29 oktyabr 2018 22:30
3274

Azərbaycan intellektual məhsulun ixracatçısına çevrilib

Dövlətimizin başçısı İlham Əliyev VI Bakı  Beynəlxalq Humanitar Forumunda ölkəmizin bu uğurunu  əsaslı şəkildə diqqətə çatdırdı

“Sürətlə qloballaşan  dünyada  hər bir fəaliyyət sahəsi  yeni ideya və baxışlar tələb etməklə gənclərin elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə yiyələnməsini labüd edir. Buna görə də cəmiyyətin inkişafında elm və təhsil mühüm rol oynayır.” Dövlətimizin başçısı İlham Əliyevin VI Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Gələcəyimizə sərmayə: dayanıqlı və  inklüziv inkişafa doğru” mövzusunda “dəyirmi masa” iştirakçılarına ünvanladığı məktubda bu məqamı da xüsusi qeyd etmişdir ki, təsadüfi deyildir ki,  Azərbaycan “Ekspo 2025” üçün Bakının namizədliyi üçün  “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunu seçmişdir.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı vaxtdan “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək, bu istəyin gerçəkləşdirilməsi istiqamətində mühüm addımlar atdı. Hazırda böyük inam hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı İlham Əliyevin bu tezisi reallığa çevrilib. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi nəticəsində bu gün ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 70 faizdən yuxarıdır.  Cənab İlham Əliyev 2013-cü ildə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu amili də  diqqətə çatdırmışdır: “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir… Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!»

İnsan amilinə verilən dəyər  atılan bütün addımlarda özünü nümayiş etdirir. “Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar. Hiss edəcəklər və edirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var ki, onları heç vaxt darda qoymaz, bütün zamanlarda onlara dəstək olacaqdır» söyləyən ölkə Prezidenti İlham Əliyev  bütün sahələrdə, o cümlədən yoxsulluğa qarşı mübarizədə Azərbaycanın böyük uğurlara imza atdığını rəqəmlərin dili ilə diqqətə çatdırır. Son 15 ildə yoxsulluq təxminən 50 faizdən 5,4 faizə enib. İşsizlik  5 faiz səviyyəsindədir. Ölkəmizdə bütün azadlıqlar təmin edilib. İnsan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi daim dövrün tələbi kimi gündəmdədir. Ölkə Prezidentinin vurğuladığı kimi,  irəli sürülən bütün təşəbbüslərin insanlar tərəfindən dəstəklənməsi  səylərin, davamlı addımların artırılmasını böyük güc verir.

Cənab İlham Əliyev çıxışlarında bu məqamı da önə çəkir ki, əgər nəzərə alsaq ki, indi dünyada, o cümlədən Azərbaycanda yeni texnologiyalar tətbiq olunur və bu texnologiyalar bəzi hallarda insan əməyini aradan götürür, yeni texnoloji müəssisələrin yaradılması bizim planlarımızdadır. Biz yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq.

Təkmilləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edir.  2016-cı ilin sentyabrında ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin bir qismi  idarəetmə sistemində təkmilləşməyə xidmət edir. Vitse-prezidentlik institutunun yaradılması, Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin davamlı inkişafına xidmət edən mühüm addımlar sırasındandır.

VI Bakı Beynəlxalq Humanitar Forumunda  Azərbaycanın bu uğuru da önə çəkilmişdir ki, bu illər ərzində ölkəmiz intellektual məhsulun ixracatçısına çevrilib: “ASAN xidmət” mərkəzlərinin yaradılması sosial və humanitar sahədə çox önəmli təşəbbüsdür. Əgər qonaqlarda imkan olarsa, onlar Bakı şəhərində fəaliyyət göstərən beş mərkəzdən birinə baş çəkə bilərlər. Görə bilərlər ki, doğrudan da Azərbaycan texnologiyaları əsasında, sırf Azərbaycanın intellektual məhsulu olan “ASAN xidmət” necə fəaliyyət göstərir. Bu il bu mərkəzlərin sayı 15-ə çatdırılacaq, 5-i Bakıda, 10-u bölgələrdə. Bu mərkəzlərdə bir binada 300-dən çox xidmət göstərilir və vətəndaşların “ASAN xidmət”i bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur. İctimai xidmətlər sahəsinə xas olan bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq hallarına tamamilə son qoyulubdur. Bir neçə il ərzində “ASAN xidmət” mərkəzlərinə 24 milyondan çox müraciət olmuşdur və onların mütləq əksəriyyəti təmin edilmişdir.» Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin İmişli rayonuna səfəri çərçivəsində  «ASAN Həyat» kompleksinin açılışında iştirak etməsi, eyni zamanda, rayonun «müasir qonağı» Sofiya ilə söhbət əsasında Azərbaycanın yenilikçi ölkə kimi qazandığı nüfuza işıq salınması  bir daha ölkəmizin yeni texnologiyaların inkişafına və tətbiqinə verdiyi önəmi açıqladı. Zamanın tələbinə uyğun olaraq təkmilləşmə yeni-yeni hədəflərə yol açır ki, bu da öz növbəsində hərtərəfli inkişafı sürətləndirir.

Azərbaycan kosmik klubun üzvüdür. Bu günlərdə  üçüncü peykimiz orbitə buraxıldı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, əlbəttə, bu, həm texnoloji inkişafdır, həm təhsildir, həm də biznes imkanlarını yaradır. Peyk xidmətlərini ixrac etməklə ölkəmizdə ixrac da şaxələndirilir.

Daim vurğulandığı kimi, iqtisadiyyatı inkişaf  etdirən yeni texnologiyalardısa,  onları da inkişaf etdirən elmdir. Elm və iqtisadiyyat biri-biri ilə zəncirvari bağlıdır. Ölkə Prezidenti İlham Əliyev  kadr hazırlığını ölkənin iqtisadi inkişaf səviyyəsinə uyğunlaşdırmağı  prioritet məsələ kimi öndə saxlayır. Təhsilin, elmin inkişafına göstərilən diqqət və qayğı göz önündədir. VI  Beynəlxalq Humanitar Forumu çərçivəsində «Gələcəyə sərmayə: davamlı və  inklüziv inkişafa doğru» mövzusunda  «dəyirmi masa»nın keçirilməsi istər Azərbaycanın, istərsə də Forumun işinə qatılan digər ölkələrin  bu sahədə malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, təcrübə mübadiləsini, səylərin birləşdirilməsini zəruri edən amillərə də işıq saldı. “Dəyirmi masa»da  qeyd edilmişdir ki, tələbələr  multikulturalizmin daşıyıcılarıdır.  Onlar ölkələr arasında  hərəkət edib dünyaya mənsub olduqları  xalqın mədəniyyətini  yayırlar. Bu isə öz növbəsində  insanların bir-birini daha yaxşı  anlamalarına, həmçinin ölkələr arasında gələcəkdə daha  yaxşı münasibətlər qurmalarına töhfə verir.

Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənərək, icrası uğurla başa çatan  «2007-2015-ci illərdə Azərbaycan  gənclərinin  xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində 5000 gəncin  dünyanın nüfuzlu ali məktblərində  təhsil almağa göndərilməsi də gənclərin təhsilinin artırılmasına xidmət edən addımlardandır.  Gənclər həmin ölkələrdə elmin sirlərinə dərindən yiyələnməklə  yanaşı, həm də   həqiqətlərimizin  təbliğatçılarıdır.

Bir amili də qeyd edək ki, təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin qorunması və inkişaf etdirilməsi fonunda davamlı inkişaf qaçılmazdır. Dünyanı bürüyən maliyyə və iqtisadi böhranda  Azərbaycanın uğurla çıxmasını şərtləndirən amillərdən biri məhz iqtisadiyyatın elmi əsaslara söykənməsi, inkişaf strategiyasının qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi əsasında hazırlanmasıdır. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, neft-qaz Tanrıdan verilən  böyük nemətdir. Biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez, bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcək. Ən yaxşı inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki,  o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.

Yeganə Əliyeva, «İki sahil»