31 yanvar 2018 22:55
1599

Təxribatlar eyni mərkəzlərin “mətbəxində” hazırlanır

Artıq 48-ci Davos İqtisadi Forumu başa çatdı. Forum Azərbaycanın iqtisadi uğurlarının təbliği baxımından da yaddaqalan oldu. Dünya enerji bazarında mövqeyi möhkəmlənən, Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatında alternativi olmadığını reallaşdırdığı və hazırda inşa edilən neft- qaz layihələri ilə bağlı vədlərinə sadiqliyi ilə bildirən Azərbaycana maraq bu Forumda daha çox diqqəti cəlb etdi. Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlərdə müasir texnologiyaların tətbiqi, təbii resurslardan səmərəli istifadə, investisiyaların ayrılması ilə bağlı yeniliklərin öyrənilməsi, aktivləri milyardlarla ölçülən tanınmış maliyyə qurumları rəsmilərinin ölkəmizə olan marağı müzakirələrin əsas mövzusu idi. Hər görüş inkişafın Azərbaycan modelinin tətbiqi ilə iqtisadiyyatda qazanılan uğurlara diqqətdən irəli gəlirdi. Bütün görüşlərdə ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyası ilə bağlı həyata keçirilən islahatların əhəmiyyəti və səmərəsi haqqında açıqlama verən dövlət başçımız respublikamızda mövcud olan siyasi sabitliyin, əmin- amanlığın bütün uğurların əsasını təşkil etdiyini diqqətə çatdırdı. İnsan hüquq və azadlıqlarını təmin edən demokratik islahatların beynəlxalq standartalara uyğun olduğunu, söz, mətbuat azadlığının, insan hüquqlarının qorunmasına diqqətin artırıldığını da bildirdi.

Erməni lobbisinin, işğalçı Ermənistanı dəstəkləyən qərəzli dairələrin belə mötəbər görüşlərdə Azərbaycanın uğurlarına kölgə salmaq canfəşanlığı Davos Forumunda da təkrarlandı. “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasda çıxış edən Prezident İlham Əliyev bundan əvvəlki liderlik məharətini, siyasi hazırlığını, qətiyyətini bir daha sübut etdi. Aparıcının respublikamızdakı siyasi fəallığın, insan hüquqlarının “Avropa normasına uyğunluğu” ilə bağlı suallarını demokratik islahatların tətbiqi ilə ölkəmizdə yaradılan sağlam vətəndaş cəmiyyətinin uğurlarından, ümumi inkişafa təsir edən, biri-biri ilə bağlı və paralel aparılan siyasi-iqtisadi islahatların səmərəsindən bəhs etməklə, məntiqli cavabları ilə növbəti dəfə qüdrətli bir dövlətin başçısı olduğunu subut edən Prezident İlham Əliyev liderlik fəlsəfəsinin mahiyyətini də siyasi hazırlığı ilə təsdiqlədi.

Plüralizmin mövcud olduğu, insan azadlığının qorunduğu respublikamızla bağlı dövlət başçımıza verilən “Azərbaycanda bu sahədə vəziyyət necədir? Sizin ölkə mətbuat azadlığı ilə bağlı tənqid olunur” sualı eyni mənbədən qaynaqlanan, antiazərbaycan dairələrin “mətbəxində” hazırlanan qərəzli yanaşma idi. Çünki respublikamız haqqında məlumatı olan bilməli idi ki, Azərbaycanda mövcud olan demokratik azadlıqlar bir çox Avropa qurumlarının bəyanatlarında müsbət dəyərləndirilməklə hətta başqalarına nümunə belə göstərilir. Bunu ölkəmizdə aparılan siyasi kampaniyaların gedişini izləyən beynəlxalq müşahidəçilər, siyasətçilər də təsdiqləyirlər. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin, ən ucqar kəndində yaşayanların belə 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu ölkədə mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq siyasi savadsızlıqdır. Bunu əsaslandıran amilləri nəzərdən keçirək.

Ümummilli lider Heydər Əliyevin imzaladığı 6 avqust 1998-ci il tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın tətbiqi ilə mətbuat üzərində dövlət tənzimlənmsini nəzərdə tutan bütün mexanizmlər, o cümlədən senzura ləğv olundu, ölkədə müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar yarandı. Hər il müstəqil mətbuatın inkişafına kömək məqsədilə KİV-lərə dövlət tərəfindən yardımlar göstərilir. “İnformasiya əldə etmək haqqında” qanun mətbuatla müxtəlif orqanlar arasında əlaqələri gücləndirir. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə siyasi mövqeyindən asılı olmayaraq müəyyən texniki şərtlərə uyğun gələn bütün qəzetlərin fəaliyyəti üçün eyni şərait yaradılır, maliyyə yardımı göstərilir.

Bu baxımdan Azərbaycanın mətbuat azadlığına görə dünyada 162-ci yerdə dayanması barədə iddialar kökündən yanlışdır. Ölkəmizdə KİV-lərə göstərilən dövlət qayğısı, informasiya azadlıqlarının və təhlükəsizliyinin qorunması istiqamətində aparılan siyasət heç bir ölkədə mövcud deyil. Ölkəmizdə qəzet nəşri üçün nəzərdə tutulan prosedurlar sadələşdirilib. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin daim diqqətində olan məsələlərdəndir. Qanunun aliliyinin təmin edildiyi, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşın sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda bütün azadlıqlar beynəlxalq hüquq normaları çərçivəsində qorunur, daim inkişafda olan demokratiya digər ölkələrə nümunə göstərilir.

Sivilizasiyalararası dialoq, multikulturizm mərkəzi, siyasi , iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkan kimi tanınan, tolerant Azərbaycanın təcrübəsinin öyrənilib yayılmasını demokratiyanın inkişafı kimi dəyərləndirən xarici qonaqların ölkəmiz haqqında söylədikləri müsbət rəylər yetərincədir.

Xarici ekspertlərin də vurğuladıqları kimi, Azərbaycanda tolerantlıq ideya yox, gerçəklikdir. Ölkəmiz BMT-nin İnkişaf Proqramının insan inkişafı ilə bağlı hesabatına əsasən “ yüksək insan inkişafı” ölkələri qrupunda yer alır. İnsan amilinin dövlət siyasətinin əsasını təşkil etdiyini bildirən Prezident İlham Əliyevin böyük siyasi iradə , əzm və qətiyyəti sayəsində ölkədə korrupsiyaya qarşı mübarizə ardıcıl, sistemli olaraq aparılır, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə diqqət artırılır. “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” çərçivəsində qanunvericilik və institusional yeniliklər həyata keçirilir, məhkəmə, hüquq sistemində mühüm islahatlar tətbiq olunur.

İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın davamı olan

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın qəbulu iqtisadi potensialın insan kapitalına çevrilməsi tövsiyəsinə uyğun həyata keçirilən islahatların göstəricisidir. Keçirilən referendumlarda Konstitusiyamıza olunan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. Siyasi partiyaların fəaliyyəti, vətəndaşların sərbəst toplaşması qanunvericilik bazası əsasında təmin olunur. “Sərbəst toplaşmaq azadlığı haqqında “, “Siyasi partiyalar haqqında” qəbul olunmuş qanunlara müvafiq olaraq icazəli mitinq və aksiyaların keçirilməsi üçün yerlər ayrılır. Dövlət-vətəndaş münasibətləri məsuliyyətli dövlət və məsuilyyətli vətəndaş prinsiplərinə əsaslanır. 1995-ci ildən imzalanan əvf fərmanları və Amnistiya aktları da dövlətin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət göstərdiyini təsdiqləyir. Siyasi kampaniyalar zamanı QHT-lərin iştirakı təmin olunur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı qərəzəli yanaşmanın siyasi səbəbləri var: “Bunun reallıqla heç bir əlaqəsi yoxdur. Bir daha qeyd edirəm ki, Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur və dövlət hər bir kəndə genişzolaqlı internetin çəkilməsi ilə bağlı böyük proqram həyata keçirmişdir. Bu təsnifat olduqca qərəzli yanaşma üzərində qurulub. Hərdən bu yanaşma bədxah olur. Bunlar Qərbdə müəyyən siyasi mərkəzlərin fəaliyyətinin məhsuludur...Bunun isə sadə səbəbi var - Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bu siyasət milli maraqlarımıza söykənir. Biz ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmuruq. Qeyd etdiyim kimi, bizim üçün daxili risklər mövcud deyil. Bizdə sabit siyasi və iqtisadi vəziyyət var. Üzləşə biləcəyimiz bütün potensial risklər xaricdən qaynaqlana bilər.”

Ötən illərin təcrübəsi də göstərir ki, Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olsa da heç bir dövlətin daxili işinə müdaxilə etməyən dövlətimiz riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyaların tərkib hissəsinə çevrilmir. Demokratiya sahəsində ölkəmizə qarşı “qara piar” aparanlar ərazicə kiçik, amma dünya siyasətində sözü eşidilən, nüfuzu böyük olan Azərbaycanın qüdrətlənməsini, müstəqil daxili və xarici siyasət yeritməsini həzm edə bilmirlər. Buna görə də ölkəmizi gözdən salmaq, nüfuzumuza xələl gətirmək və Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək istəyi eyni mənbədən qaynaqlanmaqla ikili standartlardan yaranan qərəzdir.

“Bu gün biz həm siyasi, həm iqtisadi inkişafdan bəhs edirik. Bunlar ayrılmazdır. Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülürsə, bu, ölkədə azadlıqların təmin olunmasının yaxşı göstəricisidir. Davos Forumu bu yaxınlarda siyasətçilərə inamla bağlı yeni bir hesabat yaymışdır və Azərbaycan orada 20-ci yerdədir. İnkişaf etməkdə olan dövlətlərdə hərtərəfli inkişafa dair digər bir hesabatda Azərbaycan 3-cü yerdədir. Yəni, bəzi QHT-lərin təqdim etməyə çalışdıqları məlumatlar doğru olsaydı, biz bu uğurlara nail ola bilməzdik. Biz məsələnin mahiyyətinə və real vəziyyətə baxmalı, Azərbaycanla bağlı müəyyən gözləntiləri və siyasi motivləri reallıqdan ayrı tutmalıyıq.” Prezident İlham Əliyevin bu sözlərini təsdiqləyən digər amil isə əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin azlığına görə Azərbaycanın 2017-ci ildə MDB və Avropada ən təhlükəsiz və siyasi sabitliyi ilə seçilən ölkələr sırasında olmasıdır.

Xuraman İsmayılqızı, “İki sahil”