26 oktyabr 2018 14:35
3319

Naxçıvanın sosial-iqtisadi inkişafı: dayanıqlılıq və müqavimətlilik

Əsasları xalqmızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən müasir iqtisadi siyasət ölkənin və onun regionlarının davamlı istehsal mexanizmlərinin çevikliyini təmin etmişdir. Ucqar kəndlərdə belə kiçik və orta sahibkarlıq təşəbbüslərinə stimul verilməsi, məhsul istehsalının tələbata uyğun olması sahəsindəki perspektivlərin artırılması, daxili bazarın qorunması və onun yerli məhsullarla dolğun təminatı, bununla da iqtisadi artım göstəricilərinin yüksələn dinamikasının təşəkkülü Naxçıvan Muxtar Respublikasının hazırkı sosial-iqtisadi inkişafının ən mühüm mənzərəsini təqdim edir. Sevindirici haldır ki, bu proseslər artıq 2018-ci ilin ötən dövrünü də əhatə etmişdir. Yanvar-sentyabr aylarında da muxtar respublikada makroiqtisadi siyasət milli iqtisadi prioritetlərə köklənərək daha da məhsuldar olmuşdur. Bunun nəticəsində ötən 9 ayda ümumi daxili məhsul istehsalı 2 milyard 5 milyon 227 min 500 manat təşkil etmişdir. Təbii ki, bu isə muxtar respublikada iqtisadi artımı şərtləndirən çox mühüm amildir.

İqtisadiyyat inkişaf etdikcə, sosial sahədəki təminatların daha səmərəli mexanizmlərini özündə əks etdirdikcə, əhalinin artan tələbatları qarşısında daha da mütərəqqi potensial formalaşdırdıqca bu, özünü rifah göstəricilərinin də artmasında göstərməkdədir. Fikrimizi ÜDM-nin hər bir nəfərə düşən həcminə aid etsək bunu açıq şəkildə görə bilərik. Belə ki, bu göstərici sosiallaşan iqtisadiyyatın çox mühüm ifadəsi olmaqla, ötən dövrdə 4417 manat təşkil etmişdir.

Artıq müxtəlif regionlarda Sənaye parklarının yaradılması və bu sahədəki potensialın səfərbər edilməsi, eləcə də bu sahə ilə bağlı digər təsisatların yaradılması muxtar respublikanın da iqtisadiyyatına əlavə güc qatmışdır. Aqrar bölgə olmasına baxmayaraq, iqtisadiyyatın sənaye potensialının artırılması burada strateji hədəflərə doğru mühüm addıma çevrilməkdədir. 450-yə yaxın sənaye müəssisəsinin fəaliyyət göstərdiyi muxtar respublikada sənaye sahəsində möhtəşəm infrastruktur potensialının yaradılmasına stimul vermişdir. Elə bunun da nəticəsində cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 800 milyon 260 min 400 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da sənayeləşmə siyasətinin səmərəliliyində yeni-yeni uğurlu səhifələr açmaqdadır.

Makroiqtisadi proseslərin hazırkı səviyyəsi iqtisadiyyatın xüsusi mülkiyyət şəraitində idarə olunması məsələlərinə daha da səmərəlilik gətirməkdədir. Bu isə təbii ki, özəl sektorun təşkilatlanması, sosial-iqtisadi inkişafdakı rolu ilə xarakterizə edilməkdədir. Belə ki, muxtar respublikada istehsal olunan sənaye məhsulunda özəl sektorun payı 95,6 faiz təşkil etmişdir ki, bu da bazar münasibətlərinin çox zəruri inkişafı mexanizmi kimi qeyd edilməlidir. Cari ilin ötən yanvar-sentyabr aylarının sosial-iqtisadi xronikasına diqqət edəndə aydın olur ki, muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 34 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 24 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması hazırda davam etdirilir. Qaşırdakı dövrlərdə bu, mövcud potensialın daha da artırılmasını təmin edəcəkdir.

2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, istehsal münasibətlərinin regional mahiyyətinin artırılması, güclü infrastruktur potensialının təmin edilməsi və s. kimi məsələlər muxtar respublikada sağlam iqtisadi mühitin dayaqlarını daha da gücləndirmişdir. Bu isə 2018-ci ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsaitlərin həcmində özünü göstərmişdir. Belə ki, həmin göstərici 779 milyon 920 min manat təşkil etmişdir. Muxtar respublikanın hər bir şəhər, rayon, qəsəbə və kəndlərində müasir təminatların, qurucluq tədbirlərinin, tikinti-quraşdırma işlərinin həcminin artmasında bu göstərici mühüm əhəmiyyəti ilə fərqlənmişdir.

Təsadüfi deyil ki, müvafiq dövr üzrə vəsait qoyuluşlarının 727 milyon 510 min manatı və ya 93,3 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir. Nəticə etibarı ilə qeyd edə bilərik ki, cari ilin yanvar-sentyabr aylarında muxtar respublikanın bütün ərazilərində bu proseslər davam etmiş və strateji istehsal potensialı yaradılmışdır. Fikrimizi muxtar respublika üzrə 129 müxtəlif təyinatlı obyektin tikilməsi, yenidən qurulması və ya əsaslı təmir olunması, 137 müxtəlif təyinatlı obyektin tikintisinin, yenidən qurulmasının və ya əsaslı təmirinin hazırda da davam etdirilməsi də təsdiqləyir. Məhz 2018-ci ilin yanvar-sentyabr aylarında 3 kənd mərkəzinin istifadəyə verilməsi, 7 kənd mərkəzinin tikintisinin davam etdirilməsi həmin uğurların ardı kimi böyük əhəmiyyətə malikdir. Qeyd edək ki, hazırda da, yəni 2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 369 min 500 kvadratmetr yaşayış sahəsinin istifadəyə verilməsi iqtisadiyyatın sosiallaşma göstəricilərini təşkil etməkdədir.

Muxtar respublikada iqtisadiyyatın əsas və aparıcı sahələrindən birini də kənd təsərrüfatı təşkil edir.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı, 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi, birinci mərhələdə 2012-ci il fevralın 14-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, ikinci mərhələdə isə 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə isə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublika əhalisinin ərzaq, meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli imkanlar və  daixili istehsal hesabına etibarlı təmin edilməsinə, eləcə də bu sahədə texniki dəstəyin göstərilməsinə imkan vermişdir. Eyni zamanda bu, tələbatdan artıq mövsümi məhsulların isə ixracına geniş imkanlar yaratmışdır.

Həmin hüquqi tənzimlənmənin və iqtisadi mexanizmlərin nəticəsində muxtar respublikada kənd təsərrüfatı sahəsində məhsul istehsalçılarının zəruri texnika və avandanlıqlarla təmin edilməsi mümkün olmuşdur ki, bu da kəndlərin iqtisadi cəhətdən inkişaf etməsinə hərəkətverici təsir göstərmişdir. Kənd təsərrüfatı sahəsində ixtisaslaşmanın həyata keçirilməsi, ailə təsərrüfatlarının yaradılması və fəaliyyətinin stimullaşdırılması, özünüməşğulluq imkanlarının artırılması, istehsal və xidmət sahələrinin davamlı perspektivlərinin təmin edilməsi məhz muxtar respublikanın mövcud iqtisadi inkişafının və sosial dayanıqlığının çox mühüm göstəriciləri olaraq ifadə edilməlidir.

Qeyd edək ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 319-u 2018-ci ilin yanvar-sentyabr aylarında olmaqla, cəmi 2373 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. Məhz 2018-ci ilin 9 ayında 215 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 45-i nağd yolla satılmışdır. Bəhs edilən dövrdə məhsul istehsalçıları 5082,5 ton mineral gübrə ilə təmin olunmuşdur. Bütün bu qeyd edilən tədbirlər muxtar respublikada kənd təsərrüfatını sosial-iqtisadi inkişafın təkanverici qüvvəsinə çevirmiş, müvafiq sahədə mühüm potensial formalaşdırılmışdır. Məhz bunlar 2018-ci ilin yanvar-sentyabr aylarında 352 milyon 466 min manatlıq kənd təsərrüfatı məhsulunun istehsal olunmasına səbəb olmuşdur.

Bütün bu qeyd edilənlərin nəticəsidir ki, artıq bu gün muxtar respublikada 382 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 256 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.

Bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın çox mühüm əhəmiyyətini qeyd etmək lazımdır. Nəticə etibarı ilə cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 2024 yeni iş yeri yaradılmışdır ki, bunun da 1989-u və ya 98,3 faizi daimi iş yerləridir.

Təbii ki, əhalinin məşğulluq səviyyəsi və imkanları artması, özünü bütün tərəfləri ilə yanaşı, həm də onların alıcılıq qabiliyyətliliyinin yüksəldilməsində də göstərməkdədir. Bunun nəticəsi olaraq əhalinin istehlak malları ilə etibarlı təminatı sahəsindəki potensialın artmasını qeyd edə bilərik. Belə ki, 2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 443 milyon 737 min 500 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir.

Əhalinin tələbatının dolğun qarşılanması, onların rifah göstəricilərinin artan miqyasda təşəkkülü, daxili təlabatın yerli istehsal hesabına ödənilməsi sahəsindəki göstəricilərin də artan dinamikasını təmin edə bilmişdir. Bu isə muxtar respublika iqtisadiyyatının idxaldan asılılığını minimuma endirən ən zəruri amillərin tərkib hissələrindədir. Təsadüfi deyildir ki, artıq 2009-cu ildən etibarən muxtar respublika iqtisadiyyatında xarici ticarət keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və ixrac əməliyyatları idxalı üstələmişdir. Nəticədə isə müsbət saldo yaradılmışdır. Fikrimizi rəqəmlərin dili ilə ifadə etsək aydın olar ki, 2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 344 milyon 334 min 800 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 306 milyon 639 min 400 ABŞ dollarını ixrac, 37 milyon 695 min 400 ABŞ dollarını idxal təşkil etmiş və 268 milyon 944 min ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır. Hesablamalar göstərir ki, artıq ixrac ümumi ticarət dövriyyəsinin 90 faizə yaxınını təşkil etmişdir. Bu potensialda idxalın həcmi isə 11 fazidən də aşağı düşmüşdür. Artıq yaranmış müsbət saldo ümumi ticarət dövriyyəsinin 78 faizdən artığını təşkil etmişdir.

Cari ilin yanvar-sentyabr aylarında 220 milyon 855 min 100 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur. Bu göstərici bəhs edilən dövr üzrə muxtar respublikadan 85 milyon 784 min 300 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunması ilə daha da möhtəşəmlik qazanmışdır. Artıq sənaye məhsullarının ixrac həcmi 64 faizdən artıqdır. Bu, kənd təsərrüfatı məhsullarının ixracı sahəsində isə 25 faiz təşkil etmişdir.

Son vaxtlar muxtar respublikada turizm səfərlərinin təşkili çoxməqsədli turizm perpsketivlərinin güclənməsini daha da sürətləndirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası və bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaratmışdır. Bütün bu kimi tədbirlərin nəticəsində 2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 333 min 745 turist gəlmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən artıqdır. Bu göstərici 1995-ci il üzrə olan 38,6 min nəfərlik turist sayından 9 dəfəyə yaxın çoxdur.

Beləliklə, Naxçıvan Muxtar Respublikasının cari ilin yanvar-sentyabr ayları üzrə sosial-iqtisadi inkişafı da çox böyük uğurlarla yadda qaldı. Bu, muxtar respublikanın mövcud potensialının daha da gücləndirilməsi ilə yanaşı, həm də milli iqtisadiyyatın perspektivləri baxımından da çox böyük əhəmiyyətə malikdir. Təbii ki, bu, qarşıdakı dövrlər üzrə daha böyük inkişaf səhifələrini açacaqdır.

Cavadxan Qasımov,
İqtisad üzrə fəlsəfə doktoru, dosent