15 noyabr 2018 14:24
3873

Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir

Hər bir insanın tarixi dəyəri onun öz ölkəsi, vətəni, milləti qarşısındakı xidmətləri ilə ölçülür. Zaman şəxsiyyəti yetişdirdiyi kimi, dahi insanlar da tarixin gedişinə təsir edərək dövrün və zamanın baş qəhrəmanına çevrilirlər. Ulu öndər Heydər Əliyev də Azərbaycanın XX əsr tarixində dünyaya bəxş etdiyi əvəzolunmaz lider, böyük azərbaycanlı idi.

Ümummilli Lider Azərbaycana rəhbərliyinin bütün mərhələlərində dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərmiş və cəmiyyət həyatının müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışmışdır. Ulu Öndər yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab edirdi.

1991-ci ilin 18 oktyabrında istiqlaliyyətini elan etmiş Azərbaycanın sonrakı mərhələdə üzləşdiyi fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, xaos və anarxiya mühiti bir daha təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdi. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

Belə böhranlı və ağır şəraitdə Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyev idi.

Ümummilli lider Heydər Əliyevin Moskvada tutduğu yüksək vəzifədən istefaya getməsi ilə ermənilərin Azərbaycan torpaqlarına qarşı təcavüzü başladı. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da gərgin günlər yaşanırdı. Erməni faşizminin işğalçı hücumları davam edir, kəndlər dağıdılır, hər gün qan tökülürdü. Belə gərgin bir vaxtda Moskvada ciddi təqiblər, nəzarət altında yaşayan fərdi pensiyaçı Heydər Əliyev 1990-cı ilin iyul ayında Vətənə qayıtdı. Naxçıvan əhalisi onu böyük ruh yüksəkliyi ilə qarşıladı, ayaqları altında qurbanlar kəsildi. Minlərlə qədirbilən, qayğıkeş insan onun görüşünə tələsirdi. Məhz həmin gün-iyulun 22-də axşam çağı 50 mindən artıq insan Naxçıvan şəhərindəki mərkəzi meydana toplaşmışdı. Heydər Əliyevi müharibə və iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılar özlərinin nicat və son ümidi kimi qarşılayırdılar. Həmin dövrdə mən Babək rayonu Şıxmahmud kənd orta məktəbinin 9-cu sinif şagirdi idim. Ulu Öndərimizə olan inam və rəğbətimə görə mən də o insanların arasında idim. Gedən prosesləri, xalqın Ulu Öndər ətrafında necə sıx birləşməsini öz gözlərimlə görürdüm. Həmin gün Heydər Əliyev xalqla görüşdü, təsiredici çıxış etdi və tarixi nitqini belə yekunlaşdırdı: “Hələlik Naxçıvandayam. Əgər bütün naxçıvanlılar mənim burada yaşamağımı arzu edərsə, buna etiraz etmərəm: Mənim başlıca arzum Azərbaycanı siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir”

Həmin günlərdə Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatlığına namizədlik kampaniyası keçirilirdi. Öncül namizədlərdən biri Heydər Əliyev idi. O, seçicilərlə görüşü zamanı deyirdi: “Bir namizəd kimi platformam, məqsədim budur ki, respublikamızın bu ağır iqtisadi və siyasi böhrandan çıxması üçün var qüvvəmi sərf edəcəyəm.”

Sentyabrın 10-da Azərbaycan SSR xalq deputatları sovetlərinin seçkiləri keçirildi, Heydər Əlirza oğlu Əliyev Azərbaycan SSR-in xalq deputatı və Naxçıvan MSSR-in xalq deputatı seçildi. 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyası keçirildi. Sessiyanın aparılması bir ağsaqqal kimi Heydər Əliyevə həvalə edildi. Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyanın qəbul etdiyi “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan MR-in dövlət rəmzləri haqqında”, noyabrın 21-də qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında”kı tarixi qərarlar onun siyasi uzaqgörənliyinin ən yaxşı nümunəsi idi. Bu tarixi sessiyalarda Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvanın Ali Sovetinin adını dəyişərək onun bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Bakıda baş vermiş yanvar faciəsinə siyasi qiymət verilməsi və qanlı hadisələri törədən şəxslərin məsuliyyətə cəlb olunması kimi mühüm tarixi qərarlar qəbul edildi. 

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların təkidli xahişi və parlament binası önündə mitinq keçirən kütlənin qəti tələbi ilə Muxtar Respublika Ali Məclisinin Sədri seçilən Heydər Əliyevin siyasi fəaliyyətinin yeni mərhələsi başlandı.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin ikinci sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi Bu tarixi hadisə ilə bağlı Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev teleqram göndərdi. Həmin teleqramda deyilirdi: “Naxçıvan Muxtar Respublikasının əhalisi 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir və bunu tarixi hadisə kimi qəbul edir... Biz bu gün xoşbəxtik ki, nəhayət Azərbaycan Respublikasının ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıbdır. Azərbaycan xalqı əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq hərəkatı uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər.”

1993-cü ilin iyununda ölkədə yaşanan təlatümlər də təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və yaşatmaq kimi ağır missiyanın öhdəsindən uğurla gələ bilər.

Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu özünün rəhbəri seçmiş, müdrik liderinin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna çıxarmışdır. 1993-cü ilin oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində “Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm” - deyən Ümummilli Lider müstəqil Azərbaycanın milli inkişaf strategiyasını özünəməxsus müdrikliklə irəli sürmüş və onun həyata keçirilməsinə nail olmuşdur.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır.

Müstəqil Azərbaycan dövlətinin banisi - ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların uğurunu təmin edəcək müasir lider də yetişdirdi. Hələ 2003-cü ilin oktyabrında Ulu Öndər  “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməklə cəmiyyətə özünün layiqli davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyevin son 15 illik prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda, həmin seçimin düzgünlüyünə bir daha əmin oluruq.

Ulu öndər Heydər Əliyevin zəngin irsinə söykənən, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental prinsipə əməl etdiyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Dövlət başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bunların qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündə olduğunu sübuta yetirir.

Azərbaycan təkcə nefti, təbii qazı, iqtisadiyyat sahəsindəki uğurları ilə deyil, eyni zamanda, mədəniyyət sahəsindəki uğurları ilə də bütün dünyanın diqqətini özünə cəlb edir. Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP kimi layihələrin reallaşması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, “Əsrin müqaviləsi” üzrə yeni Sazişin imzalanması, SOCAR vasitəsilə Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodun istismara verilmləsi respublikamızı Avrasiya bölgəsində həyata keçirilən qlobal enerji-kommunikasiya layihələrinin əsas iştirakçısına çevirir.

Ulu öndər Heydər Əliyevin müasir, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsindəki siyasəti bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratik dövlətinə çevrilir. Respublikamız sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində öz sözünü deyir.

Milli Ordu quruculuğu sahəsində görülən işlər, 2016-cı il aprel hadisələri, 2018-ci ilin may ayında Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun uğurla həyata keçirdiyi “Günnüt əməliyyatı” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şücaətini, Milli Ordumuzun dəyanətini bir daha təsdiqlədi. Xalqa əyan oldu ki, ulu öndər Heydər Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi yolundakı məramını Ali Baş Komandan İlham Əliyev yaşadır və bu müqəddəs missiyanı həyata keçirmək üçün qətiyyətlə çalışır. Xalq onun iradəsi və əzminə inanır, onu layiqli lider kimi  dəstəkləyir, bütün sahələrdə əldə olunmuş yüksək nailiyyətlər isə bu siyasətin alternativi olmadığını bir daha təsdiq edir.

Mahir Qəribov,

Tarix üzrə fəlsəfə doktoru