01 noyabr 2018 00:11
2949

Kompleks tədbirlər, ciddi islahatlar, gözəl nəticələr...

“Gələn ilin əvvəlində biz növbəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Bu il üçüncü proqramın icrası başa çatır. Proqram demək olar ki, artıqlaması ilə icra edilib. İndi dördüncü proqram hazırlanır, son mərhələdədir. Dördüncü proqramda bu gün hələ də görə bilmədiyimiz işlər öz əksini tapmalıdır ki, qarşımızda duran bütün vəzifələr icra edilsin.”

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı vaxtdan iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm məqsəd kimi qoyaraq, bu istəyin reallaşmasında bölgələrin malik olduğu imkanlardan səmərəli istifadənin əsas rol oynadığını xüsusi olaraq diqqətə çatdırdı. İlk Dövlət Proqramının icrasından ötən 14 ildən artıq dövr ərzində regionların sosial-iqtisadi inkişaf səviyyəsinə diqqət yetirsək, böyük  irəliləyişin, tərəqqinin şahidi olarıq. Hazırda bölgələr arasında sağlam rəqabət gedir. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi biri-birindən mühüm layihələrin icrasını sürətləndirir ki, bu da öz növbəsində hərtərəfli inkişafı üçün stimuldur.

Son 15 ildə ümumilikdə 202 Proqram qəbul olunub. Statistikaya əsasən, bunlar 12 Konsepsiya, 12 Milli Strategiya,12 Strateji Yol Xəritəsi, 95 Dövlət Proqramı, 10 Milli Fəaliyyət Planı, 23 Tədbirlər Planı, 21 Tədbirlər Proqramı, 17 Milli Plan və Proqramlardır.  Bu uğurlarımıza yol açan təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır.  Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə nəticəsində əldə olunan gəlirlərin təyinatı üzrə, sistemli və şəffaflıq prinsipi əsasında xərclənməsi iqtisadiyyatın şaxələndirilməsini şərtləndirir. İqtisadiyyatın elmi əsaslara söykənərək təkmilləşən islahatlar nəticəsində davamlı inkişafının təmin edilməsi ölkənin iqtisadi təhlükəsizliyinin gücləndirilməsində, rəqabət qabiliyyətinin artırılmasında, qeyri-neft sektorunun inkişafında, əhalinin sosial rifah halının yaxşılaşdırılmasında və ölkəmizin həm neft-qaz, həm də nəqliyyat-logistika nöqteyi-nəzərindən mərkəzə  çevrilməsində özünü qabarıq şəkildə nümayiş etdirir.

Son 15 ilin statistikasına diqqət yetirək. Ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın vəsait yatırılıb. Qeyri-neft sektoruna yatırılan vəsait 100 milyard manatdan çoxdur. Qeyri-neft sektoru 3,2 dəfə, qeyri-neft sənayesi 2,6 dəfə, kənd təsərrüfatı 1,8 dəfə, rabitə 4,9 dəfə, turizm 20,2 dəfə artıb. Bu artım nəticəsində ölkədə işsizlik  5 faiz səviyyəsindədəir.  1,9 milyon yeni iş yeri yaradılıb.  Azərbaycan işsizliyin aşağı səviyyəsinə görə dünyada ilk onluqda gedən ölkələrdəndir. Həmçinin yoxsulluğun səviyyəsi son 15 ildə 5 faizədək endirilib.  Dövlət proqramlarının icrasına başlandığı vaxtda bu rəqəm 49 faiz idi.

Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün Azərbaycanın hər bir bölgəsi, kəndi, qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Sahibkarlığın inkişafına yol açan əsas amillərdən biri məhz bölgələrdə infrastrukturun yenilənməsi, beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən   Nazirlər Kabinetinin 2018-ci  ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  bu sahədə görülən işlər və prioritetlər diqqətə çatdırılmışdır. Qazlaşdırma 94 faizə çatıb. Hədəf ilin sonuna qədər  95 faizdir. “Şimal-2” Elektrik Stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. 1200 kilometr yol çəkilib. Hədəf 2000 kilometrdir. Bu il 600 kəndin yolları abadlaşdırılıb. İçməli su layihələri, meliorativ tədbirlər uğurla icra edilir. Bir sözlə, infrastrukturun istər nəqliyyat-logistika, istər sosial sahədə gücləndirilməsi nəticəsində bu gün Azərbaycanın bütün ərazisində elektrik və  təbii qazla təminat, su-kanalizasiya sisteminin yenilənməsi, yolların, körpülərin, uşaq bağçalarının, xəstəxanaların, məktəblərin tikintisi uğurla  həyata keçirilib və keçirilməkdədir.

Dövlətimizin başçısı İlham Əliyevin bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb.  Təkcə cənab Prezidentin son İmişli,  Qax və Şəki rayonlarına səfərinə diqqət yetirmək kifayətdir. Bir əsas məqamı da qeyd edək ki, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya mühüm vəzifə kimi qoyan dövlətimizin başçısı  İlham Əliyev 2013-cü ildə keçirilən  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda “Rayonlar arasında və rayonlar üzrə ixtisaslaşma aparılmalıdır. Hər bir rayonun öz xüsusiyyətləri, öz təbiəti, iqlimi vardır. Bu iqlim şəraiti nəzərə alınmalıdır. Hər rayon üzrə ixtisaslaşma layihələri icra edilməlidir. Göstərişlər verilmişdir. Ancaq mən hələ ki, konkret nəticələri görmürəm. Hesab edirəm ki, yaxın zamanda mənə hər rayon üzrə konkret təkliflər verilməlidir. Hansı rayonda hansı kənd təsərrüfatı məhsullarını daha da çox istehsal etməliyik və bunu etmək üçün hansı əlavə tədbirlər görülməlidir. Çünki biz ümumi göstərişlər veririk. Məsələn, hər bir kənd təsərrüfatı məhsulunun Azərbaycanda istehsalı hesabına daxili tələbatı ödəmək, ixrac imkanlarını artırmaq üçün ümumi göstərişlər verilir. Amma bunlar bu rayonlar arasında necə bölünür, yəqin ki, bu məsələ ilə bağlı daha dəqiq təkliflər verilməlidir” söyləyərək növbəti illərdə ayrı-ayrı böləgələrdə bu və ya digər sahənin inkişafı ilə bağlı müşavirələr keçirmiş, konkret nəticələr açıqlanmaqla yanaşı, görüləcək işlər də diqqətə çatdırılmışdır.

Bu günlərdə Qax və Şəki şəhərinə səfər çərçivəsində də  keçirilən görüşlərdə cənab İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, fındıqçılığın, baramaçılığın, tərəvəzçiliyin və digər sahələrin inkişafı istiqamətində atılan addımlardan geniş bəhs edərək bildirmişdir: “Biz elə etməliyik ki, Azərbaycan bütün ərzaq məhsulları ilə  öz tələbatını özü ödəsin. Biz bu hədəfə yaxınlaşırıq.” Bu əminlik də ifadə edilmişdir ki,  kənd təsərrüfatının sürətli inkişafı, subsidiyaların verilməsi, fermerlərin texnika ilə təchiz edilməsi, yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, kompleks tədbirlər, ciddi islahatlar yaxın gələcəkdə  çox gözəl nəticələrə gətirib çıxaracaq.

Dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”in fəaliyyətinin coğrafiyasının genişləndirilməsi, onun  tabeliyində   “ABAD” hüquqi şəxsin,  həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin yaradılmasında da məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin  30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” bu hədəflərə hesablanıb: İqtisadiyyatda rəsmiişləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 2030-cu ilədək 80 faizə çatdırmaq, işsizlik səviyyəsini 2030-cu ilədək 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirmək və s. Bu kimi əhəmiyyətli addımlara və uğurlu nəticələrə əsaslanaraq dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, özünüməşğulluq proqramı işsizliyin, xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitə, alət olacaq: “Eyni zamanda, bu gün dövlətdən sosial yardım alan ailələr dövlət tərəfindən, dövlət dəstəyi ilə onlara lazımi vəsait veriləndən sonra öz həyatlarını özləri quracaqlar və öz maliyyə imkanlarını böyük dərəcədə artırmış olacaqlar.”

İqtisadi və sosial siyasətin biri-birinə  uyğunlaşdırılması nəticə etibarilə Azərbaycanın dünyaya sosial dövlət kimi təqdimatını şərtləndirir.

Yeganə Əliyeva, “İki sahil”