13 fevral 2018 14:06
2462

Dinamik inkişaf, siyasi sabitlik

Azərbaycan daha bir siyasi kampaniya ərəfəsindədir. Aprel ayında keçiriləcək prezident seçkilərinin əvvəllər olduğu kimi tam şəffaf, demokratik qaydalara uyğun keçirilməsi üçün ölkədə yaradılan sabitlik, inkişaf və tərəqqi diqqəti cəlb edir.

İnkişafda olan, müəyyən müddəaları, qanunları, qaydaları ilə cəmiyyətin həyatına təsir imkanları artan demokratiya daim öyrənməyi, düşünməyi tələb etdiyi kimi, bu istiqamətdə aparılan islahatlar demokratiya institutları və təsisatları tərəfindən dəstəklənir. “Biz uzunmüddətli inkişafımızı təmin etmək istəyiriksə mütləq siyasi islahatlar iqtisadi islahatları dəstəkləməlidir, siyasi və iqtisadi islahatlar paralel aparılmalıdır” söyləyən Prezident İlham Əliyev demokratiya yolu ilə irəliləyən Azərbaycanda söz, mətbuat, əqidə azadlığının qorunmasına yönəldilmiş islahatların tətbiqini günün ən aktual problemi kimi qarşıya qoyur.

Artıq bir neçə partiya seçkidə iştirak edəcək namizədlərinin adlarını açıqlayıb.

“Qafqaz.info”nun məlumatına görə YAP-dan cənab İlham Əliyev, KXDP-dən Mirmahmud Mirəli oğlu, VİP-dən Əli Əliyev, Yeni AXCP-dən Razi Nurullayev, Müasir Müsavatdan Hafiz Hacıyev, Ağ Partiyadan Tural Abbaslı, MDHP-dən, Milli Məclisin deputatı Fərəc Quliyev, ALDP-dən Fuad Əliyev seçkilərdə prezidentlik kürsüsü uğrunda mübarizədə iştirak etmək istəklərini bildiriblər.

Şərqdə ilk parlamentli respublika olan Azərbaycanın plüralizm, demokratik təfəkkür tarixi, demokratik təsisatları təkmilləşdirmək sahəsində zəngin təcrübəsi vardır. Əbəs yerə deyilmir ki, demokratiyanın suverenliyi demokratiyanın müstəqilliyi ilə şərtlənir. Ötən seçkiləri müşahidə edən beynəlxalq ekspertlərin bildirdikləri kimi, Şərq və Qərb dəyərlərinin sintezi Azərbaycanın demokratiya modelinin xüsusiyyətlərinin əsasını təşkil edir.

İqtisadi, siyasi, demokratik uğurları ilə bölgədə və MDB ölkələri arasında liderliyini qoruyan Azərbaycanın əldə etdiyi nailiyyətlərin dəfələrlə digər dövlətlərə nümunə göstərilməsi, ən nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında müsbət qiymətləndirilməsi respublikamızda mövcud həmrəyliyin nümunəsi olmaqla vətəndaş birliyinin göstəricisidir.

Azərbaycanda siyasi partiyaların sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb. “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Siyasi partiyalar haqqında” qanunlara əlavə və dəyişikliklər edilib. Respublikada azad, ədalətli seçki sistemi mövcuddur. Seçki Məcəlləsi dünya praktikasına uyğun təkmilləşdirilir. AŞPA-nın qəbul etdiyi “Azərbaycanda demokratik institutların inkişafına dair” qətnamədə qeyd olunduğu kimi, demokratiyanın əsas şərtləri olan obyektivlik və şəffaflığa ölkəmizdə keçirilən bütün siyasi kampaniyalarda əməl edilir.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi haqqında” adlı Sərəncamın tətbiqi ilə demokratik dəyərlərə üstünlük verilməsi seçicilərin fəallığını daha da artırmışdır.

QHT-lərin, siyasi partiyaların seçkilərdə iştirakı üçün demokratik şərait yaradılıb. Qanunvericilikdə irəli sürülən tələblərə uyğun fəaliyyət göstərən bütün partiyalar prezident seçkilərində iştirak etmək hüququna malikdirlər. Seçkilərə hazırlığın bərabərlik prinsipi əsasında təşkilini tələb edən Prezident İlham Əliyevin vurğuladığı kimi, siyasi mövqeyindən, hansı partiyaya mənsubluğundan asılı olmayaraq heç kimə qarşı ayrı- seçkilik hallarına yol verilmədən təbliğat aparmaq imkanları yaradılır. İcazəli mitinq və aksiyaların keçirilməsi üçün müraciətlər əsasında müvafiq yerlər ayrılır.

Bu günlərdə keçirilən Yeni Azərbaycan Partiyasının VI qurultayında qarşıdakı prezident seçkilərində namizədliyi irəli sürülən Prezident İlham Əliyev çıxışında da ölkədə seçkilər üçün tam münbit şərait yaradıldığını qeyd edərək vurğuladı ki, respublikamızda ictimai asayiş qorunur, kriminogen durum çox müsbətdir, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Təhlükəsizlik və sabitlik Azərbaycanı fərqləndirən müsbət amillərdir:

“Ölkəmizdə, eyni zamanda, bütün azadlıqlar təmin edilir və edilməlidir, bu da bizim siyasətimizdir. Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır, siyasi islahatlar davam etdiriləcəkdir. Son illər ərzində bu istiqamətdə gözəl nəticələr əldə edilib və bu, daimi prosesdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik. Bu gün də vəziyyət çox yaxşıdır, müsbətdir. Bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcəkdir. Bu bizim prinsipial siyasətimizdir. Mən tam əminəm ki, əgər biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, - biz bunu istəyirik, - mütləq siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir.”

Multikulturalizm ənənələrinin yaşandığı tolerant Azərbaycanda vicdan azadlığı tam təmin edilir. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkə kimi uğurla inkişaf edir. Ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bütün beynəlxalq birliyin etiraf etdiyi kimi, Azərbaycanda heç vaxt milli və ya dini zəmində qarşıdurma, anlaşılmazlıq halları yoxdur. Bütün dinlərin nümayəndələri dəyərli vətəndaşlar kimi öz işi, əməyi ilə ümumi inkişafa töhfələr verir.

“Əgər 1993-cü ilə qədər Azərbaycanın müstəqilliyi şərti və yarımçıq xarakter daşıyırdısa, siyasi, iqtisadi, demokratik inkişaf sayəsində ölkəmiz müstəqilliyini əbədiləşdirmək istiqamətində böyük əzm və qətiyyət göstərərək qarşıya qoyulan hədəflərə çatmaq üçün birlik və həmrəylik nümayiş etdirir” söyləyən cənab İlham Əliyev bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması demokratiyanın təzahürü idi.

Bu bir həqiqətdir ki, YAP-ın yaradılmasına mane olmağa çalışan və o dövrdə hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat cütlüyü ən antidemokratik addımlar atmaqdan belə çəkinmirdi. “Ancaq Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına da çox böyük töhfə vermişdir. Bu gün biz demokratiya yolu ilə gedirik” söyləyən dövlət başçımız vurğuladı ki, bütün əngəllərə baxmayaraq Azərbaycan xalqı YAP-ı dəstəkləyir, ona etimad göstərir. Bütün seçkilərdə qalib olan YAP-ın qələbəsini şərtləndirən xalq-iqtidar birliyidir. Ölkədə qarışıqlıq salmaq üçün xarici dairələrdən idarə olunan radikal müxalifətin təxribatlarına seçkilərdə belə qüvvələrə etimad göstərməməklə nifrətlərini bildirən xalqımızın son sözu budur ki, belə qüvvələrə siyasi səhnədə yer yoxdur. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları insanlar tərəfindən rədd edilir. “Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək” deyən dövlət başçımızın sözlərində ümumxalq rəyi ifadəsini tapır. Çünki zaman, siyasi mübarizə metodları dəyişir, insanlar ölkədəki inkişafı hər gün hiss edirlər. Müasir texnologiyaların həyatımıza daxil olduğu, genişzolaqlı internetlərdən istifadə üçün hər cür şəraitin yaradıldığı müasir dövrümüzdə hələ də köhnə metodologiya ilə yaşamaq istəyənlər bir daha kif basmış təfəkkür sahibi olduqlarını əsassız bəhanələri ilə də təsdiqləyirlər. Dəfələrlə qeyd olunduğu kimi, ölkəmizdəki inkişaf, demokratik islahatlar kimlərəsə xoş gəlmək üçün deyil. Hər yenilik bütün Azərbaycan xalqının daha xoş, firavan həyatı üçün aparılır və gələcəkdə daha geniş miqyasda həyata keçiriləcək.

Xuraman İsmayılqızı, “İki sahil”