30 yanvar 2018 23:24
1963

Xalq-Prezident birliyi - ölkəmizin inkişafını təmin edən əsas amil

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda keçirilən Dünya iqtisadi Forumunda (DİF) iştirakı və burada səsləndirdiyi fikirlər ölkəmizin dünya miqyasındakı nüfuzu və mövqeyinin meyarı kimi qəbul edilir. Dövlətimizin başçısı geniş və əhatəli çıxışlarında Azərbaycanın inkişaf strategiyasının konturlarını və bu inkişafın dayaq nöqtələrini dəqiq ifadə etmişdir.

Azərbaycan Prezidentinin fikirləri siyasi müşahidəçilər tərəfindən bir tərəfdən ölkənin ümumi tərəqqisinə verilən qiymət, digər tərəfdən bu inkişafın zəruri şərti kimi qiymətləndirilir. Dövlət başçısı Azərbaycan hakimiyyətinin uğur meyarı kimi xalqla iqtidar birliyini, vətəndaşların hakimiyyətə göstərdiyi tam etimad və inam amilini xüsusi vurğulayır. Bu, həm də o deməkdir ki, Azərbaycan sosial dövlətdir, Azərbaycan hökumətinin siyasəti xalqın rifah halının yüksəlməsinə şərait yaradır. Prezident İlham Əliyev Davos Forumu çərçivəsində təşkil edilən “Strateji perspektivlər: Avrasiya” panelində iştirakçıların suallarını cavablandırarkən bu amili ayrıca şərh etmişdir: “Bir neçə il bundan öncə bizim əsas hədəflərimizdən biri yoxsulluq və işsizliyin azaldılması idi. Buna uğurla nail olundu. Yoxsulluq 5,4 faiz, işsizlik isə 5 faiz səviyyəsindədir. Son 15 il ərzində əhalimiz 1,5 milyon nəfər artmışdır və iş yerlərinin yaradılması bizim üçün daimi prosesdir. Ötən il biz 177 min daimi iş yeri yaratmışıq və bu, bizim siyasətimizi nümayiş etdirir”.

Dövlət başçısı vurğulayıb ki, hələ də Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşil edən neft-qaz sahəsi kifayət qədər iş yeri yaratmır və işsizliyin aşağı səviyyədə olması üçün təhsil, idarəçilik, kənd təsərrüfatı, turizm və xidmətlər sahəsinə diqqət yetirilməlidir: “ Əhalimiz islahatlara hazırdır və islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır. İslahatlar ağır olmamışdır. Çünki radikal islahatlar həyata keçirilərkən ilkin mərhələdə əhali bundan əziyyət çəkir. Biz dövlət yardımına ehtiyacı olanlara geniş sosial dəstək təklif etdik. Ona görə də bu proses olduqca əngəlsiz keçdi. Qarşıdan gələn illərdə biz iki il bundan öncə başladığımız dərin və geniş islahatlar siyasətini davam etdirməliyik”.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının əsasında neft-qaz amilinin rolunu vurğulamaqla yanaşı, çoxşaxəli iqtisadi inkişaf strategiyasının dövlət siyasətinin prioritet məsələsi olduğunu bir daha diqqətə çatdırıb. Azərbaycan rəhbəri bildirib ki, neft-qaz sənayesi milli iqtisadiyyatın mərkəzində dayansa da biz artıq qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırırıq və bu siyasət öz müsbət nəticələrini göstərməkdədir: “İqtisadiyyatın şaxələndirilməsi bizim əsas məqsədimizdir. Düşünürəm ki, biz bu istiqamətdə yaxşı uğurlar əldə etmişik. Neftin qiyməti kəskin aşağı düşən zaman mən Azərbaycanda bildirdim ki, bizim üçün postneft dövrü başladı və biz neft və qazı unutmalıyıq...  Biz ciddi islahatlar həyata keçirməyə başladıq və onlar artıq yaxşı nəticə verir”.

Qeyd edək ki, dövlətimizin başçısının mülahizələri konkret nəticələrə və statistik göstəricilərə əsaslanır. Belə ki, əvvəlki illərdə aparılan islahatlar nəticəsində təkcə 2017-ci ildə qeyri-neft sektoru 3 faiz, qeyri-neft sənayesi isə 4 faiz artmışdır. Bu uğurlar deməyə əsas verir ki, son bir neçə ildə bütün dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı şəraitində, dünya bazarlarından karbohidrogen ehtiyatlarının ücuzlaşmasına baxmayaraq Azərbaycan ciddi iqtisadi uğurlar qazanmağa müvəffəq olub. Digər tərəfdən, bu, həm də o deməkdir ki, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir və konkret nəticələrdə təzahür edir. 

Prezidentin sözügedən paneldəki fikirlərində Azərbaycanın enerji potensialı, xüsusilə Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rol uzaqgörənliklə ifadə edilmişdir. Ölkə rəhbəri enerji sahəsində bugünədək qazanılan uğurlara gətirən yollardan və bundan sonrakı dövrdə həyata keçiriləcək enerji siyasətinin mahiyyətindən qısa, lakin məzmunlu bəhs edib: “Enerji layihələrinə gəldikdə, onlar bizim üçün və region üçün əhəmiyyətlidir. Təşəbbüskarı olduğumuz layihələr regionun enerji xəritəsini dəyişmişdir. Gürcüstanın Supsa limanına qədər inşa etdiyimiz ilk kəmər Xəzər dənizini Qara dənizlə birləşdirdi. Daha sonra inşa etdiyimiz Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. Bundan sonra həmin marşrut boyu biz qaz kəmərini də inşa etdik. Beləliklə, biz karbohidrogen ehtiyatlarımız üçün şaxələnmiş ixrac marşrutlarına malikik və geniş mənada tərəfdaşlarımızın, o cümlədən Avropada olan tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edirik”.

Azərbaycan Prezidenti yuxarıda qeyd edilən fikirlərində ölkəmizin enerji siyasətinin keçdiyi inkişaf yolunun məcazi xəritəsini göstərmişdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Forumdakı fikirləri iştirakçılar tərəfindən böyük marağa səbəb olmuş, Azərbaycan həqiqətlərinin dünyada yayılmasında ciddi təsir göstərmişdir.

Taleh Turqut, “İki sahil”