31 yanvar 2018 01:35
1627

Avrasiya məkanında mühüm nəqliyyat mərkəzi

Dövlət başçısı İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz sürətli inkişaf dövrü yaşamışdır. Mütəxəssislər hesab edirlər ki, ümumiyyətlə, Azərbaycanın son 14 illik inkişaf yolunu ölkəmizin tarixi boyu müşahidə olunan ən yüksək tərəqqi dövrü kimi qiymətləndirmək olar. İqtisadiyyyatımızın, eləcə də əhalinin həyat səviyyəsinin yüksəlişi baxımından son on beş illik dövr bütün parametrlərinə görə özündən əvvəlki dövrlərdən müqayisəyəgəlməz dərəcədə fərqlənir.

Bu fikirlərin təsdiqi yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda səsləndirilən fikirlərdə də tapmışdır.

Hesabat xarakterli konfransda təqdim edilən statistik göstəricilər Azərbaycanın son 14 ildə - üç mərhələli Dövlət proqramlarının həyata keçirildiyi dövrdə qət etdiyi inkişaf yolunun rəqəmlərdə təzahürü kimi qəbul edilir. Prezident İlham Əliyev konfransdakı nitqində həmin dövrü belə xarakterizə etmişdir: “Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artdı, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir”.

Dövlətimizin başçısı sözügedən tədbirdəki nitqində Azərbaycanda nəqliyyat infrastrukturunun son 14 ildəki inkişafından da bəhs etmiş, nəqliyyat sektorunun təkmilləşdirilməsi istiqamətində görülən işlərin uğurlu nəticələrindən söhbət açmışdır. Konfransda səsləndirilən fikirlərdən məlum olur ki, respublikamızın yol infrastrukturunda görülən işlər, yeni və müasir standartlara cavab verən beynəlxalq və yerli əhəmiyyətli yolların çəkilməsi öz növbəsində ölkənin iqtisadi inkişafına təkan verən əsas amillərdən biridir. Xüsusilə kənd yollarının yenilənməsi və abadlaşdırılması kənd təsərrüfatının inkişafına şərait yaradan başlıca amillərdəndir. Prezident nitqində məhz bu cəhəti xüsusi vurğulamışdır: “Avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir. Rahat, hamar yollar insanlara rahatlıq gətirir. Eyni zamanda, yol olmadan bölgələr inkişaf edə bilməz, nə turizm, nə də sənaye istehsalı inkişaf edə bilər, kənd təsərrüfatının inkişafı üçün də problemlər yaranar. Hazırda kənd yollarının tikintisi geniş vüsət alıb. Biz görürük ki, harada yeni yol çəkilir, o bölgədə canlanma daha da sürətlə gedir, kənd təsərrüfatı istehsalı artır. Nəyə görə? Çünki bazarlara rahat çıxış olur. Beləliklə, yol infrastrukturu, sadəcə olaraq, sosial layihə deyil”.

Qeyd edək ki, ölkədə yol infrastrukturunun inkişaf səviyyəsi bu sahədə olan statistik rəqəmlərdə də aydın görünür. Belə ki, yalnız son 14 il ərzində respublika ərazisində 12 min 300 kilometr yol çəkilmişdir. Yeni tikilən körpülərin sayı isə 443 ədəd olmuşdur. Lakin bütün bunlar görülən işlərin heç də hamısı deyil. Artıq planlaşdırılan və layihələndirilən işləri də nəzərə alsaq 2018-ci ildə yeni tikilən yolların ümumi uzunluğu təqribən 15 min kilometrə çatacaqdır.

Nəqliyyat sahəsindəki inkişaf özünü bütün istiqamətlərdə göstərir. Yalnız avtomobil yollarının çəkilişi deyil, həm hava və su nəqliyyatı, həm də dəmir yolları sahəsində böyük əhəmiyyətli layihələr həyata keçirilmişdir. Göstərilən dövr ərzində ölkəmizdə 7 aeroport tikilib istifadəyə verilib ki, onların 6-sı beynəlxalq statuslu hava limanlarıdır. Xatırladaq ki, birinci Dövlət Proqramının qəbul edildiyi dövrədək Azərbaycanda yalnız bir beynəlxalq aeroport- Bakı Hava Limanı mövcud olmuşdur. Hazırda isə Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ və Zaqatala da daxil olmaqla respublikanın bölgələrində də beynəlxalq hava limanları yüksək səviyyədə tikilib istifadəyə verilib. Bu isə öz növbəsində iqtisadiyyatın digər sahələrinə müsbət təsirini göstərir. Xüsusilə beynəlxalq sərnişin və yükdaşımalarda, turizmin inkişafında bu hava limanlarının böyük təsiri danılmazdır.

Azərbaycanda nəqliyyat infrastrukturunun tərəqqisindən danışarkən dəmir yollarının son illərdəki inkişafını vurğulamamaq mümkün deyil. Ekspertlər tərəfindən “Əsrin layihəsi” adlandırılan, 2017-ci ilin oktaybr ayında açılışı keçirilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsini xatırlatmaq kifayətdir ki, dəmir yollarının inkişaf səviyyəsi haqqında təsəvvür formalaşsın. Prezident sözügedən konfransda bir daha BTQ-nin tarixi əhəmiyyətinə toxunmuşdur: “Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətdir. Bu dəmir yolu, - bu barədə çox danışılıb, ictimaiyyət də əhəmiyyətini bilir, - həqiqətən bölgədə, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində bəlkə də son illərdə ən önəmli layihədir. Bunun bizim üçün də çox böyük əhəmiyyəti var. Artıq bir-iki aydır ki, Asiyadan, Avropadan müxtəlif istiqamətlərə gedən yüklər gəlib Azərbaycan ərazisindən keçir”.

Dəniz nəqliyyatı sahəsində yaradılan infrastruktur, yeni ticarət limanı ölkə nəqliyyatının təkmilləşdirilməsində mühüm sektordur. Ötən dövrdə görülən işlərdən əlavə cari ilin əvvəlində birinci mərhələsi başa çatdırılan Ələt Dəniz Ticarət Limanı su nəqliyyatı sahəsində inkişaf sürətini daha da artıracaqdır. Bununla həm də Azərbaycan ölkədaxili və beynəlxalq yükdaşımaları sferasında kompleks infrastruktur layihələrini tamamlamış olur. Ələt Dəniz Ticarət Limanı 15 milyon ton yükü aşıra biləcək gücə malik, Xəzər dənizi hövzəsində ən böyük ticarət limanı hesab olunur.

Beləliklə, Azərbaycan “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin birləşdirici həlqəsi kimi Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib. Ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan nəqliyyat layihələri beynəlxalq yükdaşımalarda Azərbaycanın aparıcı rolunu gündən-günə artırır.

Taleh Turqut, “İki sahil”