22 oktyabr 2018 22:26
3820

Azərbaycan və Türkiyə qarşıda duran bütün hədəflərə uğurla çatırlar

Dövlətimizin başçısı İlham Əliyev «Star» neft emalı zavodunun açılış mərasimində iki dost, qardaş ölkənin birgə səyləri, siyasi iradəsi nəticəsində reallaşan layihələrə diqqəti yönəldərək bu fikri böyük əminliklə ifadə etmişdir ki, bu mühüm hadisə ilə  dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk

Bu gün istər ölkə, istərsə də dünya mətbuatında iqtisadi və siyasi əhəmiyyəti geniş müzakirə olunan «Star Rafineri»n açılışı Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin sarsılmazlığını bir daha nümayiş etdirdi. «Türkiyə dünya miqyasında söz sahibidir. Bölgədə və dünyada Türkiyə ilə hesablaşırlar, Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Bu, bizi çox sevindirir. Çünki Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında qardaşlıq, həmrəylik nümunəsi göstərirlər. Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririk» söyləyən dövlətimizin başçısı İlham Əliyev açılış mərasimində  bildirmişdir ki, Türkiyə və Azərbaycan birgə səylər, güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır.

Keçilən yola qısa nəzər salsaq, görərik ki,  Türkiyə və Azərbaycanın  birgə səyləri, qarşılıqlı faydalı əməkdaşlığı nəticəsində  gerçəkləşdirilən  irimiqyaslı layihələr  strateji tərəfdaşlığı səciyyələndirən mühüm məqamlardır.  Cari ilin ötən dövründə   enerji sektorunda əldə olunan mühüm uğurlar sırasında xüsusi yer alan “Cənub Qaz Dəzlizi”nin əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi də iki dost, qardaş ölkə arasında birliyin təsdiqi kimi şərh edildi. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Türkiyə ilə Azərbaycanın  siyasi iradəsi və qətiyyəti sayəsində  reallaşdırılan  layihələr bu gün nəinki iştirakçı, eyni zamanda, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına geniş imkanlar açır. Dövlətimizin başçısı İlham Əliyevin daim çıxışlarında qeyd etdiyi kimi, ilk olaraq regional əməkdaşlığın  qurulmasına və inkişafına önəm verildi. BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi növbəti layihələrin gündəmə gətirilməsinə,  ən əsası çoxtərəfli əməkdaşlığa yol açdı.

Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir layihə əməkdaşlıq əlaqələrinin dünəninə və bu gününə bir daha işıq salır,  perspektivlərin müəyyənləşdirilməsində bir növ katalizator rolunu oynayır. Bu baxımdan cənab İlham Əliyev bildirmişdir ki,  “Star Rafineri”nin açılışı timsalında birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük: “Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək.” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  neft emalı zavodunun açılışını  enerji sahəsində  həmrəyliyimizi gücləndirmək üçün uzun müddət  gördüyümüz  işlərin ən mühüm və konkret örnəklərindən biri kimi dəyərləndirmişdir: “Dünyanın ticarət müharibələri  və böhranlarla sarsıldığı bir dövrdə  bir-bir açılışını etdiyimiz bu layihələrin  ölkələrimizi  həm ayrılıqda öz qayələrinə, həm də  ortaq hədəflərinə yaxınlaşdırdığına inanıram. Hər şeydən əvvəl  6,3 milyard dollarlıq bir sərmayə- “Star” neft emalı zavodu.”

Ölkə Prezidenti ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına davamlı töhfələr verən, daim uğurun izlədiyi SOCAR-ın  həyata keçirdiyi investisiya layihələrindən də geniş bəhs edərək, “Star”ın açılışını böyük səylərin, investisiyaların nəticəsi kimi diqqətə çatdırmışdır.  Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyev SOCAR-ın qarşısında  modern, beynəlxalq  quruma çevrilməyi  əsas məqsəd kimi qoymuşdur. SOCAR-ın müxtəlif ölkələrdə, o cümlədən qardaş Türkiyədə reallaşdırdığı  investisiya layihələri onun beynəlxalq nüfuzunu daha da artırdı, beynəlxalq qurumlar sırasında addımlamağını şərtləndirdi.

“Star”ın açılışı mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  SOCAR-ın  2008-ci ildən etibarən enerji sahəsində  mühüm layihələr həyata keçirdiyini önə çəkərək bildirmişdir ki,  SOCAR “Star” neft emalı zavodunu məhz  bu sərmayə ilə  ölkəmizə qazandırmışdır: “Son  30 ildə  həyata keçirilən ən böyük  real sektor sərmayəsi olan “Star” neft emalı  zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq, inşallah, uğurla  fəaliyyət göstərəcək.”

“Star Rafineri”nin yaradılması üçün  Azərbaycanın 6,3 milyard dollar yatırım etdiyi vurğulanarkən, bu rəqəm də açıqlanmışdır ki,  növbəti mərhələdə  əlavə 700 milyon dollar yatırım ediləcək.  Bu, Azərbaycanın xaricə qoyduğu ən böyük yatırımdır. “Star”ın  Türkiyənin ən böyük  enerji layihəsi olduğunu da nəzərə alsaq,  neft məhsulları idxalında  hər il 1,5 milyard  dollar məbləğində  qənaət edilməsi, neft məhsullarında  xaricdən asılılığın  azalması hədəflənir.  Gündə  214 min barrel, ildə 10 milyon  ton xam neft emalı gücünə və 1,6 milyon kubmetr ehtiyat saxlama qabiliyyətinə malik zavodda  dizel, nafta, təyyarə  benzini kimi neft məhsullarının istehsalı həyata  keçiriləcək.

Müəssisənin istifadəyə verilməsi sosial müdafiənin gücləndirilməsi, işsizlik və məşgulluq  probleminin həlli baxımından da  diqqətçəkəndir.  Belə ki, bu müəssisədə  1100 nəfərin çalışacağı  bu qənaətə əsas verir ki,  zavod  Türkiyə və Azərbaycan iqtisadiyyatına fayda verməklə yanaşı,  Egey bölgəsinin  rifahını yüksəldəcək.

Zavodun istifadəyə verilməsi  digər enerji layihələri kimi,  bölgədə təhlükəsizliyin, sabitliyin təminatına da böyük töhfədir. Türkiyə Prezidenti  açılış mərasimində bu çağırışı etmişdir: “Dostluğa, həmrəyliyə, birlikdə qazanmağa istiqamətlənmiş hər bir təklifə açıq olduğumuzu burdan bir daha  bildirmək istəyirəm.  Hazırda açılışını etdiyimiz  müəssisə məhz  bu faydalı  əməkdaşlığın ən gözəl nümunəsidir. Hamını belə  əməkdaşlığa dəvət edirik.”

Regional və beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə xidmət edən hər bir layihənin uğurlu sonluqla başa satması digər layihələrin gündəmə gətirilməsini bir zərurət kimi ortaya qoyur. TANAP-ın istifadəyə verilməsi mərasimində    «TANAP ortaq baxışımızın ən son bəhrəsidir» söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu inamı ifadə etmişdir ki,   TANAP, həmçinin qarşıdakı illərdə  həyata keçirəcəyimiz yeni layihələrin də  müjdəsidir. Təbii ki, bu layihələri şərtləndirən əsas amil ümumi yanaşma əsasında hədəflərə birgə səylər nəticəsində nail olmaqdır.  Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, regmonal çərçivədə qurulan əməkdaşlığın coğrafiyası genişlənərək, bu gün çoxtərəfli formada özünü büruzə verir.  

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirilən   layihələr  regionun inkişafında,  Avropa və Asiya arasında  mühüm enerji, kommunikasiya dəhlizinin yaradımasında  böyük rol oynayır.  Bu inam da   ifadə edilmişdir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da  bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində  mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək. Böyük iqtisadi gücə sahib olan Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulub. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir.  “Türkiyənin xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verdi ki, Türkiyəyə böyük yatırımlar qoyulsun” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulub, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaq. Cari ilin iyununda istifadəyə verilən TANAP, həmçinin bu günlərdə açılışı olan “Star” neft emalı zavodu   Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin daha da möhkəmlənməsinə qoyulan sərmayə kimi dəyərləndirilir.

Yeganə Əliyeva, “İki sahil”