08 may 2018 19:48
1936

Heydər Əliyev: bələdiyyə institutunda gender bərabərliyi

Siyasət şahmatının ustası-ulu öndər Heydər Əliyev

Müstəqil Azərbaycanın memarı, tarixi şəxsiyyət, siyasət şahmatının ustası Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsirlik dövlətçilik tariximizdə mühüm yer tutur. Anadan olmasının 95 illiyini böyük qürur hissi ilə qeyd etdiyimiz Heydər Əliyev, bütün həyatını Azərbaycan xalqının  və dövlətçiliyin taleyi ilə bağlayan, yüksək insani keyfiyyətlərə, dövləti idarə etmək bacarığına malik olan bənzərsiz və müqayisəedilməz şəxsiyyət idi. Ulu öndər xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz rol oynayıb. Dahi rəhbərin hakimiyyətdə olduğu otuz ildən artıq bir dövr ərzində qazandığımız bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrətli və dühası, uzaqgörənliklə yürütdüyü siyasi kurs dayanıb.

Öz xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, tarixi roluna görə Heydər Əliyevi dünya miqyaslı siyasi nəhəngləri ilə - Mustafa Kamal Atatürk, Franklin Ruzvelt, Şarl de Qoll ilə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzm və şərəflə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan deyirdi: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Bu mənada Azərbaycan xalqı özünü xoşbəxt sayır ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 34 illik bir müddətdə Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik edib, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan sürətli,  inkişaf yoluna qədəm qoyub. Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş bu dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyev siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda bəşəriyyətin zəngin xəzinəsinə çevrilib.

Heydər Əliyev şəxsiyyətinin əzəməti, Onun xalqımızın qarşısındakı xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha da aydın görünür. Xalqımız müstəqil dövlətdə yaşadığına, xoşbəxt gələcəyinin sahibi olduğuna görə Ulu Öndərə borcludur. Tariximizə nəinki dahi qurucu, eləcə də böyük xilaskar kimi daxil olmaqla ölkə həyatının bütün sahələrində əldə edilmiş misilsiz nailiyyətlərin əsasını qoyan Heydər Əliyev dövlətin hər bir vətəndaşı üçün mübarizliyin və xalqa təmənnasız xidmətin simvoluna çevrilib.

Tarixi xidmət: yerli özünüidarəetmə institutunun yaradılması

Birbaşa demokratiyanın ən uğurlu modellərindən olan yerli özünüidarəetmə institutunun yaradılması da məhz Heydər Əliyevin adı və titanik siyasi fəaliyyəti ilə bağlıdır. Məhz Ulu öndərin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikası Konsitusiyasında bələdiyyələr – yerli özünüidarəetmənin təşkili ayrıca bölmə olaraq öz əksini tapdı.

Ulu Öndər bələdiyyələrin formalaşması prosesində onların işgüzar bir orqana çevrilməsi, yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində müstəqil rol oynaması üçün qayğı və diqqətini əsirgəmirdi. Ümummilli Lider bələdiyyələrin yaradılmasını zamanın tələbi, demokratiyanın ifadəsi kimi dəyərləndirərək bildirirdi: “Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarəetmədə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”. Bugünümüzün reallıqları, ölkəmizdəki sosial-iqtisadi, mədəni inkişaf, demokratik təkamül və bu proseslərdə bələdiyyələrin fəaliyyəti bunu bir daha sübut edir.

Ölkəmizdə bələdiyyələrin inkişafı xüsusi diqqət mərkəzindədir. Bunu qəbul olunmuş qanunvericilik aktlarında, Prezidentin təsdiq etdiyi sənədlərdə, eləcə də bir çox orqanların bu sahə ilə bağlı həyata keçirdiyi tədbirlərdə açıq şəkildə görürük. Bələdiyyələrin normal fəaliyyəti üçün ölkədə lazımi hüquqi baza var. Qanunvericilikdə yerli özünüidarəetmənin çox mühüm məsələləri - Bələdiyyələrin statusu, Bələdiyyələrin əraziləri və torpaqları, yerli büdcənin formalaşdırılması, təsdiqi və icrası, yerli vergi və ödənişlərin müəyyən edilməsi, yerli sosial-müdafiə, iqtisadi, ekoloji proqramların işlənib hazırlanması və reallaşdırılması, mülkiyyət münasibətlərinin formalaşdırılması öz əksini tapıb.

Bələdiyyələr seçkili orqandır və onlar “Bələdiyyələrin statusu haqqında” Qanuna müvafiq olaraq ildə iki dəfə, hər 6 aydan bir olmaqla öz seçiciləri qarşısında hesabat verir, sakinlərini görülən işlər barədə məlumatlandırır, gələcək fəaliyyətlərini, planlarını açıqlayırlar. Binəqədi rayonunda fəaliyyət göstərən 5 bələdiyyə olaraq, mətbuatın, kütləvi infotrmasiya vasitələrinin auditoriyasının, geniş oxucu və dinləyici kütləsinin daha əhatəli olmasını nəzərə alaraq, biz media qarşısında da hesabat verir, həmçinin media mənsublarını maraqlandıran sualları cavablandırırıq.

Düşünürəm ki, bununla biz bələdiyyələrimizin fəaliyyətinin şəffaflığını ortaya qoyur, eləcə də bələdiyyələrin fəaliyyəti ilə nəinki yerli sakinləri, seçiciləri, həm də geniş ictimaiyyəti məlumatlandırmış oluruq. Digər tərəfdən də bu, bələdiyyələrarası rəqabət mühitinin inkişaf etməsinə şərait yaradır.

Göründüyü kimi, bu gün Bələdiyyələr aparılan əsaslı islahatlar, dinamik tərəqqi dövründə dövlət rəhbərliyinin siyasi iradəsinə arxalanaraq  özünün sürətli inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində fəal iştirak edir, onların etibarını qazanmağa, cəmiyyətdə özünəməxsus yer tutmağa çalışırlar. Bu da Ümummilli Liderin bütün sahələrdə olduğu kimi Bələdiyyələrə olan ümid və arzularının addım-addım həyata keçməsi, reallığa çevrilməsi deməkdir.   

Bələdiyyələrdə gender bərabərliyi

Ulu öndərin tarixi xidmətlərini qeyd edərkən, Heydər Əliyevin gender bərabərliyi, qadınların  ictimai-siyasi həyata transformasiyası istiqamətində həyata keçirdiyi mühüm addımları vurğulamamaq mümkün deyil. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli liderin  hakimiyyətə qayıdışından sonra qadınların dövlət idarəçiliyində təmsilçiliyi, xanımların bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.

Heydər Əliyev siyasətinin uğurlu varisi, ölkə Prezidenti İlham Əliyev də bu strategiyaya sadiq qalaraq ölkədə gender balansının qorunub saxlanılması istiqamətində həm qanunvericilik bazasında, həm də praktiki yönümdə yeni islahatlara imza atıb. Prezident İlham Əliyev qərarqəbuletmədə qadınların sayının artırılmasını prioritet məsələ kimi ön plana çəkib.

Məhz bu siyasi kursun məntiqi nəticəsidir ki, qadınlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar. Son illərdə yerli özünüidarəetmə orqanları olan Bələdiyyələrdə də təmsil olunan qadınların sayı artıb. Müqayisə üçün qeyd edə bilərəm ki, 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində qadınların iştirakı çox zəif olsa da, seçkidən-seçkiyə bələdiyyələrdə onların mövqeyi möhkəmləməyə doğru irəliləyib. Belə ki, 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınlar 4% idisə, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində 26,5% bələdiyyə üzvü  qadın seçilib. 2014-cü ildə isə bu rəqəm artaraq, bələdiyyə üzvü qadınların sayı 35 %-i təşkil edib. Eyni zamanda, bələdiyyələrə rəhbərlik edən qadın sədrlərin sayı da artıb. Qürurla deyə bilərəm ki, Binəqədi rayonunda fəaliyyət göstərən 5 bələdiyyədən 2-sinin sədri xanımdır.  Bu faktlar  dövlətin, dövlət başçısı İlham Əliyevin qadınlara göstərdiyi diqqətin bariz nümunəsidir.

Jalə Tofiqqızı,

M.Ə.Rəsulzadə Bələdiyyəsi