08 may 2018 22:53
3221

Ulu öndər Heydər Əliyev və azərbaycançılıq milli-ideoloji platforması

Hər bir müstəqil ölkənin dövlətçilik atributları qədər mühüm əhəmiyyət kəsb edən milli-ideoloji platformanın, xalqın tarixi inkişaf yolunu, dil-ədəbiyyat, mənəviyyat və mədəniyyətini, milli psixologiyasını, həyat və düşüncə tərzini səciyyələndirən elmi-nəzəri istiqamətin mövcudluğu labüddür. 1918-ci ildə yaradılan və cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətu ölkəmizi Avropada tanıtdırmaq, ordu və parlament yaratmaqla, torpaqlarımızı qorumaqla kifayətlənmədi, milli və ictimai-siyasi birliyə nail oldu, dövlət atributlarını təsis etdi, qısa zaman kəsiyində elm, təhsil, səhiyyə, mətbuat, iqtisadi quruculuq işlərində, diplomatik cəbhədə ciddi uğurlara imza atdı.

Çox təəssüf ki, 70 illik sovet tarixi bu uğurlara kölgə saldı, həmin illərdə məktəblərdə tədris olunan “Azərbaycan tarixi” üzrə dərsliklərdə bu şanlı tarix öz əksini tapmadı. Lakin zaman-zaman ayrı-ayrı şəxslərin göstərdiyi tarixi şücaət, həyatlarını böyük təhlükə altına atmaları sayəsində tarixi və qan yaddaşımız qorundu. Ötən əsrin 20-30-cu illərinin qanlı repressiyaları, 40-cı illərin sonu - 50-ci illərin əvvəllərinə təsadüf edən repressiya və deportasiyalar milli-etnik düşüncəyə, tarixi vətən və milli mənsubiyyət anlayışlarına amansız zərbələr vursa da, bütün qadağalara rəğmən, 50-60-cı illərdə Mirzə İbrahimov və Şıxəli Qurbanov kimi böyük Azərbaycan ziyalıları ana dilinin işlədilməsi, milli dəyərlər və ənənələrin bərpası problemini gündəmə gətirdilər. 60-cı illər Azərbaycan ədəbiyyatı xalqın təhtəlşüurunda qorunub qalan, artıq unudulmaqda olan anlayış və məfhumlara can verdi. 1978-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublika Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi.

80-ci illərin sonunda Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr milli ruhun yüksəlməsi və milli dirçəlişin baş qaldırması ilə müşayiət olundu. Qanlı 20 Yanvar xalqımızın iradəsini qırmağa müyəssər olmadı, əksinə onun azadlıq və müstəqillik arzularını alovlandırdı. Bu tarixi mərhələdə Heydər Əliyev kimi dünyada səsi və sözü eşidilən liderə malik xalq hələ sovet rejimi çökməmiş Ulu Öndərin təşəbbüsü ilə Naxçıvanda üçrəngli bayrağını bərpa etdi. Digər sovet respublikalarından fərqli olaraq müstəqilliyimiz ağır itkilər bahasına elan və təmin olundu. Hər bir keçid dövrünə xas olan hakimiyyət davaları və ictimai-siyasi hərc-mərclik, onun ağır nəticələri xalqın iradəsi ilə 1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu Öndərin yorulmaz əməyi və fədakarlığı sayəsində qısa zamanda aradan qaldırıldı. 1994-cü ildə əldə olunan atəşkəs və bağlanılan “Əsrin müqaviləsi” müstəqil Azərbaycanda sabitlik və quruculuk dövrünün başlanğıcına zəmin yaratdı... Bu hadisələr müstəqilliyini elan etmiş, ağır müharibə şəraitində iqtisadiyyatının yeni relslər və milli maraqlar üzərində qurulmasına qərar vermiş bir ölkə üçün olduqca böyük əhəmiyyət daşıyırdı. Əlamətdar olan o idi ki, yeni və müasir Azərbaycan ideyasının müəllifi Heydər Əliyev idi. Hadisələrin gedişi göstərdi ki, Ulu Öndər müstəqil və müasir Azərbaycan ideyasının gerçəkləşməsi layihəsini çoxdan tərtib edibmiş. Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə və Sovetlər İttifaqının liderlərindən biri olan illərdə yaratdığı zəmin onun ideya və layihələrinin icrasına xidmət etməyə başladı.

Məhz Ulu Öndərin təşəbbüs və çıxışları ilə elmi-nəzəri və milli-ideoloji platforma kimi artıq 90-cı illərin ikinci yarısında azərbaycanşünaslığın gündəmə gətirilməsi elmi-nəzəri və ictimai-siyasi dairələrdə güclü canlanmaya səbəb oldu. Təbii ki, qədim tarixə, dövlətçilik ənənələrinə malik 50 milyonluq xalq öz milli-ideoloji platformasının bazisini artıq çoxdan qoymuşdu. Müstəqilliyin və dövlətçiliyin yeni - növbəti mərhələsi tarixi təcrübəyə əsaslanaraq mövcud olmuş və hətta elmi-nəzəri status daşımış anlayış və məfhumlara yeni mahiyyət verməyi tələb edirdi. Bəli, bu gün 100 illik yubileyini qürurla qeyd etdiyimiz birinci müstəqillik dövrünədək və o dövrdə formalaşmaqda olan milli-ideoloji anlayışlar, elmi-nəzəri baxışlar, eləcə də Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyətinin ana xəttini təşkil etmiş Əli bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq və avropalaşmaq” prinsipi sonradan sovet ideoloji təpkisinin təsirləri altında zorla arxivləşdirildi. Ötən əsrin 20-ci illərində I Türkoloji qurultayın keçirilməsi, latın qrafikasına keçid, türkçülük ideyalarını, Azərbaycan sevdasını könüllərdə və yaddaşlarda yaşatmağa ünvanlanan Hüseyn Cavid şeiri və mənzum dramları, Almas İldırım, Əhməd Cavad, Məhəmməd Hadi, Mikayıl Müşfiq və başqalarının poeziyası, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əhməd Cəfəroğlu, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və digər mütəfəkkirlərimizin irsi artıq o zamanlardan azərbaycanşünaslığın özülünü qoymaqda idi. Bu elə bir möhkəm özül idi ki, sovet ideologiyasının tüğyan elədiyi dövrdə belə on illərlə Azərbaycan fundamental elmi və humanitar təfəkküründən türkologiya çıxdaş edilə bilmədi, Bakı sovet türkologiya məktəbinin mərkəzi statusunu qoruyub saxlaya bildi. Azərbaycan mühacirəti nümayəndələri azərbaycanşünaslıq ideyalarını, azad və demokratik Azərbaycan ideyasını öz fiziki varlıqları imkan verdiyi günədək bir irs kimi qoruya və bugünkü nəsillərə ötürə bildilər. İkinci Dünya müharibəsi illərində Almaniya hərbi əsirliyində olmuş və “Şuşalı” imzası ilə əsərlər yazmış bir müəllifin 1943-cü ildə “Azərbaycan adlı bir ölkə var” felyetonundan bir parçaya diqqət yetirsək, böyük Azərbaycan sevgisinin nəsillər tərəfindən hansı yanğı ilə yaşandığının şahidi olarıq: “Ölkəmin gözəlliyi məşhurlaşdıqca, ona doğru yadelli tamahları da artmış, çoxalmışdır. Hər tərəfdən ölkəmə nizə uzadılmış, qılınc çağılmışdır. Bir parça təbii cənnət həqiqi bir cəhənnəmə, yollar üstündəki gözəl bir keçid isə qanlı döyüşlər meydanına çevrilmişdir. Tarix belə olmuşdur.

Tarixlər keçdikcə, əsrlər fırlandıqca ölkəmin canlı qəlb hərarəti və dayanmaz mübarizə alovları Qərb ilə Şərq arasında əbədi bir məşəl kimi parlamışdır..”.

Bu sevgi və sevdanı yaşadan və buna görə müsibətlərə çulğalaşanların taleyini Almas İldırım şeirində tapırıq:

Mən artıq nə yazım yurduma dair,

Düşmən zəhər saçır, dostlar gizlənir.

Bilməm öz yurdunu sevən bir şair

Neçin də bir cani kimi izlənir?

1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıdan və müstəqil ölkənin Prezidenti seçilən Ulu Öndərin Azərbaycan sevgisi, məlum və kövrək çıxışları, Azərbaycan diaspor təşkilatlarının formalaşdırılması istiqamətində atdığı addımlar, müstəqil ölkə kimi ilk Konstitusiyamızın yaradılmasından tutmuş, tarix, dil, milli kimlik, təhsil və maarifləndirmə, sosial-mədəni, iqtisadi, siyasi-diplomatik və s. köklü məsələlərədək bütün sahələrdə azərbaycançılıq məfkurəsinin və azərbaycanşünaslıq ideyalarının ön plana gətirilməsi bu anlayışları elmi-nəzəri və milli-ideoloji platforma kimi elmi diskursa cəlb etdi. Ulu Öndərin “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir..” kəlamı cəmiyyət, o cümlədən elm, təhsil və mədəniyyət müəssisələri, ictimai, humanitar və siyasi elmlər qarşısında aydın və konkret vəzifələr qoydu. Dünya Azərbaycanlılarının I qurultayında ulu öndər Heydər Əliyev azərbaycançılıq anlayışının mahiyyətini açıqladı: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda ümumbəşəri dəyərlərə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Mənəvi cəhətdən bu vəzifənin icrasına hazır olan Azərbaycan humanitar təfəkkürü tezliklə bir sıra fundamental araşdırmaları təqdim etməyə nail oldu. Bu mənada akademik Nizami Cəfərovun müəllifliyi ilə 2002-ci ildə işıq üzü görmüş “Azərbaycanşünaslığa giriş” kitabı müstəsna əhəmiyyət kəsb etdi. Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Azərbaycanda Atatürk Mərkəzində yerinə yetirilmiş bu tədqiqatın əsas məğzi elmi-nəzəri istiqamət olaraq azərbaycanşünaslığın və milli ideologiya kimi təsdiqlənən azərbaycançılığın tarixi-kulturoloji kökləri, bu anlayışların özülündə duran dil-ədəbiyyat-mədəniyyət amili, Azərbaycan etnokulturoloji coğrafiyası və Azərbaycan intibahı, Azərbaycan superetnosunun təşəkkülü və ən nəhayət, milli dövlətçilik təfəkkürünün formalaşması məsələlərinin sistemləşdirilmiş şəkildə elmi diskursa cəlb olunmasındadır. Geniş tədqiqatçılıq və elmi maraqlar diapazonuna malik bir alim kimi akademik Nizami Cəfərov azərbaycançılığı türkologiya, iranşünaslıq, qafqazşünaslıq və semitologiya ilə təmasda nəzərdən keçirir və gələcək tədqiqatların da bu yönümdə aparılmasını tövsiyə edir.

Tanınmış filosof-alim Səlahəddin Xəlilovun “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” kitabı Ulu Öndərin irsini azərbaycançılıq müstəvisində sistemli şəkildə şərh etməklə yanaşı, onun qeyd olunan məzmunda çıxış və müraciətlərinin mətnlərini oxuculara təqdim edir. Kitaba daxil olan “Ön söz əvəzi”ndə diqqət müstəqilliyini möhkəmləndirmək istəyən respublikamız üçün “milli ideya”nın formalaşdırılmasının vacibliyinin ulu öndər Heydər Əliyev tərəfindən israrla vurğulanmasına yönəldilir: “Hər bir müəyyən tarixi məqamda “milli ideya” millətin və dövlətin inkişaf istiqamətini müəyyən edən əsas kontura çevrilmişdir.

Ona görə də “azərbaycanşünaslığın” mahiyyəti müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların vəhdətidir. O, ənənəvi mifləri və rəmzləri özündə birləşdirir, lakin bunlardan milli dövlətin simasında yeni fenomenlərin qorunması və əsaslandırılması üçün istifadə edir. “Azərbaycanşünaslığın” gücü ondadır ki, o, xalqın milli-mədəni eyniyyətini həm müdafiə etməyi və həm də qoruyub saxlamağı bacaran dövlətlə insanların fərdi sosial-mədəni meyillərini üzvi şəkildə birləşdirməyə qadirdir... Bu ideologiya Azərbaycanda vahid birlik, vahid sosium formalaşdırır. Görünür, bu baxımdan bir sıra Qərb tədqiqatçılarının dəlilləri əsassız deyildir”.

Azərbaycanşünaslığı elmi-nəzəri istiqamət və azərbaycançılığı milli ideya kimi əsaslandıran ədəbiyyatşünas alim, professor Nizaməddin Şəmsizadənin əsərləri və burada onun qədim zamanlardan ən müasir dövrümüzədək Azərbaycan xalqının özünüdərk, təfəkkür və dövlətçilik yolu təcrübəsinin işıqlandırılma səyləri qeyd olunmalıdır. “Azərbaycançılıq” kitabına ön sözə Ulu Öndərin 2002-ci ildə Dünya Azərbaycanlılarının I qurultayındakı çıxışından parçanı daxil edən professor N.Şəmsizadə bununla azərbaycançılığın milli dövlət ideologiyası kimi təsdiq olunduğunu vurğulayır: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Ulu Öndərin azərbaycançılıq və azərbaycanşünaslıq irsinin mahiyyətinin açılmasında və bu istiqamətdə aparılan tədqiqatların düzgün məcraya yönəldilməsində akademik Ramiz Mehdiyevin əsərləri mühüm rol oynayır. “Heydər Əliyev həm də zəmanəsinin böyük mütəfəkkiri və filosofu olaraq, azərbaycançılıq fəlsəfəsini formalaşdırır və inkişaf etdirirdi. Məhz bu fəlsəfə Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyənləşdirmiş, milli dövlətçiliyimizin təməl prinsiplərini təşkil etmişdir. Dünya azərbaycanlılarının həmrəyliyinə və birliyinə nail olunmasında Heydər Əliyevin misilsiz xidmətləri var. O, dünya azərbaycanlılarının müstəqil Azərbaycan dövləti ətrafında birləşməsi üçün yorulmadan çalışmış, bu istiqamətdə misilsiz qərarlar qəbul etmişdir..”, - deyə akademik vurğulayır.

Milli ideologiya probleminin bütün aspektləri: etnos, millət, milliyyət, xalq, milli-mənəvi dəyər, milli ideya və s. anlayışların şərhi, eləcə də Azərbaycan xalqının formalaşması, etnogenezi, dini-fəlsəfi dünyagörüşü, dili, “Azərbaycan” sözünün tarixi-coğrafi və siyasi-ideoloji mənası və s. araşdırılır, milli ideologiyanın bazisi və elementləri Faiq Ələkbərovun “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” adlı ikicildlik fundamental əsərində tədqiqata cəlb olunur. Bu tədqiqatda izah edilən anlayışların geniş diskussiyalar və elmi mübahisələr, bütün dünyada, əsasən də Avropa və Rusiyada məlum olan çoxsaylı elmi-nəzəri istiqamətlər və ideologiyalar kontekstində təqdim olunması müvafiq humanitar və ictimai elmi dairələrin azərbaycançılıq və azərbaycanşünaslığın nəzəri və praktiki aspektlərinin araşdırılmasına ciddi münasibətini sübut edir.

Fikrimizcə, “azərbaycançılıq” anlayışına təkcə hər hansı platforma və ideologiya müstəvisində baxmaq düzgün olmazdı. Bu, bizim özümüzün, öz mövcudluğumuzun, bütövlüyümüzün fəlsəfəsinin, həyat və düşüncə tərzimizin, xalqımızın və Vətənimizin özünüqoruma immunitetindən doğan bir təfəkkürdür. Bu yerdə mən azərbaycançılıq amalını beş sözlə (AZADLIQ, MÜSTƏQİLLİK, BƏRABƏRLİK, QARDAŞLIQ, DOSTLUQ) ifadə edən böyük ziyalımız Anarın azərbaycançılıq ətrafında düşüncələrinə müraciət etmək istəyirəm: “Azərbaycan türk dünyasının bir parçasıdır, amma Azərbaycanın içində ayrıca bir Azərbaycan dünyası da var və bu dünyada türk olmayan azərbaycanlılar da layiqli, şərəfli yerə malikdir.

Və inanıram ki, bu vətənin övladları əl-ələ verib çiyin-çiyinə, ürək-ürəyə, beyin-beyinə gələcəyin - XXI əsrin - Üçüncü Minilliyin Azad, Müstəqil ölkəsini, Bərabərliyin, Qardaşlığın və Dostluğun hökm sürəcəyi xoşbəxt Azərbaycanı quracaqlar”.

Son illərin tədqiqatları arasında Bakı Slavyan Universitetinin Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzində “Azərbaycanşünaslıq etüdləri” seriyası adı altında 2014-cü ildə nəşr olunan, elmi-nəzəri, praktiki və tədris-metodiki əhəmiyyəti ilə seçilən və Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq edilən “Azərbaycanşünaslığa giriş” toplusu (müəlliflər: Əhməd Əsgər, Şaban Hüseynov, İsmayıl Məmmədov, Sadir Məmmədov və b.) da böyük maraq doğurur. Sadaladığımız kitablar respublikamızın ali təhsil müəssisələrində “Azərbaycanşünaslıq” ixtisası üzrə hazırlanan mütəxəssislər üçün əsas tədris resurları kimi böyük əhəmiyyət daşıyır.

Bu məqalədə biz tariximizin yeni mərhələsində azərbaycanşünaslığın elmi-nəzəri istiqamət kimi inkişafına zəmin yaradan amilləri ön plana çəkmək, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı və sair ziyalılarımızın klassik irsi üzərində formalaşan milli-ideoloji platformanın ulu öndər Heydər Əliyevin ideya və təşəbbüsləri işığında inkişaf yoluna və eyni zamanda bu səpkidə Bakı Slavyan Universitetində görülən işlərə nəzər salmaq niyyətindəyik. Öz tədqiqat maraqlarımızdan çıxış edərək, bu elmi-nəzəri istiqamətin müasir dövrümüz və ölkəmizin yerləşdiyi geosiyasi region üçün aktual olan daha bir elmi-nəzəri platforma - avrasiyaçılıqla təmasda öyrənilməsinin tərəfdarıyıq.

Müasir avrasiyaçılıq və azərbaycançılıq (azərbaycanşünaslıq) problemlərinin eyni bir müstəvidə nəzərdən keçirilməsi, ümumiyyətlə, azərbaycançılıq ideyalarına belə böyük müstəvidən və geniş məsafədən yanaşma parodoksal görünə bilər. Birincisi, rus alimləri tərəfindən irəli sürülmüş bu elmi-nəzəri istiqamət ilk növbədə nəhəng Avrasiya dövləti olan Rusiyanın maraqlarına cavab verir, digər tərəfdən isə məsələnin aktuallığı nə Azərbaycanda, nə də digər türk dövlətlərində qədərincə dərk edilmir. Lakin müzakirə edilən problemin geosiyasi, tarixi-mədəni, sosial-etnik və s. aspektləri mövzu ilə bağlı və onun ölkəmiz, xalqımız, mədəniyyətimizlə əlaqəli şəkildə diskussiyaya cəlb olunmasını aktuallaşdırır. Fikrimizcə, Azərbaycan deyilən tarixi-mədəni-etnik-siyasi mövcudluğun böyük Avrasiya arealında təsəvvür edilməsi, tariximizə, dil və ədəbiyyatımıza daha geniş kontekstdə işıq salınması imkanı yaratmaqla, yeni və məhsuldar bir elmi istiqamətin başlanğıcı ola bilər. Bir məsələni də unutmayaq ki, iki əsrdən çox zaman kəsiyində tərkibində olduğumuz Rusiya (Sovet İttifaqı) əsasən hazırkı Müstəqil Dövlətlər Birliyi ərazisində vahid humanitar məkanının və hansısa formada Avrasiya birliyinin yaradılması ideyasını reallaşdırmaq niyyətindədir.

Birincisi, coğrafi region və tarixi-mədəni areal kimi Azərbaycan özünəməxsus Avrasiya modelinə malikdir. Ərazisi çöl zolağı deyilən Avrasiya tarixi-mədəni arealının başlanğıc ərazisinə daxil olmasa da, Azərbaycan hətta materikin, demək olar ki, bütün iqlim qurşaqlarını əhatə edir. İkincisi, Avrasiya materikində baş vermiş bütün böyük köçlər və yerdəyişmələr bu və ya digər səviyyədə tarixi vətənimizin sərhədlərini ağuşuna almış, Şərqdən Qərbə, Şimaldan Cənuba və əks istiqamətlərdə reallaşan kəşfiyyat ekspedisiyaları, karvan yolları məhz Azərbaycan ərazisindən keçmişdir. Böyük Monqol imperatoru Çingizxanın sərkərdələri Subutay və Cebenin kəşfiyyat xarakterli marşrutunu, rus tacirləri Afanasi Nikitin və Fedot Kotovun səyahət yollarını, makedoniyalı İsgəndərin və Teymurləngin “böyük imperatorluq” yaratmaq niyyətlərini, hətta Hitlerin “Barbarossa” planını yada salmaq kifayətdir. Azərbaycan Avrasiya məkanında mövcud olmuş imperiyaların və sivilizasiyaların kəsişmə nöqtəsində yerləşmişdir. Böyük Bizans imperiyasının, Xəzər xaqanlığının və Ərəb xilafətinin torpaqlarının bir-birinə qovuşduğu coğrafi-tarixi yerlər məhz tarixi Azərbaycan ərazilərinə təsadüf edirdi. Üçüncüsü, Avrasiya və Azərbaycanın kulturoloji aspektdə müqayisəli tədqiqi elmi axtarışlar üçün yeni üfüqlər açır. Orta əsrlər ədəbi abidələrinin: Azərbaycan oğuzlarının “Kitabi-Dədə Qorqud” dastanlarının, şərqi slavyan eposu “İqor polku hekayəti”nin, german tayfalarına məxsus “Nibelunqlar nəğməsi”nin, fransız abidəsi “Roland haqqında nəğmə”nin və s. müqayisəli şəkildə araşdırılması onlar arasında ideya-mövzu, tipoloji oxşarlığı üzə çıxarmaqla, orta əsrlərdə Avrasiya xalqlarının tarixi-mədəni yaxınlığını, oxşar təfəkkür tərzini, əxlaq normalarını və qəhrəmanlıq, cəngavərlik şərəfi ilə bağlı dəyərləri üzə çıxarır. Azərbaycan məhəbbət və qəhrəmanlıq dastanlarının Avrasiya arealında yayılmış folklor nümunələri ilə müqayisəsi saysız-hesabsız oxşarlıqlar ortaya çıxara bilər. Təsadüfi deyil ki, Ulu Öndər öz çıxışlarında ana dilimizin, anadilli ədəbi abidələrimizin yayılma və işlənmə arealından danışarkən Avrasiya tarixi-mədəni arealını qeyd edirdi.

Bu fikirləri söyləməkdə məqsədimiz klassik avrasiyaçılığın və neoavrasiyaçılığın çatışmayan cəhətlərinə, eləcə də məsələnin kulturoloji aspektinin kölgədə qalmasına diqqəti yönəltməkdən və gələcək tədqiqatlarda, xüsusən də Azərbaycan alimlərinin araşdırmalarında, türkoloji, türk-slavyan əlaqələri istiqamətində aparılan elmi axtarışlarda bu cəhətin nəzərə alınmasının vacibliyni vurğulamaqdır.

Son bir neçə ildə ortaya qoyulan Azərbaycan tədqiqatları içərisində Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli” və Fərhad Əliyevin “Evraziystvo: qeopolitiçeskiy diskurs” kitabları bu nöqteyi-nəzərdən böyük maraq doğurur. Hər iki tədqiqatın əsas məqsədi Azərbaycanı Avrasiya proseslərinin ayrılmaz hissəsi kimi təqdim etməkdir.

Ulu Öndərin tövsiyələri ilə azərbaycanşünaslığın və azərbaycançılığın formalaşması və təbliği sonrakı illərdə ölkədə dövlət dilinin dəstəklənməsi, milli təhsil sisteminin inkişafı, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər ilə müşayiət olundu.

Dövlət dilinin tətbiqi və işləmə sferası xeyli genişləndirildi. 2001-ci ildən ölkədə nəşr olunan bütün mətbuat orqanları, azərbaycandilli çap məhsulları latın qrafikası ilə buraxılmağa başladı. 2004-cü ildən başlayaraq dünya, rus, Azərbaycan ədəbiyyatı və mədəniyyəti inciləri də kütləvi tirajla latın qrafikasında işıq üzü gördü. Prezident İlham Əliyevin Sərəncamı ilə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”nın yaradılmasına qərar verildi. Dünya ədəbiyyatı inciləri, o cümlədən Nobel mükafatçıları orijinaldan ana dilimizə tərcümə olunmaqla dilimizi və respublikamızın kitabxana fondlarını zənginləşdirməyə səbəb oldu.

Milli ideologiyanın formalaşmasında müəllim ordusunun önəmli rolunu vurğulayan Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ildən başlayaraq respublikada üçmərhələli təhsil islahatlarına start verildi. Əsasən orta təhsil pilləsini əhatə edən bu islahatların məntiqi davamı kimi 2008-ci ildə orta ümumtəhsil müəssisələrində Milli kurikulumun tətbiqinə başlanıldı, yeni nəsil məktəb dərslikləri yazıldı, xüsusilə də təlim rus dilində aparılan məktəblər üçün dərsliklərin milli məzmunu və azərbaycançılıq komponenti zənginləşdirildi. Respublikamızın ali və orta ixtisas təhsili müəssisələrinin Avropa təhsil məkanına inteqrasiyası proresi gücləndirildi, Boloniya sistemi tətbiq olunmağa başladı. 2009-cü ildə qəbul edilən yeni “Təhsil haqqında Qanun”nda, 2013-cü ildə təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda, 2016-cı ildə təklif olunan “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə və sair mühüm sənədlərdə dövlətçiliyimizin, milli ideologiya və dəyərlərimizin qorunması və təbliği məsələləri qırmızı xətt kimi keçir. Ulu Öndərin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə keçmiş M.F.Axundov adına APRDƏİ-nin bazasında yaradılmış Bakı Slavyan Universitetinin slavyan ölkələrində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti mərkəzləri bu gün azərbaycanşünaslığın və xalqımıza xas olan multikultural dəyərlərin MDB və Avropa məkanında yayılmasına xidmət edir, yunan-slavyan və roman-german mədəniyyəti nümunələrinin Azərbaycanda tanınmasına və gənc nəslin bu mədəni irsə dərindən yiyələnməsinə səy göstərir.

Bakı Slavyan Universitetində avrasiyaçılıq və azərbaycanşünaslıq istiqamətində sistemli və düşünülmüş tədqiqatların aparılması ideyası da danılmaz həqiqəti əks etdirir. Azərbaycan xalqının ümummilli lideri, Avrasiya məkanında və bütün dünyada gedən inteqrasiya proseslərinin gözəl bilicisi Heydər Əliyevin ideyası əsasında yaradılmış bu ali məktəbdə təkcə slavyan və türk xalqlarının tarixi və ədəbi-mədəni əlaqələrinin deyil, həm də Avrasiya arealını Qərblə birləşdirən tarixi, mədəni, ədəbi, dil və din, insani münasibətlərin öyrənilməsinə və gündəmdə saxlanılmasına ciddi önəm verilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Bakı Slavyan Universitetin maddi-texniki bazasının yaxşılasdırılması ilə bağlı 2008-ci il tarixli Sərəncamında bu ali təhsil ocağının azərbaycanşünaslıq istiqamətində fəaliyyəti xüsusi olaraq vurğulanırdı. Ənənəvi olaraq 2009-cu ildən BSU-da keçirilən “Azərbaycanşünaslığın aktual problemləri” Beynəlxalq elmi konfransında müasir azərbaycanşünaslıq, tarixşünaslıq, ədəbiyyatşünaslıq, dilçilik, şərqşünaslıq məsələləri ilə yanaşı, eyni zamanda, klassik və çağdaş avrasiyaçılığın problemləri araşdırılır.

Telman Cəfərov,

filologiya elmləri doktoru, professor