11 may 2018 23:55
1901

Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var

Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə müstəqillik tariximizin uğurlarının ümumiləşdirilmiş ifadəsini diqqətə çatdırır

“Bugünkü Azərbaycan bir daha mənim sözlərimi təsdiqləyir ki, əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, indi Azərbaycan ən öndə gedən ölkələrdən biri ola bilərdi. Bunu deməyə əsas verən bizim müstəqillik tariximizdir.”

Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə Azərbaycan Xalq Cümhuriyyətinin rolunu yüksək dəyərləndirir və müstəqillik tariximizdə keçilən yola tarixi paralellər fonunda bir baxış keçirməyin zəruriliyini diqqətə çatdırır. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşduğunu önə çəkən ölkə Prezidenti bildirir ki, ancaq tarix sanki təkrarlanırdı və iki ildən sonra yenə də müstəqilliyimiz üçün böyük təhlükələr yaranmışdı: “Əslində, müstəqilliyimizin ilk iki ili formal xarakter daşıyırdı. Çünki Azərbaycan öz müstəqil siyasətini tam miqyasda apara bilmirdi. Bundan əlavə, ölkəmizdə yaşanan siyasi, iqtisadi, hərbi böhran, torpaqlarımızın işğal altına düşməsi, o vaxtkı hakimiyyət tərəfindən vətəndaş müharibəsinin başlanması, əlbəttə, gənc dövlətimizi uçurum kənarına qoymuşdu. 1993-cü ildə Azərbaycan yenə də böyük təhlükə ilə üz-üzə qalmışdı. Azərbaycan xalqının müdrikliyi ölkəmizi, dövlətimizi bu bəladan xilas etdi.” 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin əsasını qoydu.

Cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamı, onun ardınca 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi bir daha bu gerçəkliyin təsdiqidir ki, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir, ən əsası tarixinə sahib çıxan xalq yenilməzdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirmişdir: “1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti də bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıbdır.”

O illərdə qabaqcıl şəxsiyyətlər, mütəfəkkir adamlar, ziyalılar xalqımızda milli azadlıq, müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılmışdı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. ADR gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Lakin bu yaşananlar Azərbaycan xalqının azad, müstəqil yaşamaq istəyini söndürmədi, əksinə daha da alovlandırdı. 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Azərbaycanın bu günü üçün möhkəm təməl olan ADR-in fəaliyyətinə qısa baxışımız təbii ki, səbəbsiz deyil. Hər zaman qeyd olunduğu kimi, zaman hakim, tarix isə yaddaşdır. Məhz tariximizin yaddaşına söykənərək, Azərbaycan xalqının qəhrəmanlıq səhifələri ilə dolu olan tarixinin olduğunu söyləyir, bunu dünyaya çatdırırıq.  Ümummilli lider Heydər Əliyev daim bu çağırışı səsləndirirdi - Azərbaycanı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq. Son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tariximizin öyrənilməsini, ən əsası tarixi paralellər fonunda Azərbaycanın müstəqillik yolunda qazandığı uğurları indiki və gələcək nəsillərə çatdırmağın vacibliyini bildirir. Azərbaycan Milli Elmlər Akademiyasının keçirilən yığıncaqlarında elmi araşdırmaların miqyasının daha da genişləndirilməsinin bir zərurət olduğunu qeyd edən dövlətimizin başçısı İlham Əliyev tariximizin hər bir səhifəsinə işıq salan faktların aşkarlanmasını və onların indiki, gələcək nəsillərə çatdırılmasını bir tələb kimi ortaya qoyur.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etməsindən bizləri ayıran 27 ilə yaxın zaman tariximizə biri-birindən əhəmiyyətli uğurları yazıb. Müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını, himni və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi Azərbaycanın 1918-ci ildə imzalanmış İstiqlal Bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür. Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında” Sərəncamında da qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Dövlətimizin başçısı İlham Əliyev eyni zamanda Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilmişdir. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir.”

Azərbaycanın 27 ilə yaxın müstəqillik tarixini vərəqlədikcə hər günün tariximizə uğur səhifəsi kimi yazıldığı diqqətdən kənarda qalmır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində Azərbaycan 1991-1993-cü illərin anarxiyasından, xaosundan, özbaşınalıqlarından xilas oldu, sabitlik məkanına çevrildi. Zəngin təbii resurslarımızdan səmərəli istifadə etmək məqsədilə imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsi Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının təməlini qoydu. Məhz 23 illik yoldan sonra, yəni “Əsrin müqaviləsi”nin imzalandığı vaxtdan ötən 23 ildə qazanılan uğurlar ötən il “Yeni əsrin müqaviləsi”nin imzalanmasına yol açdı. Azərbaycan bu addımın atılması ilə dünyada qazandığı etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsini dünyaya açılan pəncərə kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsini bu günə qədər görülən işlərin zirvəsi kimi diqqətə çatdırır. Artıq dünya “Cənub Qaz Dəhlizi”, o cümlədən TANAP, TAP layihələrinin iqtisadi və siyasi əhəmiyyətindən, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə verdiyi və gələcəkdə verəcəyi töhfələrdən bəhs edir.

İqtisadi tərəqqini hər bir inkişafın əsası kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 15 ildə Prezident İlham Əliyev tərəfindən uğurla icrası ölkəmizə yeni-yeni uğurlar qazandırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını önə çəkərək bildirmişdir ki, enerji amilindən asılılıq minimuma endirilməlidir. Təkmil islahatlar sosial-iqtisadi göstəricilərdə, insanların gundəlik həyatında öz əksini tapır. Məhz bunun nəticəsidir ki, Azərbaycan yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunur.

İqtisadi və siyasi islahatların vəhdətliyi fonunda Azərbaycan biri-birindən önəmli uğurlara imza ataraq beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Ölkəmizin 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi beynəlxalq aləmdə nüfuzunun göstəricisidir. Bugünkü uğurlarımız bir daha bu reallığın təsdiqidir ki, möhkəm təməl inkişaf üçün açardır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev təkmil islahatları ilə Azərbaycanın islahatçı, yenilikçi ölkə kimi nüfuzunu daha da möhkəmləndirir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında islahatçı ölkə kimi mövqeyini daim qoruyan Azərbaycan inkişaf etmiş ölkələr sırasında birgə addımlamaq istəyini məhz bugünkü reallıqlara söykənərək ortaya qoyur. Ölkəmizin hər sahədə təcrübəsi nümunə göstərilir.

Müstəqillik tariximizə qısa nəzər salmaqda məqsədimiz budur ki, zəngin dövlətçilik ənənələrinə, tarixə malik olan xalqımız ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Dövlətimizin başçısı İlham Əliyevin bildirdiyi kimi, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir. Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti nəticəsində diplomatik qələbəmizin, eyni zamanda, güclənən ordumuzun fonunda bu problemimiz də öz həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, müstəqilliyimiz, suverenliyimiz daha da möhkəmlənəcək. Azərbaycanın üçrəngli bayrağının Xankəndidə, Şuşada dalğalanacağı gün uzaqda deyil. “Əminəm ki, biz bütün istiqamətlər üzrə bundan sonra da sürətlə inkişaf edəcəyik. Bizim uğurlarımızın təməlində, əlbəttə, düşünülmüş siyasət dayanır və o amil dayanır ki, bu gün Azərbaycan xalqı müstəqillik şəraitində yaşayır. Müstəqilliyin dəyərləri, o cümlədən real həyatda özünü göstərir. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq” söyləyən cənab İlham Əliyev bu reallığı da qeyd edir ki, bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var: “Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır... Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir.”

Yeganə Əliyeva, “İki sahil”