22 yanvar 2018 23:42
2831

Erməni millətçilərinin qanlı ünvanları

Yenicə qədəm qoyduğumuz 2018-ci il tarixi hadisələrlə zəngin olacaq. Bu il Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan olunmuşdur. Dövlət başçımızın 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamı da bu ilin payına düşür. Cari ilimiz həm də Silahlı Qüvvələrin yaradılmasının 100 illik tarixinin qeyd olunacağı ildir. Göründüyü kimi, biri-birindən əhəmiyyətli və sovetlərin dövründə saxta faktlar əsasında yazılan Azərbaycan tarixini əks etdirən əsl həqiqətlərin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edən bu sərəncamların imzalanmasında əsas məqsəd erməni şovinizmini, vəhşiliyini sübut edən amilləri bütün dünya ictimaiyyətinə çatdırmaq, Dağlıq Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu təsdiqləyən araşdırmaların coğrafiyasını genişləndirməkdir.

20 Yanvar faciəsinin anıldığı ərəfədə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalamasının rəmzi mənası vardır. Çünki hər iki hadisədə qırğına, ədalətsizliyə məruz qalan azərbaycanlılar, qatil simasını xalqımıza qarşı apardığı soyqırımlarla təsdiləyən erməni daşnaklarıdır. Sərəncamda erməni -bolşevik silahlı dəstələrinin bir əsr bundan əvvəl soydaşlarımıza qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tədbirlər planını hazırlamaq tövsiyə olunur.

Tarixin müxtəlif mərhələlərində “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə Azərbaycan xalqına qarşı aparılan etnik təmizləmə siyasətinin ən dəhşətli qırğını 1918-ci ilin mart-aprel aylarında törədilib. Azğınlaşan ermənilər həmin günlərdə Bakıda, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda on minlərlə dinc sakini dini mənsubiyyətinə görə qətlə yetirmiş, yaşayış məntəqələri dağıdılmış, Naxçıvan, Qarabağ, Zəngəzur, Şirvan, İrəvan və digər bölgələrdə talanlar törədilmiş, yüz minlərlə azərbaycanlı etnik təmizləmə siyasətinin qurbanı olmuşdur.

26 mart 1996-cı ildə “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamaqla Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdıran ümummilli lider Heydər Əliyev daşnakların törətdikləri soyqırımlarına siyasi qiymət verməklə daha bir tarixi missiyasını yerinə yetirdi. Bu tarixi missiyanın davamı olan adı çəkilən Sərəncam erməni millətçilərinin keçirdikləri qanlı aksiyaları təsdiqləyən növbəti faktların araşdırılması üçün əlavə imkanlar yaradır. 31 mart tarixinin “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunması, Quba məzarlığı, soydaşlarımızın kütləvi dəfn olunduğu başqa qəbristanlıqların aşkarlanması üçün araşdırmaların aparılması da tövsiyə olunur. Məhz o illərdə keçmişdə Çəmbərəkənd kimi tanınan, bu gün and yerimiz olan, şəhidlərimizin uyuduğu yerdə 1918- ci il mart hadisələrinin qurbanları olan minlərlə soydaşımız torpağa tapşırılıb. 20 Yanvar şəhidlərinin məzarlarını qazanlar söyləyirdilər ki, qazıntı zamanı rast gəlinən insan sümükləri də o dövrdə törədilən erməni vəhşiliyinin qurbanlarının çoxluğunu sübut edirdi. 

...1905-1907-ci illərdə Rusiyada baş verən inqilabi proseslərdən özlərinə məxsus məkr və hiyləgərliklə istifadə edən ermənilər “ideoloqları” Şaumyanın, qulağı kəsik Andranikin, Hamazaspın, Lalayanın və bu kimi qaniçən daşnakların rəhbərliyi ilə Azərbaycanın bütün yaşayış məskənlərində kütləvi qırğınlar, talanlar törətdilər. Eyni qırğınlar 1918-1920- ci illərdə daha geniş miqyasda təkrarlandı. 1918-ci ilin martında Bakıda azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başlanıldı. Şaumyanın başçılıq etdiyi silahlı dəstələr 1918-ci ilin 30-31 mart hadisələrində təkcə Bakıda minlərlə soydaşımızı amasızcasına, xüsusi qəddarlıqla qətlə yetirdi. Soydaşlarımızı diri-diri oda atan, divara mıxlayan Tatevos Əmiryan, Styopa Lalayan, Andranik Ozanyan minlərlə azərbaycanlını qılıncdan keçirmiş, qadınlara, uşaqlara, qocalara belə aman verilməmişdi.

Tarixən azərbacanlılara məxsus İrəvandan köçürülən, respublikamızın aran zonalarına yerləşdirilən, vətən həsrətinə və iqlim dəyişikliyinə dözməyərək həlak olan soydaşlarımızın sayı on minlərlə hesablanır. Daşnak ideologiyasından, monoetnik dövlət yaratmaq siyasətindən qaynaqlanan deportasiyalar da, ermənilərin azərbaycanlılara qarşı törətdikləri ayrı- seçkilik, mənəvi soyqırımı idi.

Erməni vəhşiliyini təsdiq edən, daşnakların genetik xüsusiyyətləri olan vəhşilik barədə xeyli açıqlamalar tarixən bəllidir. Çar Rusiyasının İrandakı səfiri A. Qriboyedov, tədqiqatçı yazarlardan E. Feygl, V.L.Veliçko, Samuel A. Weems başqa xalqlara qarşı nifrətin bu millətin genlərində əsrlərdən bəri yaşadığını faktlarla göstərirlər. Qriboyedov bunu rəsmi məktubunda da qeyd edirdi: “Ermənilərin rus torpaqlarının mərkəzində yerləşmələrinə icazə verməyin. Onlar elə bir millətdirlər ki, bir neçə il yaşadıqdan sonra bütün dünyaya bildirəcəklər ki, bu torpaqlar bizim tarixi ata yurdumuzdur.”

Ermənilər təkcə azərbaycanlılara qarşı deyil, başqa millətlərə də amansız rəftar etmişlər. Veliçkonun yazdığına görə ermənilər ilk terror aktını 1860-1870-ci illərdə Tərtərdə azlıqda yaşayan rus əsilli vətəndaşlara qarşı həyata keçirmişlər. Məqsədləri isə onları yerləşdikləri ərazilərdən uzaqlaşdırıb evlərinə sahib olmaq idi. 1905-1918-ci illərdə daşnakların Azərbaycanda keçirdiyi soyqırımlarına məruz qalan, 1819-cu ildən ölkəmizdə məskunlaşan almanların mülklərini, silahlarını talan edən ermənilər bir daha etnik siyasətlərini gerçəkləşdirdilər. 1988-ci ildə Dağlıq Qarabağda başlanan və daşnak siyasətinə, ideyalarına xidmət edən hadisələr, Qərbi Azərbaycanda- Vardenisdə, Qukarkda, Qacaranda, Qafanda, Gorusda, Alaverdidə törədilmiş qanlı aksiyalar 250 mindən artıq soydaşımızın doğma yurdunu tərk etməsi ilə nəticələndi.

Millətlərin “ümumi evi” sayılan BMT-nin sənədlərində qeyd olunur ki, irqindən, rəngindən, cinsindən, dil və dinindən asılı olmayaraq bütün xalqlar bununla bağlı bəyannamədə qeyd olunan insan haqlarının qorunması ilə bağlı bütün hüquqlara malikdirlər. Ancaq bu təşkilat 1948- 1953-cü illərdə ermənilərin etnik təmizləmə siyasətinə məruz qalan soydaşlarımızın ata-baba yurdlarından deportasiyasına heç bir münasibət göstərmədi. Eyni susqunluq 1988-ci ildən başlayaraq soydaşlarımızın qədim yurd yeri olan Qərbi Azərbaycandan çıxarılması zamanıda davam etdi. Ağrı-acıları bu gün də yaşanan Xocalı soyqırımına da dünya ictimaiyyəti etinasız qaldı. Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistana təzyiq göstərmək hələ də yada düşmür. Halbuki Dağlıq Qarabağ müharibəsi zamanı soydaşlarımızdan 4035 nəfər əsir alınmış, girov götürülmüşdür. Bunlardan 3265- i hərbçi, 771-i sıravi vətəndaşdır. Sivil vətəndaşlardan 46-sı həddi buluğa çatmayanlar, 255-i qadın, 353 nəfəri yaşlılardır. Əsir alınanlardan 1402-si aparılan danışıqlar nəticəsində azad olunsa da 553-dən artıq azərbaycanlının taleyi hələ də məlum deyil. 300-dən artıq həmyerlimizin Ermənistanda ən dəhşətli işgəncələrə məruz qaldığı barədə də faktlar mövcuddur. Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi nəticəsində 150 min şəxsi mülk, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 səhiyyə ocağı, 927 kitabxana, 53 məscid, 464 tarixi abidə, 40 min tarixi sənət əsəri, suvarma sistemləri, yollar, infrastruktur dağıdılmış, dövlətə və mülki əhaliyə milyard manatlarla ziyan vurulmuşdur.

Əsrlərdən bəri davam edən soyqırımlar 20 Yanvar 1990-cı ildə bir daha təkrarlandı. Azərbaycanın demokratiya və milli müstəqillik uğrunda mübarizəsini silah gücü ilə yatırmaq istəyən imperiya tarixi vərdişlərini təkrarlayaraq bir daha erməni xəyanətindən yararlandı. Azərbaycana qarşı siyasi təcavüz olan 20 Yanvar hadisələrində hərbi hissələrin tərkibində Bakıya gələn, istefada olan erməni zabitləri yenə də qətliamlar törətdilər.

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ, ona yaxın ərazidə yerləşən 7 rayon Ermənistan və havadarlarının yardımı ilə işğal edildi. Bir milyondan artıq həmyerlimiz evlərindən didərgin, qaçqın düşdü. 1992-ci ildə erməni faşizminin azərbaycanlılara qarşı növbəti qətliamı olan Xocalıda görünməmiş dəhşətlər yaşandı. Bir gecədə dağıdılan Xocalıda 613 dinc əhali xüsusi amansızlıqla qətlə yetirildi. 487 nəfər əlil oldu. 1275 nəfər əsir, girov götürüldü.

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən öldürülən azərbaycanlıların sayı 20 mindən çoxdur. Ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı yönəlmiş soyqırımına ilk siyasi qiyməti 26 mart 1998-ci ildə (1918-ci il mart hadisələrinin 80-ci ildönümü ərəfəsində) imzaladığı Fərmanla verən ümummilli lider Heydər Əliyev daha bir tarixi missiyanı yerinə yetirdi. Prezident İlham Əliyevin soyqırımla bağlı imzaladığı Sərəncam bu missiyanın davamıdır.

Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdıran, dünyada bu kimi hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli bu sənədin mahiyyət və əhəmiyyəti böyükdür. Xocalı soyqırımını ötən əsrin faciəsi adlandıran dövlətlərin sayının artması, Azərbaycanın haqq işinin müdafiəsi o deməkdir ki, münaqişənin həlli üçün sülh siyasətinə üstünlük verən Azərbaycan xalqının, Prezident İlham Əliyevin mövqeyi dünya ictimaiyyəti tərəfindən dəstəklənir.

Xuraman İsmayılqızı, “İki sahil”