15 yanvar 2018 14:51
1777

Bakı - beynəlxalq tədbirlərin dəyişməz ünvanı

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yola saldığımız ildə qazanılan nailiyyətlərdən, müxtəlif sahələrdə baş verən yeniliklərdən bəhs edən Prezident İlham Əliyev perspektivlərdən də söz açaraq bildirmişdir ki, bütün uğurların əsasında sabitlik dayanır.

Azərbaycanın dünyada sivilizasiyalararası məkan kimi tanınmasının, mühüm tədbirlərə ev sahibliyi etməsinin, turistlərin daha çox üz tutduğu ölkə olmasının da başlıca səbəbi respublikamızdakı sabitlik, əmin-amanlıqdır. Siyasi və iqtisadi müstəqilliyimizin məntiqi nəticəsi isə sabitlik şəraitində Azərbaycanın davamlı inkişafı, ölkəyə yatırılan daxili və xarici investisyaların artması, ixrac imkanlarının genişlənməsi, xalq-iqtidar birliyidir. 

“2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Bir sözlə, dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Belə bir mənzərə ilə üzləşərək əlbəttə ki, dünya ictimaiyyəti narahatlıq hissi keçirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir” söyləyən dövlət başçımızın vurğuladığı kimi, dünyada mövcud olan mürəkkəb geosiyasi şəraitdə respublikamızda əldə edilmiş nailiyyətlər iqtisadi müstəqilliyin və siyasi sabitliyin vəhdətində yaranmış davamlı inkişafdır.

İclasda cənab İlham Əliyev Cənubi Qafqazın aparıcı, inkişaf etmiş dövləti olan respublikamızdakı sabitliyi şərtləndirən amillərdən söz açaraq bildirmişdir ki, birlik, həmrəylik olmayan heç bir ölkə inkişaf edə bilməz: “Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.”

Ötən il qazanılan uğurlar belə əminlik yaradır ki, xalq-iqtidar birliyi nəticəsində 2018-ci ildə Azərbaycanda müsbət meyillər daha da güclənəcək, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir.

BTC, BTƏ neft-qaz kəmərlərinin istismarı ilə əməkdaşlıq coğrafiyasını genişləndirən Azərbaycan “Cənub Qaz Dəhlizi”, TANAP, TAP kimi mühüm əhəmiyyətli layihələri reallaşdırmaqla ənənələrinə sadiqlik göstərir. Bu yaxınlarda istifadəyə verilən və açılışı təşəbbüskar ölkə olan Azərbaycanda keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizi önəmli nəqliyyat mərkəzi kimi tanıdır. Əlverişli geosiyasi məkanda yerləşən, geniş imkanlara malik, Avropanı Asiya ilə birləşdirən respublikamızla əməkdaşlıqdan məmnunluq bütün səviyyələrdə etiraf olunur.

Azərbaycanın dünya miqyasında multikulturalizm mərkəzinə çevrilməsinin nəticəsidir ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin,  humanitar, mədəniyyətlərarası dialoq forumlarının sayı artır. “Biz nəinki ölkə daxilində bu məsələləri lazımi səviyyədə tənzimləyirik, eyni zamanda, bir çox ölkələr üçün yol göstəririk. Biz istəyirik ki, bu nümunədən istifadə etsinlər. Əgər etsələr yenə də gərginlik azalar. Çünki bir çox hallarda müharibələr dini və məzhəb zəminində aparılır. İndi yan-yörə, hər tərəf alovlanır, yanır. Azərbaycanda sabitlik hökm sürür, inkişaf dinamikası güclənir. Bizim ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər. Onlar hamısı bizim qardaşlarımızdır, dəyərli vətəndaşlarımızdır. Bu da bir nümunədir. Bu, böyük bir sərvətdir” söyləyən cənab İlham Əliyev dəfələrlə bildirib ki, heç kimin işinə qarışmırıq və qoymuruq ki, kimsə bizim işimizə qarışsın. Ancaq xoş niyyət göstəririk və bizi maraqlandıran məsələ ilə bağlı prinsipial mövqeyimizi cəsarətlə ifadə edirik. Güzəştsiz siyasətə sadiq qalan Azərbaycan prinsipial məsələlərdə milli maraqların, dövlətçilik mənafeyinin qorunmasına çalışır.

Ölkəmizdə İlk Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli” kimi qeyd olunması Azərbaycanda daim qorunan siyasi sabitliyin məntiqi nəticəsidir. Bu siyasətə dəstəyini 2016-cı ildə keçirilən referendumda bildirən Azərbaycan xalqı birlik və həmrəyliyin əsas mahiyyətini yekdilliyi ilə bildirdi.

Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə  35-ci yerdə qərarlaşması beynəlxalq iqtisadi birlik tərəfindən Azərbaycanın iqtisadi inkişafına verilən ən böyük qiymətdir.

Qeyri-neft sektorunda 2,5, kənd təsərrüfatı isə 4,1 faiz artım da ölkədəki sabitliyin nəticəsidir.  Yaranan şəraitin nəticəsidir ki, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq hazırda təxminən 42 milyard dollar təşkil edir. Yerli və xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. “Bu, eyni zamanda, qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi  ixrac potensialımızın 19, qeyri-neft ixracının isə 24 faiz artması aparılan islahatların nəticəsidir.

Ərazi münaqişələrinin doğurduğu problemlərin müzakirəsi üçün də respublikamızın məkan kimi seçilməsi Azərbaycandakı sabitliyin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsidir.

“Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor”, eləcə də “Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” adlı konfranslarına ev sahibliyi etməklə sabit, tolerant ölkə olduğunu sübut edən Azərbaycan  bəşəri, milli mənəvi dəyərlərə də ehtiram və hörmətlə yanaşır. Separatizm və ekstremizmə qarşı mübarizəsi, mədəni müxtəlifliyin qorunması, etnik və multikultural ənənələrə bağlılığı ilə də sübut edir.

Ötən ilin fevralında dünyanın diqqətlə izlədiyi və beynəlxalq aləmdə müzakirə mövzusuna çevrildiyi ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin brinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun  görüşünün Bakıda keçirilməsi ölkəmizdəki sabitliyin nümunəsidir. Sentyabrda isə Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə görüşüb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, general Kertis Skaparrotinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov ilə görüşü də Bakıda gerçəkləşəcək. Bu deyilənlər ölkəmizdəki sabitliyin beynəlxalq səviyyədə etirafının ifadəsidir.

Xuraman İsmayılqızı, “İki sahil”