08 may 2018 21:01
2563

Müstəqilliyimiz, əbədidir, dönməzdir, sarsılmazdır

28 may 1918-ci il Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsində unudulmaz tarix kimi əbədi yaşayır. Həmin əlamətdar gündə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunmuşdur.

Bir əsrlik yubileyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə mürəkkəb siyasi və iqtisadi şəraitdə yaranmışdır. Azərbaycan neftini mənimsəmək istəyən qüvvələrin- denikinci ağqvardiyaçıların, başkəsən daşnakların, ingilis imperialistlərin, çar Rusiyasının əhatəsində qalan gənc müstəqil respublikada hakimiyyətin tez-tez dəyişməsi də ölkədə hərc- mərcliyə səbəb olmuşdu.

Bütün çətinliklərə baxmayaraq tarixi həqiqət budur ki, AXC yarandığı gün Azərbaycanın milli dövlətçiliyinin təməli qoyuldu. Cümhuriyyətin formalaşması xalqın sosial və mənəvi tərəqqi yolu ilə irəliləməsinə, milli özünüdərk şüurunun yetişməsinə, yüksəlməsinə, xalqın dünya sivlizasiyasına qovuşmasına şərait yaratmışdır. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi.

Azərbaycan Milli Şurasının 26 noyabr 1918-ci ildə keçirilən iclasında da müstəqilliyimiz barədə məlumat vermək, bu ideyanın dəstəklənməsinə nail olmaq üçün Avropa dövlətlərinə göndərilən parlament nümayəndə heyəti barədə Əsasnamə layihəsinin izahat vərəqəsində qeyd olunurdu ki, Azərbaycan Respublikasının taleyi bütünlükdə yalnız ölkə daxilindəki, real qüvvələrin miqyasından və siyasi qüvvələrin biri-birinə münasibətindən asılı olmadığından respublikanın müstəqil siyasi vahid kimi mövcudluğu məsələsinin qəti həlli bizim öz siyasi və tarixi imkanlarımızı Avropaya nə dərəcədə sübut edə biləcəyimizdən asılı olacaqdır. Başqa dövlətlərə göndəriləcək nümayəndə heyətinin əsas məqsədi isə ölkəmizin siyasi müstəqilliyini müdafiə etmək, Amerikanın və Avropa ölkələrinin ictimai rəyini Sülh konfransında Azərbaycanın müstəqilliyinin tanınması üçün ən əlverişli istiqamətə yönəltməkdir.

Xalqın səsvermə yolu ilə seçdiyi Azərbaycan Müsəlman Milli Şurasının müraciətində deyilirdi: “ İndən belə Azərbaycan xalqları suverenlik hüquqlarının daşıyıcılarıdır, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan isə tamhüquqlu müstəqil dövlətdir. Müstəqil Azərbaycanın siyasi quruluşunun forması kimi demokratik respublika yaradılır. Yaradılmış respublikanın adındakı “ demokratik” sözü əsas məqsəd deyildi və o dövrün siyasi cərəyanlarına hörmət xatirinə yazılmamışdı. Bu söz yeni dövlət qurumunun məğzini əks etdirirdi.” Müstəqilliyin tanınması üçün AXC-nin o zamankı hökuməti çətin şəraitə baxmayaraq bütün vasitələrdən istifadə etmişdir.

Azərbaycanın müstəqilliyini elan etməsi barədə məlumatın mətni mayın 30-da radio və teleqraf vasitəsilə dünyanın bütün əsas siyasi mərkəzlərinə- Konstantinapola ( İstanbula), Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Kiyevə, Kopenhagenə və Tokioya çatdırıldı: “Xarici İşlər Nazirinə. Gürcüstan Zaqafqaziya Federativ Respublikasının tərkibindən çıxandan sonra onun parçalanması ilə əlaqədar Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət Azərbaycanın müstəqilliyini elan etmiş və Azərbaycan Respublikası yaratmışdır. Şərh etdiyimiz məsələ barədə məlumat verərək Ali həzrətlərinizdən xahiş edirəm, bu barədə sizin hökumətə xəbər verəsiniz.”

Göründüyü kimi, qısa müddət yaşasa da müstəqilliyimizin əbədiliyi naminə bütün vasitələrdən istifadə edən AXC-nin səylərinə baxmayaraq düşmənlərimiz arxadan zərbə vurmaq planlarını hazırlayırdı. Buxovunu Azərbaycana uzadan Rusiya imperiyası, sonra başqa millətləri kölə hesab edən bolşeviklər Azərbaycan xalqının da arzu və istəklərini Qızıl Ordunun tökdüyü qanların içərisində boğa bildi. 1918-ci il 31 martda 17 min azərbaycanlını öldürən, rus erməni alaylarının birgə törətdikləri soyqırıma başçılıq edən, məscid və abidələri yandıran, Şamaxıda, Lənkəranda, Qubada, Naxçıvanda... 211 kənddə, Azərbaycanın hər yerində qırğınlar törədən Şaumyan “Azərbaycanın müstəqil bir dövlət olmasını istəyən milliyətçilər sonunda xarabalar tapacaqlar” sözləri ilə qırğınların əsas müəllifi olduğunu və imperiyanın göstərişi ilə soydaşlarımızı qətlə yetirdiyini subut edirdi. Məhz o illərdə də erməni daşnaklarına kömək edən çar Rusiyası və Antanta dövlətləri Azərbaycanın müstəqilliyini müdafiə edəcəkləri vədlərinə xilaf çıxaraq əslində Ermənistanın ilhaqçılıq planlarının həyata keçirilməsinə şərait yaradırdılar. Rusiyanın o zamankı xarici işlər naziri G. Çiçerin Andraniki “Antantanın agenti” adlandırırdı. İngilis hökuməti könüllülər ordusunun komandanı general Denikin Azərbaycan xalqını əsasrət altına almaq cəhdlərində Andranikdən vasitə kimi istifadə edirdi. Hələ o illərdə “Xalqa nə verdiniz” sualını cavablandıran Məhəmməd Əmin Rəsulzadə demişdir: “Çox şey verə bilmədik... Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da milli istiqlal dadızdırdıq.”

Azadlıq istəyi AXC-nin İstiqlal Bəyannaməsində də qeyd olunurdu: “Bütün azadlıqlardan uca tutduğumuz ən qiymətli azadlıq bizim müstəqilliyimzdir. Biz onu göz bəbəyi kim qoruyacağıq.”

Şərqdə ilk demokratik respublika olan AXC-in 79-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edən ulu öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycanda ilk demokratik respublikanın yaranması xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının, göstərdiyi cəhdlərin ifadəsi olmuşdur. “Ancaq Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu respublikanın, hökumətin öz fəaliyyətini davam etdirməsinə imkan verməmişdir. Bir tərəfdən Rusiyada bolşevik hakimiyyəti keçmiş çar Rusiyasının bütün ərazisində bolşevik üsul-idarəsini qurmağa cəhd göstərərək Azərbaycana yönəlmişdi, respublikamızın daxilində o cəhdləri dəstəkləyən qüvvələr onunla birləşmişdi. Onlarla yanaşı olaraq, Azərbaycan Demokratik Respublikasının hökumətində və onun yaratdığı parlamentdə də daxili ziddiyyətlər, çəkişmələr bu demokratik respublikanın ləğv olunmasına gətirib çıxarmışdı.”

Doğrudan da yaşadığı 23 ayda 5 dəfə formalaşan iqtidar, AXC-də yaranmış hər bir hökumət daxili qarşıdurmalar nəticəsində və xarici qüvvələrin təsiri altında istefa verməyə məcbur olduğundan və bu proses davam etdiyindən ağır şəraitdə yaşayan demokratik respublikanın təmsilçiləri Azərbaycanın dövlətçilik tarixinə parlaq səhifələr yazmışlar. Daxili və xarici siyasətinin başlıca vəzifəsi Azərbaycanın bir dövlət kimi varlığını, müstəqilliyini dövlətçiliyini qorumaq olan AXC xarici ələaqələri genişləndirməklə xalqın sosial- siyasi hüquqlarının təmin edilməsini həlledici amil kimi də diqqətdə saxlayırdı. “Müstəqillik yolu qədər çətin yol yoxdur... Müstəqilliyin əldə olunması nə qədər çətindirsə , onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” söyləyən ulu öndər Heydər Əliyev bu tarixi nailiyyətin qorunub saxlanılmasında vətəndaşlıq borcunu müasir Azərbaycanın qurucusu adını qazanmaqla təsdiqlədi. “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır” müdrik kəlamın müəllifi, Azərbaycan xalqının milli təfəkkürünün oyanmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyev dövlətçilik tariximizdə baş verən hadisələri xatırladaraq bildirmişdir ki, əsrlər boyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikasının cəmi 23 ay yaşamasına baxmayaraq onun fəaliyyəti tarixi salnaməmizin yaddaqalan səhifələrindəndir.

“Biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında, yaranmasında göstərdikləri xidmətlərə görə Əlimərdanbəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır” söyləyən ulu öndər Heydər Əliyev vurğulayırdı ki, Azərbaycan istiqlaliyyətini elan edənlər, Xalq Cümhuriyyətini qurub yaradan və ona sona qədər sadiq olanlar Azərbaycanın ən mötəbər, ən görkəmli tarixi şəxsiyyətləridir.

Eyni münasibəti “Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır” söyləyən Prezident İlham Əliyev bildirir ki, “İstiqlal Bəyannaməsi”ni imzalayanların şərəfinə Bakının mərkəzində abidə ucaldılması onların xatirəsinə hörmət və ehtiramın ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalamaqla bu əlamətdar günə respublikada ciddi hazırlıq görülməsini ümumxalq işi elan edən Prezident İlham Əliyev milli müstəqilliyimizin tarixi nailiyyətimiz olduğunu bu sözləri ilə də subut etdi: “XX əsrin əvvəlində dövlətçiliyimizin qısa tarixi olub. Həmin vaxt Azərbaycan Rusiya imperiyasının süqutu nəticəsində müstəqilliyini qazandı. Müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb. İlk demokratik respublika 1918-ci ildən 1920-ci ilə qədər yaşadı. Baxmayaraq ki, bu kiçik bir dövr idi, lakin bir çox islahatları həyata keçirmək mümkün oldu. Bunlar müasir, müstəqil Azərbaycanın inkişafı üçün zəmin yaratdı. Bu islahatlardan biri qadınlara seçib-seçilmək hüququnun verilməsi oldu.”

28 may 1919-cu ildə N.Usubbəyovun imzaladığı, hökumət adından ölkə vətəndaşlarına müraciətində deyilirdi: “Azərbaycan vətəndaşları! Qoy mayın 28- i böyük ümumxalq sevinci günü olsun. Bu gün millətindən asılı olmayaraq bütün vətəndaşlar özlərini tamhüquqlu vətəndaşlar hesab etməlidirlər. Qoy bu gün dünya xalqlarının yüksək milli amallarını və ədalətli hüquqlarının təntənəsi günü olsun.” Bu sözlər Prezident İlham Əliyevin müstəqil Azərbaycanın müasir dövrü üçün xarakterik olan “Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir - hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər” ifadələri ilə eynilik təşkil edir.

Xuraman İsmayılqızı, “İki sahil”