əliyev 2018-ci ildə enerji sektorunda əldə olunan uğurlar sırasında «Cənub Qaz Dəhlizi»nin rəsmi açılışını, həmçinin onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsini xüsusi önə çəkərək qeyd etmişdir ki, bu layihənin  uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq: «Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq. Ondan sonra bunu nəzərə alaraq, biz o ölkələrdə yeni infrastruktur layihələri icra edə bilərik.» Neft-qaz gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə qorunması uğurlu sosial-iqtisadi layihələrin icrasını sürətləndirir ki, bu da öz növbəsində ölkənin hərtərəfli inkişafını şərtləndirir.

Hansı sahənin inkişaf göstəricilərinə diqqət yetirsək, sabitlik amilinin oynadığı rol özünü qabarıq şəkildə büruzə verir. Daxili siyasətin davamı kimi dəyərləndirilən xarici siyasətdəki uğurlırımız da göz önündədir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dostlarımızın sayı artmaqdadır. Təkcə cari ilin ötən dövründə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına xidmət edən qarşılıqlı səfərlərin, həmçinin beynəlxalq tədbirlərin say tərkibinə, müxtəlif mədəniyyətlərin, dinlərin qovşağında yerləşən ölkə olaraq dövlətlər, xalqlar arasında körpü roluna verdiyi töhfələrə diqqət yetirsək, Azərbaycanın sabitləşdirici faktor kimi nüfuzu diqqətdən kənarda qalmır. Almaniya Kansleri Angela Merkelin «Azərbaycan ənənələri olan ölkədir» dəyərləndirməsi özündə bir çox məqamları birləşdirir. Həmçinin Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Tərəfdaşlığın prioritetləri» adlı sənəd ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olmasının təsdiqidir.

Bu kimi faktları xeyli sayda sadalamaq olar. Ölkəmizdə sabitliyin təminatçısı olan xalq-iqtidar birliyinin sarsılmazlığı, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi Azərbaycanın hər sahədə təcrübəsini nümunə edir. Bu fikir beynəlxalq səviyyədə də qeyd olunur ki, ölkə əhalisinin Prezidentinə inam və etimadının böyük olduğu ölkədə inkişaf qaçılmazdır. Azərbaycan bu sahədə nümunə göstərilir. 11 aprel prezident seçkilərindən əvvəl Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» proqramının sifarişi əsasında keçirilən sorğunun nəticələrində də sabitliyin, xalq-iqtidar birliyinin inkişafı şərtləndirən əsas faktorlar olduğu açıqlanmışdır. Cari ilin ötən dövründə istər Avropa İttifaqı, istərsə də quruma üzv olan dövlətlərlə əlaqələrin inkişafında başlanan yeni mərhələ bir daha deyilənlərin təsdiqidir.

Yeganə Əliyeva, «İki sahil»