07 noyabr 2018 20:44
2847

İstanbulda iki tarixi görüş: region dövlətlərinin əməkdaşlığında yeni səhifə

Qlobal miqyasda proseslərin sürətli transformasiyası məlumdur. Son zamanlar bunun regional səviyyədə də ciddi təsir göstərməkdə olduğunu mütəxəssislər vurğulayırlar. Həmin bağlılıqda Cənubi Qafqazla ilgili müşahidə edilən hadisələrin geosiyasi qiymətləndirilməsi daha da aktuallaşıb. Bir tərəfdən, ABŞ və Rusiyanın fəallığı, digər tərəfdən isə İrana qarşı sanksiyaların tam olaraq qüvvəyə minməsi ortaya yeni suallar çıxarır. Şübhəsizdir ki, sanksiyalar region ölkələrindən yan keçə bilməz. Artıq mütəxəssislər maliyyə sferasında vəziyyətin dəyişə biləcəyinin ilk işarələrini verirlər. Bu cür məsuliyyətli bir mərhələdə tarixi Dolmabaxça sarayında Türkiyə-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-Gürcüstan görüşünün keçirilməsi çox əhəmiyyətlidir. Ekspertlər həmin hadisələri regional əməkdaşlıqda yeni səhifənin açılması kimi dəyərləndirirlər. Həmin məsələ üzərində geniş dayanmağa böyük ehtiyac görürük.

Üçtərəfli əməkdaşlıq formatı: Azərbaycan Prezidentinin uğurlu təşəbbüsü

Ermənistanın xarici siyasətində ciddi bir yeniliyin olmadığı müşahidə olunur. Forpost ölkənin rəhbərliyi bütövlükdə əvvəlki iqtidarların qeyri-konstruktiv mövqeyini davam etdirir. Nikol Paşinyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə etdiyi təxribat xarakterli səfərləri ilə vəziyyəti daha da qeyri-müəyyən istiqamətə yönəltmiş olur. Azərbaycan rəhbərliyi isə həmişə olduğu kimi xarici siyasətini dönmədən həyata keçirir. Bunun nəticəsidir ki, artıq Ermənistan KİV-i və ekspert dairələri də Bakının faktiki olaraq Ermənistanı təcrid vəziyyətinə saldığını qəbul edir.

Son dövrlərdə regionda baş verən geosiyasi proseslər və diplomatik fəallıq bu tezisi bir daha təsdiq edir. Belə ki, ABŞ və Rusiyanın yüksək səviyyəli rəsmiləri belə İrəvanı sevindirəcək bir fikir bildirmirlər. Əksinə, onlar münaqişənin ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyindən bəhs edirlər. Rusiyalı ekspertlər arasında isə artıq Moskvanın Ermənistanı müdafiə etməməsi kimi fikirləri tez-tez ifadə edənlərin sayı artır.

Vaşinqtonun mövqeyinə gəldikdə isə, Con Boltonun və digər rəsmi şəxslərin regiona səfərləri bir daha təsdiqlədi ki, Qərb bütövlükdə Azərbaycanın tələblərini haqlı sayır, rəsmi İrəvanın onlara əməl etməsi zəruriliyini açıq ifadə edirlər. Nəzərə alaq ki, cəmi bir neçə il öncə Qərb bu dərəcədə açıq və əmin danışmırdı. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri isə İrəvanda faktiki olaraq psixoloji şok yaratdı: o, Amerikanın Azərbaycana da silah verə biləcəyinə işarə etdi. Bu o deməkdir ki, artıq Vaşinqton erməni diasporunu sipər gətirib, antiazərbaycan siyasətini davam etdirmək istəmir. Amerika üçün etibarlı, suveren və ədalətli tərəfdaş daha uyğundur.

Bütün bunların fonunda İstanbulda iki çox əhəmiyyətli görüş keçirilib. Onlardan biri Azərbaycan, Türkiyə və Gürcüstan, digəri isə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli müzakirələri olub. Bu görüşləri bir çox məqamlar birləşdirir.

Birincisi, həmin görüşlər üçtərəfli əməkdaşlıq formatı çərçivəsində keçirilib. Məlumdur ki, bu formatın təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Ekspertlərə görə, bu əməkdaşlıq formatını çeviklik və unikallığına görə diplomatiya tarixində yenilik adlandırmaq olar. Azərbaycan-Türkiyə-İran, Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlıq formatları öz bəhrəsini verməkdədir.

Bunlara dördtərəfli əməkdaşlıq formatını da əlavə etməliyik. Bu formatın da meydana gəlməsində Azərbaycan Prezidentinin ciddi töhfələri vardır. Bu bağlılıqda son olaraq Azərbaycan-Gürcüstan-İran-Türkiyə formatlarında əməkdaşlıq mexanizmlərinin yaradılması regional tərəfdaşlığın inkişafına və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verir.

İkincisi, həmin görüşlər Türkiyədə keçirilib. Yəni artıq region dövlətlərini (Ermənistan işğalçılığına görə istisna olmaqla) bir araya gətirən təşəbbüslər real nəticə verir. Və onların həyata keçməsində Azərbaycan Prezidentinin müstəsna xidmətləri vardır.

Üçüncüsü, hər iki görüşdə müzakirə edilən məsələlər regional əməkdaşlığa və əsasən də təhlükəsizliyə aid olan məqamlarla əlaqəli olub. Onlarda dövlətlərin ərazi bütövlüyünün qorunması, təhlükəsizliyin təmini, əməkdaşlığın müxtəlif formalarının inkişaf etdirilməsi və konkret olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələləri əks olunub.

Təcrid olunmuş kvazidövlət: Ermənistana növbəti zərbə

Dördüncüsü, bütün tərəflər razılığa gəliblər ki, regional problemləri həll etmək üçün əməkdaşlığı davam etdirsinlər. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu barədə İRNA agentliyinə danışıb. O, regionun təhlükəsizliyi və sabitlik naminə Azərbaycan, Türkiyə və İranın fəal əlaqələri inkişaf etdirəcəyini vurğulayıb.

Ekspertlər üçün maraqlıdır: bütün bunlar hansı səbəblərdən qəfil sürətləndi və nəyə görə, İrana yaxınlığı ilə seçilən Ermənistan həmin prosesdə yoxdur? Məsələnin əsl düşündürücü tərəfi bundan ibarətdir. Çünki İran Ermənistana çox çətin zamanlarda həyat yolu oldu. İndi isə erməni rəsmilərindən formal bəyanatlardan başqa bir hərəkət görünmür. Və görünməyəcək də. Çünki hər şeydən əvvəl, İran həmin dövrdə ermənilərə yardımçı olmaqla tarixi səhvə yol verdi. İslamda haqsızın, yalançının, ədalətsizin və zalımın yanında olmaq böyük günah sayılır. Bununla yanaşı, ermənilər tarixən satqın və sürüşkəndirlər – onlara çörək verən Azərbaycan xalqına xəyanət etdilərsə, dünyada hər kəsə qarşı xəyanətkar olacaqlar!

Nəhayət, Ermənistan dövlət kimi müstəqil deyil, ona direktivlər kənardan gəlir. Rəsmi İrəvan əvvəllər yalnız Rusiyadan göstəriş alırdı, indi isə okeanın o tayından da ermənilərə əmrlər verirlər. Amerika iddia edir ki, "rəngli inqilab"ın təkan və maliyyəverici qüvvəsi Vaşinqtondursa, İrəvan üzünü ona tutmalıdır. Vaşinqtonun hazırda bir nömrəli düşməni isə Tehrandır.

Bunlar aydın göstərir ki, Ermənistan dövlət olaraq elə xislətə malikdir ki, onun təcrid olmaqdan başqa yolu yoxdur. Bu həm də o deməkdir ki, regionda heç bir dövlət qəsdən Ermənistanı təcrid vəziyyətinə salmaq istəmir. Sadəcə olaraq rəsmi İrəvan elə geosiyasi mövqe tutur ki, onunla real əməkdaşlıq etmək son dərəcə riskli və səmərəsizdir. Bu fikirlərin işığında Azərbaycan, Türkiyə, İran və Gürcüstanın regional əməkdaşlıq imkanlarına baxanda maraqlı geosiyasi məqamları görə bilirik.

Öncə vurğulayaq ki, C.Boltonun səfərindən sonra Azərbaycan və Türkiyə regional siyasətlərində dəyişiklik etməyiblər. Onlar əvvəlki kimi qarşılıqlı faydalı əməkdaşlıq və təhlükəsizliyin ədalətli təmini mövqelərində qalırlar. İrana qarşı sanksiyaların tam həcmdə qüvvəyə minməsi fonunda bu, kifayət qədər əhəmiyyətli görünür. Türkiyə, Azərbaycan və Gürcüstan regionda sabitliyin və sülhün olmasında real olaraq maraqlıdırlar. Onlar həmin çərçivədə dövlətlərin ərazi bütövlüyünün təmin edilməsi prinsipini rəsmi olaraq yaydıqları bəyannaməyə daxil ediblər.

Sənədin həmin müddəasında yazılıb: "Nazirlər ... Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında münaqişənin və Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya regionlarında münaqişələrin davamlı sülh yolu ilə universal formada tanınmış beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri, bəyanatları və qərarlarına uyğun olaraq həllinə nail olmağın əhəmiyyətini vurğuladılar; bütün qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına təhlükəsiz və ləyaqətli qayıdışının zəruriliyini bildirdilər (bax: Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin VII üçtərəfli görüşünün İstanbul Bəyannaməsi / mfa.gov.az, 29 oktyabr 2018).

Beləliklə, İstanbulda növbəti tarixi hadisələr baş verdi. Cənubi Qafqazda sabitliyin təmini və əməkdaşlığın davamlı olması üçün Azərbaycan, İran, Türkiyə və Gürcüstan bir araya gəldilər. Onlar müxtəlif sahələrdə əməkdaşlıqla bağlı ortaq sənəd imzaladılar. Burada iki məqam aktualdır. Əvvəla, regiona daxil olmayan dövlətlərin bu prosesdə iştirak etməməsi; ikincisi, geosiyasi baxımdan Cənubi Qafqazda fövqəldövlətlərin forpostu və rəqabət platsdarmı olan Ermənistanın təcrid olunması.

Hər iki məqam ciddi geosiyasi mənaya malikdir. Onlardan birincisi artıq regionun müstəqil dövlətlərinin öz problemlərini özlərinin həll etmək istəməsində israrlı olduqlarının nümayişi, digəri isə təcavüzkar siyasət yeridən Ermənistanın dəstəklənməməsidir. Hər iki məqam rəsmi Bakının apardığı xarici siyasətin təntənəsinin əlaməti kimi qəbul edilə bilər.

Newtimes.az