20 noyabr 2018 23:49
2881

Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir

Azərbaycan və Belarus Prezidentlərinin Birgə Bəyanatında əməkdaşlığın perspektivləri ilə yanaşı, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Belarusun bu mövqeyi öz əksini tapıb

“Bizim ölkələrimiz arasında həll edilməmiş məsələlər və müzakirə üçün qapalı mövzular yoxdur. Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar. Əminəm ki, ənənəvi səmərəli əməkdaşlıq, qarşılıqlı dəstək bundan sonra da Belarus-Azərbaycan münasibətlərini fərqləndirən cəhət olacaq.” Belarus Prezidenti Aleksandr Lukaşenko bu fikirləri ilə iki ölkə arasında münasibətlərin bugünkü səviyyəsinə və perspektivlərə aydınlıq gətirir.

Daim vurğulandığı kimi, qarşılıqlı səfərlər, imzalanan sənədlər, müzakirə olunan məsələlər, eyni zamanda, tərəflərin ortaya qoyduğu mövqe, səsləndirdikləri bəyanatlar  ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərməklə yanaşı, münasibətlərin hansı səviyyədə olduğuna, mövcud potensial imkanlara da aydınlıq gətirir. Xarici siyasətimizin prioritet istiqamətlərindən biri kimi ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində atılan addımlar, həmçinin bu addımların beynəlxalq təşkilatlar çərçivəsində daha da genişləndirilməsi bu günümüzün reallıqları sırasındandır. Dövlətimizin başçısı İlham Əliyevin Belarusa səfəri də bu tərkibdəndir.

Səfər çərçivəsində qeyd olunduğu kimi, ötən müddətdə cənab İlham Əliyevin Belarusa 5, Belarus Prezidenti Aleksandr Lukaşenkonun isə ölkəmizə 4 dəfə edilən səfəri əlaqələrin inkişaf səviyyəsinin göstəricisidir. Ölkə Prezidenti İlham Əliyevin son səfəri çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşünün protokola görə 45 dəqiqə nəzərdə tutulsa da, 2 saatdan artıq davam etməsi diqqətdən kənarda qala bilməz. Bu iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin bariz göstəricisidir. Bu əsas məqamı da qeyd etməliyik ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır. Azərbaycan və Belarus prezidentləri bunu istər təkbətək görüşlərində, istərsə də bəyanatlarında xüsusi qeyd etmişdilər. “Bu gün Azərbaycanda Belarus haqqında danışanda, ikitərəfli münasibətlərimizlə bağlı müəyyən hadisələri yada salanda bizim cəmiyyətdə həmişə çox müsbət hisslər yaranır. Vacib olan odur ki, bizim dostluq əlaqələrimiz ölkələrimizin cəmiyyətləri tərəfindən də çox müsbət qəbul edilir. Bilirəm ki, Belarusda da Azərbaycana çox xoş münasibət bəsləyirlər. Azərbaycanda isə Belarusu həqiqətən qardaş ölkə və nəinki keçmiş SSRİ məkanında, həm də dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər. Bunun səbələri çoxdur, o cümlədən Sizinlə şəxsi münasibətlərimiz” söyləyən dövlətimizin başçısı İlham Əliyev münasibətlərin mehriban və səmimiliyi fonunda bu əminliyi də ifadə etmişdir ki, səfər əlaqələrin inkişafına yeni təkan verəcək.

Səfər çərçivəsində iki ölkə arasında bütün sahələrdə mövcud durum, eyni zamanda gələcək inkişafın təmin edilməsi üçün görüləcək işlər, atılacaq addımlar müzakirə olunmuşdur. Ümumilikdə kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalanıb. Bu sənədlər arasında Azərbaycan və Belarus prezidentlərinin birgə Bəyanatı xüsusi diqqət çəkir. Belə ki, Bəyanatda əməkdaşlığın perspektivləri, ən əsası yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Belarusun mövqeyi öz əksini tapıb.

Bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi  Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllini tapmalıdır.  Bu Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Ermənistanla müttəfiqlik münasibətlərinə malik olan dövlətlər belə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər. Bu bir daha onu göstərir ki, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir.

Bəyanatda bu kimi məqamlar da qeyd olunub ki, Azərbaycan və Belarus strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirirlər. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumqəbuledilmış norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunaraq bu istiqamətdə gələcək səylərin artırılmasının vacibliyini bildiriblər.

Sənədin mühüm bəndlərindən biri də budur ki, tərəflər beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycan və ya Belarusun üzv olmadığı beynəlxalq qurumlar çərçivəsində təşəbbüs və namizədlərin qarşılıqlı dəstəklənməsi praktikasının davam etdirilməsi barədə razılığa gəliblər.

Hər bir səfərin yekununda imzalanan Birgə Bəyanat, eyni zamanda keçirilən mətbuat konfransında qeyd olunan fikirlər ümumilikdə səfərin məqsəd və məramını, əhəmiyyətini, bu fonda münasibətlərin inkişaf prioritetlərini açıqlayır. Mətbuat konfransında dövlətimizin başçısı İlham Əliyevin “Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik. Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır - hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız.Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir” fikirləri iki ölkə arasında münasibətlərin ümumi mənzərəsini yaradır.

Belarus Prezidentinin bəyanatında diqqət yönəltdiyi məsələlərdən biri də Azərbaycanın idman ölkəsi kimi ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirləri yüksək səviyyədə təşkil etməsidir. Belə ki, 2019-cu ildə Belarusun ikinci Avropa Oyunlarına ev sahibliyi edəcəyini xatırladan A.Lukaşenko Azərbaycan təcrübəsindən istifadə etməyin vacibliyini bildirmişdir. Bu etirafı da etmişdir ki, Azərbaycandan sonra bütün ölkələr belə oyunları qəbul etməyə qorxurlar: “Çünki həmin səviyyə ilə rəqabət aparmaq, mən bunu səmimi deyirəm, qətiyyən mümkün deyil. Biz bu səviyyəni aşağı salmamaq üçün ciddi fikirləşməliyik.” 

Məhz Azərbaycanın idman sahəsində də təcrübəsinin üstünlüyü əsas tutularaq, Azərbaycan və Belarus prezidentlərinin Birgə Bəyanatında bu bənd də öz əksini tapıb ki, tərəflər idman sahəsində Azərbaycan-Belarus əməkdaşlığının faydalı xarakter daşıdığını, olimpiya hərəkatının ideal və dəyərlərinə sadiq olduqlarını və bu xüsusda 2019-cu ildə İkinci Avropa Oyunlarının Belarusda keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

İki ölkə arasında əlaqələrin prioritet istiqamətlərindən biri də hərbi-texniki sahədir. Səfər çərçivəsində Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalandı. Bu Anlaşma Memorandumundan çıxış edərək Azərbaycana hava hücumundan müdafiə sistemlərinin, hücum təyinatlı sistemlərinin təchiz edilməsi üçün kontraktların imzalanması nəzərdə tutulmuşdur. Bundan öncə Azərbaycan Belarusdan Polonez raket sistemlərini, zirehli texnika və digər hərbi vasitələri almışdır. Mətbuat konfransında Prezident İlham Əliyev diqqəti bu məsələyə yönəldərək bildirmişdir: “Bizim əməkdaşlığımızın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək.”

Səfərin ümumi təhlili bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycan və Belarus etibarlı və strateji tərəfdaşdırlar. Ənənəvi səmərəli əməkdaşlıq, qarşılıqlı dəstək bundan sonra da Belarus-Azərbaycan münasibətlərini fərqləndirən cəhət olacaq.

Yeganə Əliyeva, “İki sahil”