11 may 2018 23:42
1416

Əminəm ki, biz dinamikanı nəinki saxlayacağıq, həm də artıracağıq

Ölkələrin inkişaf səviyyəsini dəyərləndirmə sisteminin prinsiplərinə görə qüdrətli dövlətin inikşafını şərtləndirən üç göstərici var: Güclü iqtisadiyyat, hərbi qudrət, müttəfiqlərin, tərəfdaşların çoxluğu.

Düşünülmüş siyasəti, həyata keçirilən islahatların əhəmiyyətinə, dəqiqliklə müəyyənləşdirilən inkişaf konsepsiyasının çoxşaxəliliyinə görə bu kriteriyalara layiq olduğunu qazanılan uğurları ilə təsdiqləyən Azərbaycanın Dünya İqtisadi Forumu tərəfindən hazırlanan, dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində 35-ci yerdə qərarlaşaraq MDB-də liderliyini qoruması da təbiidir. İslahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuş, planlı iqtisadiyyatı bazar iqtisadiyyatı ilə əvəz edən ölkəmizdə özəl bölmə təkmilləşdirilmiş, neftdən asılılıq böyük dərəcədə aşağı düşmüş və ümumi daxili məhsulun xeyli hissəsi qeyri-neft sektorunda formalaşmışdır.

Ölkənin sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətləri dəfələrlə beynəlxalq reytinq agentliklərinin (“Fitch Ratings””, “Moody’s”,” “Standard & Poor’s””) Azərbaycan iqtisadiyyatı ilə bağlı ildən-ilə yaxşılaşan qiymətləndirmələrində də öz əksini tapmışdır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business”” hesabatlarında Azərbaycanın adı mövqeyini yaxşılaşdırmış ölkələr sırasında çəkilir.

İslahatların həcminə, istiqamətlərinə görə də fərqlənən, dünya təcrübəsində analoqu olmayan “bir pəncərə” sisteminin tətbiqi ilə biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri nümunə göstərilən Azərbaycan beynəlxalq səviyyədə inkişaf modeli təbliğ olunan respublikadır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində qarşıya qoyulan vəzifələrin nəzərdə tutulduğu müddətdən də tez yerinə yetirməsini məqsədyönlü və kompleks siyasətin uğurlu nəticəsi hesab edən beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasına inamının ifadəsi olan belə dəyərləndirmələr ölkədə aparılan siyasi, iqtisadi, sosial islahatların zəngin potensiala, təbii resurslara və etibarlı təmələ əsaslanmasının göstəricisidir.

“Əlbəttə ki, bizim məqsədimiz bu proqramları icra etməkdir. Ancaq əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik. Bugünkü reallıqlar, bölgələrimizin çiçəklənməsi, bütün şəhərlərimizdə gedən quruculuq, abadlıq işləri göstərir ki, biz düzgün yoldayıq” söyləyən Prezident İlham Əliyev davam etdirdiyi siyasətin uğurları son 15 ilin statistik göstəricilərində əksini tapır. Bu müddətdə iqtisadiyyatın 3,2 dəfə artmaşını dünya miqyasında rekord göstərici hesab edən mütəxəssislər digər sahələr üzrə qazanılan uğurların qaynaqlandığı mənbə olan dinamik inkişafın davamılılığını yüksək qiymətləndirirlər. Çoxşaxəli olan ölkə iqtisadiyyatında rolu və payı artan qeyri-neft iqtisadiyyatının 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6, kənd təsərrüfatında 1,7 dəfə artım sayəsində ölkə üzrə qeyri-neft ixracı 4,1 dəfə artmışdır. Regional inkişaf proqramlarının həlli üçün ayrılan vəsaitlərin çoxalması bölgələrin inkişafını sürətləndirməklə regionların simasını dəyişir, sahibkarlıq subyektlərinin sayı artır, vətəndaşların güzəranı, həyat səviyyəsi yüksəlir. Ölkəmizin ümumi daxili məhsuluna bərabər olan valyuta ehtiyatlarımızın 23 dəfə artaraq 45 milyard dollara yaxın olması ölkənin ümumi inkişafının barometridir.

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ölkə iqtisadiyyatında 2017-ci il sabitləşmə ili olmuşdursa,  2018-ci il uğurlu və sürətli inkişaf ili olacaqdır. Cari ilin birinci rübündə iqtisadiyyatın 2,3 faiz artması gözəl nəticə olmaqla dövlət başçımızın proqnozlarını da təsdiqləyir. Bu müddətdə qeyri-neft sektorunun 3 faiz artması ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir.

Sənayeləşmə siyasətinin uğurlu həllinin nəticəsidir ki, birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır. Qeyri-neft sənayesinin 10 faiz artması isə dünya miqyasında rekord göstərici sayıla bilər. Kənd təsərrüfatının 4,2 faiz artması isə aqrar sahəyə göstərilən diqqətin, fermerlərə olan qayğının nəticəsidir. Ötən il regionlarda baramaçılığın, tütünçülüyün, ipəkçiliyin, pambıqçılığın- kənd təsərrüfatının bütün sahələri üzrə inkişaf istiqamətlərini rayonlar üzrə keçirilən müşavirələrdə diqqətə çatdıran Prezident İlham Əliyev daha böyük uğurlara nail olmaq üçün infrastruktur layihələrinin həllinin sürətləndirilməsini , ərzaq təhlükəsizliyi kimi sosial, iqtisadi əhəmiyyət daşıyan məsələlərin daim gündəlikdə saxlanılacağını bildirdi. Cari ilin üç ayında ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulması, xarici investorların ölkəmizə cəlbi xarici ticarət dövriyyəmizin artmasını da şərtləndirir. Bu müddətdə ümumi ixrac 24 , qeyri-neft ixracı 37 faiz artmışdır. Birinci rübdə 34 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 mini daimidir.

Ümumiyyətlə, ilk dəfə Prezident kimi görəcəyi işləri açıqlayan cənab İlham Əliyev əsas prioritet hesab etdiyi ölkədə işsizliyin aradan qaldırılması ilə bağlı vədi həllini tapıb. Ötən illərdə aparılan islahatların, yeni müəssisələrin açılmasının, özəl sektorun inkişafının nəticəsidir ki, Azərbaycanda təxminən 1 milyon 500 min daimi iş yeri yaradılmışdır. İnflyasiyanın birinci rübdə cəmi 4 faiz olması, əhalinin 10 faiz artan gəlirlərinin inflyasiyanı qabaqlaması isə ən sevindirici sosial-iqtisadi göstəricidir. Sadalanan bu rəqəmlərdən aydın olur ki, Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Güclü iqtisadiyyata sahib olan Azərbaycanda sosial məsələlərin həlli daha da sürətlənir. “Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır. Yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb. Demək olar ki, bu məsələlərlə məşğul olan bütün beynəlxalq təşkilatlar bunu nümunə kimi göstərirlər ki, yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşübdür. İşsizliklə bağlı böyük işlər görülüb. İşsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir” söyləyən cənab İlham Əliyev bildirir ki, gələcək fəaliyyətimizdə biz bu amili daim diqqətdə saxlayacağıq. Yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq. Günün aktual məsələsi isə dünya bazarlarında daha geniş səviyyədə təmsil olunmaqdır.

Biznes mühütini şəffaflaşdıran önəmli islahatların həyata keçirilməsi isə uğurların sayını artırır. Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biridir. “Xarici ticarətin aparılması” göstəricisinə görə də fərqlənən respublikamızın həm də islahatlar ölkəsi kimi tanınması, iqtisadi böhrandan qorunmaq üçün əlavə imkanların tətbiqi, düşünülmüş siyasət dünya iqtisadi birliyində mövqeyimizi möhkəmləndirir.

Qiymətlərin tənzimlənməsi, idxala mane olan süni maneələrin aradan qaldırılması istiqamətində görülən tədbirlər sayəsində inhisarçılıq, korrupsiya hallarına qarşı mübarizə gücləndirilir. Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Bu, onu göstərir ki, son illər ərzində ölkə iqtisadiyyatının güclənməsinə, rəqabətədavamlı ixrac potensialına imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulur, iş adamlarına dövlət dəstəyi gücləndirilir.

“Made in Azerbaijan”” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Qeyri-neft məhsullarının dünya bazarlarına yol açması üçün müxtəlif beynəlxalq sərgilərdə böyük maraq doğuran Azərbaycan məhsullarının bir mənbədən təbliği əlbəttə ki, səmərəsini qısa müddətdə göstərəcək. Çünki ixrac qabiliyyətli məhsulları özündə birləşdirən “Made in Azerbaijan”ın xətti ilə insanlar üçün həyati təhlükəli, geni dəyişdirilmiş məhsullardan fərqli olaraq ekoloji cəhətdən təmiz, daha keyfiyyətli yerli məhsullarımızın dünya bazarlarına çıxarılması ilə ölkəmizə əlavə gəlirlər daxil olacaq, xarici investisiyaların həcmi artırılacaq. Dövlət başçımızın tələbi də , tövsiyəsi də budur: Sahibkarlar, fermerlər məhsul istesalında ilk növbədə beynəlxalq standartların tələblərinə diqqəti artırlmalı, rəqabətədavamlı məhsulların istehsalı üçün ən müasir texnologiyaların tətbiqinə çalışmalıdırlar. Bunun üçün dövlət tərəfindən lazımi imkanlar yaradılır, xarici ölkələrdə patent və sertifikat alınması, ixracla əlaqəli əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün çəkilən xərclərin dövlət tərəfindən ödənilən hissəsinin mexanizmi tənzimlənir.

Bu günlərdə Xaçmaz və Xızı rayonlarına səfəri zamanı keçirdiyi görüşlərdə ölkəmizin ümumi sosial- iqtisadi inkişafını müsbət dəyərləndirən, layihələrin davam etdiriləcəyini, şəffaflıq prinsiplərinin qorunacağını bəyan edən cənab İlham Əliyev onu da bildirmişdir ki, xüsusilə sosial sahədə şəffaflıq təmin olunmalıdır: “Əminəm ki, biz dinamikanı nəinki saxlayacağıq, həm də artıracağıq. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir. Sosial məsələlərin həllinə gəldikdə, bu günə qədər bir çox sosialyönümlü layihələr həyata keçirilibdir... Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub. Biz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdiririk. Bu gün Azərbaycan inkişaf, sabitlik, xalq iqtidar birliyi baxımından dünya miqyasında nümunəvi ölkəyə çevrilibdir.”

Xuraman İsmayılqızı, “İki sahil”