08 may 2018 22:50
1430

Ulu Öndərin müəllifi olduğu neft strategiyası ölkəmizin uğurlu gələcəyinin təminatçısıdır

Azərbaycan dünyada həm zəngin mədəni-tarixi dəyərlərə malik, həm də böyük neft və qaz ehtiyatlarına sahib ölkə kimi tanınır. Bu da ümummilli lider Heydər Əliyevin müdriklik və uzaqgörənliklə həyata keçirdiyi qlobal və çoxşaxəli iqtisadi siyasətin nəticəsidir. Bu gün fəxrlə deyə bilərik ki, neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edir, “qara qızıl”ımızdan alınan gəlirlər ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilir.

Tarixən dünyada neft sənayesində daim ilklərə sahib olan ölkəmizdə XX əsrin 70-80-ci illəri neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafi, maddi-texniki bazasının möhkəmlənməsi illəri olub. Məhz həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları o dövrdə Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1971-ci ilədək neft hasilatının ümumi həcmini 1 milyard tona çatdıran Azərbaycan neft elminin mərkəzi, Bakı isə neft akademiyası hesab edilirdi. Məhz o dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü sayəsində ölkədə neft sənayesi konsepsiyasının nəzəri inkişafını təmin edən elmi-tədqiqat institutları, istehsalat birlikləri, müxtəlif müəssisələr yaradıldı.

Respublikamızın neft sənayesinin böhranlı vəziyyətini Sovet İttifaqının dağılması prosesi daha da kəskinləşdirdi. Yalnız 1993-cü ildən, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra neftin ölkənin inkişaf vasitəsinə çevrilməsi istiqamətində əsaslı dönüş əldə edildi. Azərbaycanın o zamankı məhdud maliyyə imkanları ilə neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının çətinliyini nəzərə alan Heydər Əliyev məsələnin həll yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında gördü və  bütün geostrateji çətinliklərə baxmayaraq, qısa bir müddətdə bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə nail oldu.

Dünyanın aparıcı dövlətlərinin iri neft şirkətləri ilə Xəzərdəki karbohidrogen ehtiyatlarının istismarı barədə müqavilələr imzalandı, Azərbaycanın müstəqilliyi dönməz və sarsılmaz xarakter aldı. Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi, neft yataqlarımızın müştərək işlənməsi haqqında Dövlət Neft Şirkəti ilə xarici ölkələrin aparıcı neft şirkətləri arasında 3 il aparılan danışıqlar məhz bir neçə onillər üçün hesablanmışdı və Azərbaycanın gələcək iqtisadi inkişafı üçün nəzərdə tutulurdu. Ulu öndər Heydər Əliyev tərəfindən aparılan müdrik siyasət sayəsində 20 sentyabr 1994-cü ildə ‘’Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü’’ üzrə birinci saziş imzalandı. “30 il müddətinə bağlanan müqavilənin mənfi və müsbət nəticəsi onun ardıcıl sürətdə icrasından asılıdır” söyləyən Ulu Öndər “Əsrin müqaviləsi”ni reallaşdırmaqla Azərbaycanın dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayış etdirdi.

“Azəri”, “Çıraq” və “ Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsini nəzərdə tutan müqavilənin imzalanması ilə gələcək iqtisadi inkişafının təməlini qoyan Azərbaycan gələcəyini müəyyənləşdirdi. Sonralar bu saziş ‘’Əsrin müqaviləsi’’ adı ilə tanındı. Bu saziş xarici şirkətlərə Azərbaycanda yeni müqavilələrin imzalanması üçün geniş yol açdı. 1994-cü ildən bu vaxta qədər SOCAR və xarici neft şirkətləri arasında karbohidrogenlərin kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü prinsipi üzrə 32 saziş imzalanmışdır.

“Əsrin müqaviləsi”nin ölkəmiz üçün iqtisadi və siyasi əhəmiyyətini görmək, ən əsası düzgün qiymətləndirmək üçün həmin dövrdən ötən 24 ilə yaxın müddət ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salmaq kifayətdir.  Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevrilən bu müqavilənin mahiyyətində, heç şübhəsiz, Heydər Əliyev dühasının təntənəsi dururdu. Azərbaycanın müstəqilliyinin, demokratik bir ölkə kimi sivil dünyaya inteqrasiya olunmasının xeyli dərəcədə neft müqavilələrinin reallaşmasından asılı olduğunu sübut edən Ümummilli Liderimiz bununla da respublikamızın azad və müstəqil gələcəyinin təsdiqinə təminat aldı. Çünki iri neft şirkətlərinin ölkəmizə gəlməsi yalnız sərmayə axını deyildi. Bu həm də dünyanın ölkəmizə inamı idi. Respublikamıza bu inamı məhz Heydər Əliyev qazandırdı.

Hazırda Azərbaycandan dünyanın müxtəlif ölkəsinə  xam neft və neft məhsulları ixrac edilir. İlkin neftin dünya bazarına çıxarılması üçün 1997-ci ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa neft boru kəmərləri istifadəyə verilmişdir. Lakin Azərbaycanın neft nəqli sisteminin başlıca arteriyası, heç şübhəsiz, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməridir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qalibiyyətli neft strategiyasının şah əsəri sayılan bu misilsiz layihə 2006-cı ilin yayında gerçəkləşdi.

1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gendişində Azərbaycan Prezidenti Heydər Əliyev, Gürcüstanın Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl “Xam neftin Azərbaycan, Gürcüstan və Türkiyənin ərazilərilə Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə” dair saziş imzalayıblar. Eyni zamanda Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Amerika Birləşmiş Ştatlarının prezidentləri bu layihəni dəstəkləyən “İstanbul Bəyannaməsini” imzalayıblar. Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün Heydər Əliyev tərəfindən növbəti mühüm addım atılmış oldu. BTC neft kəmərinin ardınca 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri istifadəyə verildi. Bu mühüm hadisə Azərbaycanı dünyanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirdi.  Ölkəmizdə hasil olunan təbii qazın əsas hissəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” strukturundan əldə edilir. Azərbaycanın tarixində ilk dəfə olaraq iri qaz-kondensat yatağı sayılan “Şahdəniz” 1999-cu ildə kəşf olunub. Ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir.

Bir mühüm hadisəni də qeyd edək ki, 2002-ci il sentyabr ayının 18-də  BTC-nin çəkilişində  əsas tərəflər olan Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə əsas ixrac boru kəmərinin təməlqoyma mərasimi oldu. İki il sonra Bakıda keçirilən təntənəli mərasimdə  BTC-nin maliyyələşdirilməsi ilə bağlı  sənəd imzalandı. Beləliklə, əfsanəni reallığa çevirən layihənin hüquqi statusu təsdiqləndi. 2005-ci ilin may ayında BTC-nin Azərbaycana, oktyabrında isə Gürcüstana aid hissəsinin neftlə doldurulması mərasimləri keçirildi. Ümumi uzunluğu  1768 km,  dəyəri 4 milyard ABŞ dolları olan BTC neft kəməri vasitəsilə  Azərbaycan neftini qəbul edən Ceyhan limanının rəsmi açılış mərasimi 13 iyul 2006-cı ildə keçirildi. Həmin mərasimdə çıxış edən Prezident İlham Əliyev bu mühüm hadisənin müstəqilliyimizin 15 illik tarixinə təsadüf etdiyini önə çəkərək, layihənin ölkəmizə böyük uğur gətirəcəyini əminliklə bildirmişdi.

Bu gün müstəqil dövlətimizin banisi, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  “1994-cü ildə Azərbaycanda Heydər Əliyevin təşəbbüsü ilə başlanmış işlər bu gün artıq qitə miqyası almışdır və söz yoxdur ki, gələcəkdə regionun geosiyasi konfiqurasiyasında, siyasi proseslərin və inteqrasiyanın inkişafında çox mühüm rol oynayacaqdır.” Bu sözlərin müəllifi Prezident İlham Əliyev bugünkü uğurların gələcək üçün geniş imkanlar açdığını bildirir.

Məhz dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünün qeyd olunduğu gündə Azərbaycanın iqtisadi həyatı, eləcə də Avropanın enerji bazarı üçün son dərəcə mühüm bir hadisə baş verdi. Bir sıra Qərb ölkələrinin dövlət və hökumət başçılarının, eləcə də energetika sahəsində məsul şəxslərin iştirakı ilə “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimi keçirildi. Bundan başqa, “Şahdəniz” yatağının ikinci mərhələsi ilə bağlı yekun investisiya qərarının imzalanması ilə Azərbaycanın regionun əsas qaz tədarükçüsü kimi əhəmiyyəti bir qədər də artdı.

Neft strategiyasının uğurlu icrasında SOCAR-ın yeri və rolunu xüsusi qeyd etməliyik. Beynəlxalq enerji bazarlarına çıxmaq üçün xarici investisiya layihələrini qətiyyətlə davam etdirən SOCAR-ın Türkiyənin ən iri neft-kimya şirkəti olan “Petkim”in idarəçiliyini həyata keçirməsi, bu müəssisənin nəzdində  “Star” Neft Emalı Zavodunun tikintisi, Kulevi Qara Dəniz  Terminalında modernləşdirmə işlərini həyata keçirməsi, “SOCAR Energy Georgia” törəmə şirkətində  fəaliyyətinin yüksək təşkili və s. kimi addımları Şirkətin sərmayə ayırmaq imkanlarını genişləndirir. Şirkətin Türkiyədə, Gürcüstanda açdığı yanacaqdoldurma məntəqələrinin sayı artmaqdadır. Ukrayna, Macarıstan, Rumıniya və digər ölkələrdə həyata keçirilən layihələr SOCAR-ın sərmayə imkanlarının genişləndiyinin, nüfuzunun artdığının təsdiqidir. Bu uğurlara sözsüz ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə nail olunub. 

Məlum olduğu kimi,  2010-cu ilin noyabrında “Ümid” yatağının kəşfi  bunun bir daha təsdiqi oldu. 2011-ci ilin sentyabrında isə  “Abşeron” blokunda yeni böyük qaz yatağının kəşfi Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfə kimi dəyərləndirildi. “Əsrin müqaviləsi”nin  23 illiyi ərəfəsində Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuz qazanmasını  bir daha nümayiş etdirdi.  “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanan kontraktın Azərbaycan üçün önəmi böyükdür. Cənab İlham Əliyevin vurğuladığı kimi,   1994-cü ildə imzalanmış müqavilə də ölkəmizin maraqlarına tam uyğun idi. Yeni sazişin önəmini bu rəqəmləri açıqlamaqla daha aydın görmək olar. Ötən il Azərbaycanda 2 milyardıncı ton neftin hasil edilməsi də tarixi hadisədir. 2 milyardıncı ton neft hasil edilməsi isə Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtda baş verdi. İki milyardıncı ton neftin hasilatı daha çox bizim müstəqillik dövrümüzü əhatə etdi. Bu da çox təntənəli formada qeyd olundu.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və bu gün uğurla davam etdirilən Azərbaycanın neft strategiyası nəinki ölkəmizi tamamilə yeniləşdirib, eyni zamanda, bölgədə ölkəmizin imkanlarını gücləndirib və dövlətimizin müttəfiqlərinin sayının artırılmasında önəmli rol oynayıb. Ölkəmizin həyata keçirdiyi enerji təhlükəsizliyi, enerji diplomatiyası, bütün bunlar növbəti illərdə də regionda və dünyada vacib məsələlərdən biri olacaq.

Orxan Vahidoğlu, “İki sahil”