02 fevral 2018 14:30
1497

Son 14 illik sosial-iqtisadi inkişaf hər birimizə qürur verir

Əsasları ümummilli lider böyük Heydər Əliyev tərəfindən müəyyən edilən müstəqil sosial-iqtisadi inkişaf siyasəti Azərbaycan Respublikasının güclü potensiala malik olmasında mühüm mərhələləri təmin etdi. Müasir iqtisadi şəraitdə inkişaf qanunauyğunluqlarının tarazlığını, sahələrarası münasibətlərin təşəkkülünü, makroiqtisadi zəmində məhsuldarlığa yol açacaq proseslərin səmərəliliyini təmin edəcək məsələlər məhz həmin siyasətin uğurları və perspektivləri nəticəsində mümkün olmuşdur.

Müstəqillik yolunda inamlı addımlarını atan gənc Azərbaycan Respublikası milli iqtisadiyyat quruculuğu proseslərində ölkənin bütün regionlarının inteqrasiyasını prioritet olaraq müəyyən etdi və makroiqtisadi potensialda müvafiq amil üzrə çəkinin artmasındakı məqsədlərini dəqiqləşdirdi. Dahi Heydər Əliyevin 1993-2003-cü illərdə yüksək dövlətçilik təcrübəsi və müdrikliklə formalaşdırdığı dayanıqlı sosial-iqtisadi baza 2003-cü ildən etibarlı əllərə ərmağan edilməklə daha mütərəqqi əsaslarla zənginləşdirildi. Həmin baza imkan verirdi ki, Azərbaycan Respublikasında:

- müstəqilliyin iqtisadi və siyasi amillər üzrə möhkəmləndirilməsi təmin edilsin və məhsuldar perspektivlərə yol açsın;

- müasir dünya gerçəklikləri ilə səsləşə biləcək iqtisadiyyat qurulsun və bütün sahələr üzrə islahatlara münbit zəmin yaradacaq mühit yaradılsın;

- yaradıcı ideya və təşəbbüslərə söykənməklə uzaq gələcək üçün hədəfləri müəyyən edəcək addımlar atılsın və milli iqtisadiyyat formalaşdırılsın;

- inkişaf edən ölkələrin təcrübələri öyrənilməklə, onlarla əməkdaşlıq sahəsində və beynəlxalq iqtisadi təşkilatlara inteqrasiya proseslərində çeviklik göstərilsin;

- ölkə iqtisadiyyatı mikro, mezo, makro zəmində proseslərə səmərəlilik gətirəcək dolğun istehsal potensialına malik olan və yüksək sosiallaşma mahiyyəti ilə bu sahədəki münasibətləri təkmilləşdirən mütərəqqi istinad mənbəyinə çevrilsin və s.

Məhz bu ideyalara sadiq qalaraq, 2003-cü ildən etibarən ölkə başçısı kimi böyük siyasəti elə böyük sədaqətlə də davam etdirən cənab İlham Əliyev iqtisadi və hüquqi tənzimləmələr vasitəsilə müasir dünya dövlətləri üçün nümunə və model olacaq, davamlı inkişaf edən, region və beynəlxalq əhəmiyyətli uğurlu layihələrə imza atdı, təşəbbüslərə müəlliflik etdi. Böyük idarəçilik təcrübəsinə malik olan dövlət başçısı prezidentlik fəaliyyətində müdriklik göstərərək:

- iqtisadiyyatın çoxşaxəliliyinə istiqamətlənəcək hədəflər müəyyən etdi. Neft və qeyri-neft sektorlarının əlaqəli inkişafı istiqamətində qətiyyətlilik göstərməklə, hər iki sahəni milli iqtisadiyyat üçün intibah mənbəyinə çevirdi;

- milli iqtisadiyyat anlayışında ifadə olunan xalqın, vətəndaşların, millətin firavanlığına xidmət edəcək iqtisadiyyat qurdu, onun məhsuldarlığını təmin etdi. Bu iqtisadiyyat ayrıca bir sakinin, eləcə də bütövlükdə xalqın və cəmiyyətin mənafelərinə xidmət edəcək səviyyəyə qədər təşəkkül yolu keçdi;

- ölkəni regionda və dünyada sülhün, xoşməramın carçısı və tərəfdarı olaraq tanıtdı. Etibarlı qonşuluq və sadiq tərəfdaşlıq missiyalarını yüksək və strateji layihələrin icrasını təmin etməklə yerinə yetirdi. Elə hazırda da həmin yolda qətiyyətlə, inamla və ümidlə addımlamaqdadır.

Bu gün hazırkı inkişaf səviyyəsindən baxdıqda görürük ki, sadalanan hər bir amil ölkəmizdə sosial-iqtisadi inkişafın regional mahiyyətinə geniş şərait yaratmış və bu, 2004-cü ildən keçən son 14 ilin möhtəşəm inkişaf mənzərəsinə çevrilmişdir. Məhz həmin tarixdən ölkənin bütün regionları üzrə dinamik strateji inkişaf proseslərində yeni mərhələ başlandı. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edildi.

Keçən 14 illik inkişaf müddətində ölkəmizdə 30 elektrik stansiyasının tikilməsi, qazlaşdırmanın 93 faizə çatması,. 12 min 300 kilometr yolun çəkilməsi, 443 körpünün tikilməsi bütün tərəfləri ilə yanaşı, həm də iqtisadi və sosial infrastruktur sahələrindəki nailiyyətləri bəyan etməkdədir.

Bütün bunlar iqtisadiyyatın dayanıqlılığını göstərməklə, həm də onun perspektivliliyinə imkanlar açmaqdadır. İqtisadi hadisə və proseslərin düzgün tənzimlənməsi, bu sahədəki məsələlərin səmərəli təşkili və idarə olunması makroiqtisadi göstəricilərin yüksələn dinamikasını formalaşdırmış və istinad edilən dövr ərzində iqtisadiyyatın 3,2 dəfə artmasına nail olunmuşdur. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində yaranan əlverişli mühit qeyri-neft sektorunun makroiqtisadi əhəmiyyətini də yüksəltmişdir. İqtisadiyyatın çoxşaxəliliyi təmin edilmişdir. Məhz bu nailiyyətlərin nəticəsində qeyri-neft iqtisadiyyatının həcmində 2,8 dəfəlik artım qeydə alınmışdır.

Təhlillər göstərir ki, iqtisadi siyasətin səmərəliliyi, ölkəmizdə iqtisadiyyatın sahə strukturunun, xüsusilə də onun aparıcı sahələrinin davamlı inkişafını sürətləndirmiş və pozitiv nəticələrə yol açmışdır. Belə ki, ölkənin böyük Heydər Əliyev ideyalarına sadiq qalaraq nail olduğu sənayeləşmə siyasəti və bununla paralel olaraq təkmilləşdirdiyi aqrar münasibətlər milli iqtisadiyyatın yeni inkişaf mərhələsində etibarlı dayaqlara çevrilmiş və nəticədə sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında isə 1,7 dəfə artım əldə olunmuşdur.

İqtisadiyyatın şaxələndirilməsi prosesləri ixracyönlü məhsulların istehsalının stimullaşdırılmasına zərurət yaratmaqla bərabər, həm də neftdən və idxaldan asılılığın məhdudlaşdırılmasını da prioritetlərə aid etmişdir. Elə buna görə də Azərbaycan Respublikasının qeyri-neft sektorunun inkişafı üçün həyata keçirdiyi tədbirlər təkcə ölkənin və Cənubi Qafqaz regionunun deyil, həm də materik və qitələrin çox mühüm inkişaf və sabitlik mənbəyinə çevirilir. Təbii ki, ölkəmiz üçün məqsəd birdir. İqtisadiyyatın davamlı və uzaq gələcək üçün inkişafı. Buna görə də yerli məhsulların istehsalında stimullaşdırıcı amillərin sürətləndirilməsi, kreativ ideyalar əsasında ixraca üstünlük verilməsi, bunun isə hədəf və prioritetlər baxımından qeyri-neft sektorunu əhatə etməsi ölkəmizin müasir dövrdəki nailiyyətlərinə yeni səhifələr gətirməkdədir. Məhz bütün bunlar ölkə başçısının müdrikliyinin nəticəsi olmaq etibarilə son 14 ildə qeyri-neft ixracının 4,1 dəfə artmasına səbəb olmuşdur.

Artıq ölkəmiz sabitlik adası kimi çox mühüm geosiyasi və geoiqtisadi üstünlüklər qazanmaqdadır. Neft sektorunun ölkə miqyasındakı uğurları, qeyri-neft sektorunun isə ən ucqar kəndlərin sakinləri tərəfindən əməli işlərlə dəstəklənməsi, ölkədə yüksək mənfəətli, davamlı gəlirliliyə malik həyat tərzini formalaşdırmışdır. Bu isə imkan vermişdir ki, Azərbaycan Respublikası beynəlxalq iqtisadi və siyasi münasibətlərin ən etibarlı və sağlam tərəfdaşına çevrilə bilsin. Nəticə isə yenə də təbii ki, milli iqtisadiyyatın davamlı inkişafına xidmət etmiş və onu daha da dayanıqlı vəziyyətə gətirmişdir.

Sosial rifahın üstün tutulduğu ölkəmizdə güclü dayaqlar əsasında olmaqla, son 14 illik zamanda əldə olunan nailiyyətlər özünü maliyyə münasibətlərinin inkişafında da göstərmiş, bu isə ölkəmizə dünyadakı böhran, müharibə, terror bəlaları şəraitində belə möhkəm dayanıqlılıq və müqavimət gətirmişdir. Bunu hazırda ölkəmizin malik olduğu 42 milyard dollarlıq valyuta ehtiyatlarımız da təsdiq etməkdədir. Burada sevindirici məqam ondan ibarətdir ki, dünyanın qeyd olunan neqativ mənzərəsinə baxmayaraq keçən 14 il ərzində ölkəmiz valyuta ehtiyatlarını 23 dəfə artırmağa nail ola bilmişdir. Heç şübhəsiz ki, bütün bunlara nail olmaq ölkə başçısının qətiyyətli, müdrik və təcrübəli idarəetmə bacarığı əsasında mümkün olmuşdur.

Hər bir vətəndaşın sonsuz qüruruna çevrilən bu nailiyyətlər ölkəmizin dünya miqyasındakı mövqeyinin güclənməsinə səbəb olmaqla, onun cəlbediciliyinin də hərəkətverici qüvvəsinə çevrilmişdir. Aksiomadır ki, bu məsələlərin tənzimlənməsində siyasi və iqtisadi sabitliyin, sosial əmin-amanlığın çox mühüm əhəmiyyəti vardır. İnkişaf etmiş ölkələr də göstərilən üstünlüklərin əldə edildiyi dövlətlərlə əməkdaşlıqda hər zaman maraqlı olmuşlar. Qeyd edək ki, müstəqil dövlət olaraq Azərbaycan Respublikasının ilk beynəlxalq əməkdaşlığa qoşulması da öz tarixi əsaslarını 1994-cü ildə “Əsrin müqaviləsi”ndən götürmüş və özünü güvənilir tərəfdaş olaraq təsdiq etmişdir. Hazırda da həmin siyasətə söykənərək ölkəmizdə sağlam investisiya mühitinin yaradılması investorlar üçün inam, etibar və güvən hissinin formalaşmasına təkan vermişdir. On dörd il ərzində ölkəmizin qət etdiyi tarixi inkişaf yolu bu sahədəki proseslərin gedişinə olduqca güclü təkan vermiş və ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayənin qoyulması ilə nəticələnmişdir. Ölkə başçısının təsdiq etdiyi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin icrası istiqamətində müəyyən edilən məqsəd və vəzifələrin səmərəli həllinə yönəldilmiş tədbirlərin tərkib hissəsi kimi böyük əhəmiyyətə malikdir. Həmin tədbirlərin və prioritet olaraq seçilmiş digər işlərin perspektivliyinin təmin edilməsi məqsədilə ötən il 15 milyard dollara yaxın sərmayə qoyulmuşdur ki, cari il üçün ən azı ona bərabər həcmdə sərmayənin yatırılacağı nəzərdə tutulub.

Bu gün Azərbaycan Respublikası səmərəli iqtisadiyyata malik bir dövlət olaraq dünyadakı sülhməramlı proseslərin ən fəal iştirakçısına çevrilmişdir. Yaradılmış əlverişli iqtisadi mühit sosial etimad hissini daha da yüksəltməkdədir. Əhalinin firəvan yaşayışı, gerçəkləşdirilən sosial layihələr, qanunvericiliklə qorunan hər bir təşəbbüs ölkə iqtisadiyyatının müqavimət gücünü daha da artırmaqdadır. Bu isə ölkədə demoqrafik tarazlığın qorunmasında və inkişafyönümlü davamlılığında çox zəruri vasitəyə çevrilmişdir. Hazırda üçüncü mərhələsində olduğumuz regional inkişaf proqramlarının yaratdığı əlverişli mühit nəticəsində bütün sahələrdə olduğu kimi, demoqrafik göstəricilərin pozitivliyindəki nailiyyətlər də davam etməkdədir. Belə ki, son on dörd il ərzində Azərbaycan əhalisinin sayı 1,5 milyon nəfər artmış və bu, dövlətin demoqrafik siyasətinin səmərəliliyini təşkil etməkdədir.

Bütün bunlar ölkənin sosiallaşma məqsədlərindən irəli gəlməklə, davam etdirdiyi islahatlar fonunda qazandığı nailiyyətlərin bir hissəsidir. Həmin uğurlara diqqət edəndə keçdiyimiz 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yerinin açılmasını, işsizliyin 5 faiz, yoxsulluğun isə 5,4 faiz səviyyəsinə düşdüyünü görməkdəyik.

Təbii ki, ölkə başçımızın müdrik rəhbərliyi ilə qarşıda bizi çoxlu uğurlar gözləyir. Cari il üçün nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının uzaq gələcək üçün hədəflədiyi inkişaf zirvələri baxımından həm möhkəm baza, həm də başlanğıc olacaq.

Cavadxan Qasımov,
iqtisad üzrə fəlsəfə doktoru, dosent