07 fevral 2018 00:43
849

Dövlətçilik ənənələrimizə dəyərli töhfə

Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi bu cür dəyərləndirilir

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev “1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti də bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıbdır” fikirləri ilə  bu reallığı təsdiqləyirdi ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə qabaqcıl şəxsiyyətlər, mütəfəkkir adamlar, ziyalılar xalqımızda milli azadlıq, müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. ADR gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Lakin bu yaşananlar Azərbaycan xalqının azad, müstəqil yaşamaq istəyini oldürmədi, əksinə daha da alovlandırdı. 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Dövltimizin başçısı İlham Əliyev daim çıxışlarında Azərbaycan Demokratik Respublikasından bəhs edərkən bildirir ki, əgər Azərbaycan dövlət müstəqilliyini qoruya bilsəydi, əminəm ki, bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, ən zəngin ölkələrdən biri olacaqdı. Ancaq xarici müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

Azərbaycanın bu günü üçün möhkəm təməl olan ADR-nin fəaliyyətinə qısa baxışımız təbii ki, səbəbsiz deyil. Məhz tariximizin yaddaşına söykənərək, Azərbaycan xalqının qəhrəmanlıq səhifələri ilə dolu olan tarixinin olduğunu söyləyir, bunu dünyaya çatdırırıq.   Ümummilli Lider hər zaman bu çağırışı səsləndirirdi- Azərbaycanı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq. Son 14 ildən artıq dövr ərzində ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin daim bildirir ki, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik yolunda qazandığı uğurları indiki və gələcək nəsillərə çatırmalıyıq. Təbii ki, bu işdə mətbuatın üzərinə böyük məsuliyyət düşür.

Azərbaycanın 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etməsindən bizləri ayıran 26 il tariximizə biri-birindən əhəmiyyətli uğurları yazıb. Müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını, himni və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi Azərbaycanın 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür. Dövlətimizin başçısı İlham Əliyev 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməklə bir daha dövlətçiliyimizə, ənənələrimizə, Azərbaycan xalqının müstəqilliyinə töhfə verdi. Bu mühüm addımdan öncə ölkə Prezidenti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalamışdır. Sənəddə də bildirilirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Dövlətimizin başçısı İlham Əliyev eyni zamanda Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilmişdir. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir.”

Azərbaycanın 26 illik müstəqillik tarixini vərəqlədikcə hər günün tariximizə uğur səhifəsi kimi yazıldığı diqqətdən kənarda qalmır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət qayıdışı ölkəmizin müstəqillik tarixində yeni mərhələnin əsasını qoydu. Düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində Azərbaycan 1991-1993-cü illərin anarxiyasından, xaosundan, özbaşınalıqlarından xilas oldu, sabitlik məkanına çevrildi. Zəngin təbii resurslarımızdan səmərəli istifadə etmək məqsədilə imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi daxil olan reft müqaviləsi Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının təməlini qoydu. Məhz 23 illik yoldan sonra, yəni “Əsrin müqaviləsi”nin imzalandığı vaxtdan ötən 23 ildə qazanılan uğurlar ötən il “Yeni əsrin müqaviəsi”nin imzalanmasına yol açdı. Azərbaycan bu addımın atılması ilə dünyada qazandığı etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdi. İqtisadi tərəqqini hər bir inkişafın əsası kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizə yeni-yeni uğurlar qazandırır. İqtisadi və siyasi islahatların vəhdətliyi fonunda Azərbaycan biri-birindən önəmli uğurlara imza atdı, beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında tribunalar qazandı.

Bugünkü uğurlarımız bir daha bu reallığın təsdiqidir ki, möhkəm təməl inkişaf üçün açardır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev təkmil islahatları ilə Azərbaycanın islahatçı, yenilikçi ölkə kimi nüfuzunu daha da möhkəmləndirir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında islahatçı ölkə kimi mövqeyini daim qoruyan Azərbaycan inkişaf etmiş ölkələr sırasında birgə addımlamaq istəyini məhz bugünkü reallıqlara söykənərək ortaya qoydu. Ənənəvi olaraq keçirilən Davos Dünya İqtisadi Forumunun 48-ci toplantısında da Azərbaycanın uğurları təqdir olundu.

Müstəqillik tariximizə qısa nəzər salmaqda məqsədimiz budur ki, zəngin dövlətçilik ənənələrinə, tarixə malik olan xalqımız ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Dövlətimizin başçısı İlham Əliyevin bildirdiyi kimi, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir. Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti nəticəsində diplomatik qələbəmizin, eyni zamanda güclənən ordumuzun fonunda bu problemimiz də öz həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, müstəqilliyimiz, suvenerliyimiz daha da möhkəmlənəcək. Azərbaycanın üçrəngli bayrağının Xankəndidə, Şuşada dalğalanacağı gün uzaqda deyil. Cocuq Mərcanlıya qayıdış bu inamın təsdiqidir.

Yeganə Əliyeva, “İki sahil”